Azərbaycanın hərbi-siyasi qələbəsi: 27 sentyabrdan başlanan Zəfər yolu - ANALİZ

Azərbaycanın hərbi-siyasi qələbəsi: 27 sentyabrdan başlanan Zəfər yolu - ANALİZ 27 sentyabr Azərbaycan üçün xüsusi tarixdir. Əslində bu tarixin əhəmiyyəti təkcə ölkə sərhədləri ilə məhdudlaşmır, həm də regional əhəmiyyətlidir. Çünki dörd il əvvəl Azərbaycanın Ermənistanın davam edən həyasızlığına və ATƏT-in Minsk Qrupunun həmsədrləri
Analitika
27 Sentyabr , 2024 12:03
Azərbaycanın hərbi-siyasi qələbəsi: 27 sentyabrdan başlanan Zəfər yolu - ANALİZ

27 sentyabr Azərbaycan üçün xüsusi tarixi gündür. Əslində bu tarixin əhəmiyyəti təkcə ölkə sərhədləri ilə məhdudlaşmır, həm də regional əhəmiyyətlidir. Çünki dörd il əvvəl Azərbaycanın Ermənistanın davam edən həyasızlığına, ATƏT-in Minsk qrupunun həmsədrlərinin susqunluğuna, hərəkətsizliyinə cavab olaraq təkbaşına öz işini görməyə qərar verdi: torpaqların azadlığı üçün müharibəyə başladı.

Qeyd etmək yerinə düşər ki, həmin ərəfədə Ermənistan hərbi və siyasi təxribatlarını intensivləşdirmişdi. Rəsmi Bakı davam edən bu sabotajlara sonadək dözümlü yanaşa bilməzdi. Beləliklə, İkinci Qarabağ müharibəsi əslində həm də Ermənistanın və onun havadarlarının provokasiyalarına cavab idi.

Prezident, Ali Baş Komandan İlham Əliyev ilk gündən etibarən 44 günlük döyüşlərə şəxsən rəhbərlik etdi. Dövlət başçısının 44 gün ərzində sosial şəbəkə hesablarındakı paylaşımları, xalqa müraciətləri, həmçinin yerli və xarici KİV-ə müsahibəsində səsləndirdiyi fikirlər ictimai rəyin qorunmasına kömək etməklə yanaşı, eyni zamanda Azərbaycana qarşı ittihamların qarşısını aldı. Rəsmi Bakını saxta iddialarla suçlamaq istəyənlərin arzuları ürəklərində qaldı.

İkinci Qarabağ müharibəsi əslində bir çox sahədə yeni tendensiyalarla yadda qaldı. 44 günlük müharibə media konteksindən tədqiq edildi, “dron jurnalistikası” termini meydana gəldi, Vətən savaşı, aparılan əməliyyatlar özünün unikallığı ilə dünya hərb tarixinə düşdü. Ən vacibi isə odur ki, İkinci Qarabağ müharibəsi nəticəsində regionda, dünyada yeni reallıqlar yarandı. 30 illik sterotiplər dağıdıldı. Elə buna görə də deyirik ki, İkinci Qarabağ müharibəsi regional və qlobal əhəmiyyətli hadisə idi.

Məhz 27 sentyabrdan sonra davam edən 44 gün ərzində bir çox beynəlxalq gücün regionla bağlı planları alt-üst edildi. Belə ki, Minsk qrupunun həmsədrləri 30 il ərzində bölgədə ədalətli sülhü çoxdan təmin edərdilər. Heç müharibəyə ehtiyac da olmazdı. Amma bunu istəmədilər. Səbəb isə sadədir: Çünki həmsədrlərə, xüsusilə onlardan ikisinə - ABŞ və Fransaya bölgədə sabitlik sərf etmirdi. Başa düşürdülər ki, Qarabağ düyününün açılması kənar güclərin regiona müdaxiləsinin qarşısının alınması deməkdir. Bu, bəzi dövlətləri sərf etmirdi. Ona görə də sadəcə bölgəyə turistik səfərlər edirdilər.

Rəsmi Bakı 30 il ərzində səbr etməklə, beynəlxalq ictimaiyyətə şans verməklə yanaşı, həm də özünün hərbi potensialını gücləndirdi. Azərbaycan müxtəlif dövlətlərlə diplomatik münasibətləri qaydasına salmaqla əlverişli geosiyasi şəraitin yaranmasını tələb etdi.

44 günlük savaş ərzində Azərbaycan Ermənistanın havadarlarına mesaj verməklə yanaşı, həm də Minsk qrupunun işini gördü. İkinci Qarabağ müharibəsi təkcə tarixi ədalətin deyil, həm də beynəlxalq hüququn təmin olunması idi. Vətən savaşı nəticəsində həm də beynəlxalq təşkilatların ikili standartları, qərəzli və riyakar mövqeləri ifşa edildi. Yeni tarix yazıldı.

İkinci Qarabağ müharibəsindən sonra bölgədə baş verən proseslər yeni tarixin davamı idi. Belə ki, noyabrın 9-da Rusiyanın vasitəçiliyi ilə üçtərəfli bəyanat imzalandı. Beləliklə, Ermənistanın məğlubiyyəti rəsmən elan edildi. Ardınca Azərbaycan qalib tərəf olmasına baxmayaraq tarixdə az görünən humanistlik etdi: Ermənistana sülh əli uzatdı.

2023-cü ilin sentyabrında həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində Qarabağdakı separatçı rejimin varlığına son qoyuldu. İrəvanla Bakı arasında birbaşa təmaslar başlandı. Müşahidələr, təhlillər onu deməyə əsas verir ki, birbaşa təmaslar daha effektivdir, nəinki vasitəçilərin səyi. Çünki vasitəçilik iddiasında olan güclərin hər biri yalnız öz maraqlarını düşünürlər.

Nəticə etibarı ilə 27 sentyabrdan başlanan yol Azərbaycanın hərbi-siyasi qələbəsidir. Bu qələbə nəticəsində bölgədə yeni reallıqlar yaranıb. Yeni reallıqlar isə Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasını, həmçinin sülh sazişinin imzalanmasını zərurətə çevirir. Bunun üçün rəsmi Bakının əsas tələbi Ermənistanın konstitusiyasını dəyişməsi, Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsidir. Ermənistan baş naziri Nikol Paşinyan sentyabrın 26-da ABŞ-da BMT Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı buna hazır olduğunu deyib. Onun nə qədər səmimi olduğunu isə zaman göstərəcək.

Hər halda Azərbaycan sülh istəyir. Ancaq sülh bu gün daha çox Ermənistana lazımdır. Əgər rəsmi İrəvan Bakının uzatdığı sülh əlini tutmaq əvəzinə, hərbi-siyasi təxribatlarını davam etdirərsə, Azərbaycan yenə dəmir yumruğu havaya qaldıra bilər. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanla təhdid dilində heç kim danışa bilməz.

Son xəbərlər

Orphus sistemi