Azərbaycan növbəti dəfə mötəbər beynəlxalq tədbirə ev sahibliyi edəcək. Paytaxt Bakıda mayın 1-dən 3-dək “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.
100-dən çox ölkəni təmsil edən 700 qonağın iştirak edəcəyi tədbirdə yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslər iştirak edəcəklər. Üç gün davam edəcək Forum çərçivəsində 12 panel müzakirə və 4 plenar sessiyanın keçirilməsi nəzərdə tutulur. Forumda təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, dini müxtəlifliyin qorunması, qanunsuz miqrasiya və digər məsələlər müzakirə ediləcək. Mühüm məsələlərdən biri də Forum iştirakçılarının Azərbaycanın 30 illik işğaldan azad edilmiş ərazilərinə təşkil ediləcək səfərləridir. Tədbir çərçivəsində Ağdamda və Şuşada xüsusi panel sessiyaların keçirilməsi nəzərdə tutulur. Bu, eyni zamanda, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdən beynəlxalq ictimaiyyətə müraciət üçün bir platforma yaratmaq fürsətidir.
Qeyd edək ki, Forum bütövlükdə dünya üçün mühüm əhəmiyyət kəsb edir. Bəlli olduğu kimi, bu gün dünyada sivilizasiyaların dialoqu, qarşılıqlı anlaşma və mədəniyyətlərarası ünsiyyət olduqca aktuallaşıb. Mədəniyyətlərin dialoqu olmadan dünya yalnız fəlakətlə üzləşə bilər və bəşər övladının indiyə qədər qət etdiyi yol da bunu sübuta yetirir. Azərbaycan da bu məsələyə böyük önəm verir. Məhz Prezident İlham Əliyevin bu məsələyə ciddi yanaşması və uğurlu siyasəti nəticəsində ölkəmiz beynəlxalq aləmdə müxtəlif mədəniyyətlərin qovuşduğu məkan statusu qazanıb.
Son illər Azərbaycanda mədəniyyətlər və sivilizasiyalararası dialoq sahəsində keçirilmiş beynəlxalq səviyyəli tədbirlərdə müzakirə edilən mövzulara diqqət yetirsək, əmin olarıq ki, respublikamız dünyanın mədəni həyatının mərkəzinə çevrilib, eyni zamanda, qlobal problemlərin həllində platforma rolunu oynayır. Nüfuzlu beynəlxalq mədəniyyət tədbirləri, bu sahədə təşəbbüslərin böyük əksəriyyəti qlobal arenada müxtəlif mədəniyyətlərin qovuşduğu məkan statusu qazanmış Azərbaycan tərəfindən irəli sürülüb və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi və bilavasitə təşkilatçılığı ilə reallaşdırılıb.
Azərbaycanın dini-mənəvi dəyərlərinə dərin ehtiramın ifadəsinə çevrilən bu cür tədbirlər ölkəmizin tolerantlıq mühitinin təbliği baxımından son dərəcə önəmlidir. Azərbaycanın təşəbbüsü ilə müxtəlif mədəniyyətlər və dinlər arasında səmərəli dialoqun qurulması məqsədilə irəli sürülmüş və qlobal hərəkata çevrilmiş “Bakı Prosesi” çərçivəsində müntəzəm olaraq Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu, eləcə də Dünya Dini Liderlərinin Sammiti və Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının Qlobal Forumu təşkil edilir. 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə başladılmış, mədəniyyətlərarası dialoq sahəsində yeganə qlobal platforma olan “Bakı Prosesi” mənəvi-mədəni dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir.
Ən mühüm məsələlərdən biri də odur ki, bu, ərazi bütövlüyümüz bərpa olunduqdan sonra keçirilən ilk tədbirdir. Artıq suverenliyin bərpası ilə milli mədəniyyətimizin inkişafında yeni dövr başlanıb. Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə, sonra isə 2013, 2015, 2017 və 2019-cu illərdə təşkil olunub. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkələrin və qurumların sayı xeyli artıb. Forumlara ümumilikdə 10 mindən çox iştirakçı – hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutlardan rəhbər və nümayəndələr qatılıblar. Eyni zamanda, forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı, miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub.
Bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi ötən beş forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb və “Bakı Prosesi” mədəniyyətlərarası dialoqa dair vacib platforma kimi qəbul edilib.
Ölkəmiz əsrlər boyu tolerantlığı ilə seçilib. Beynəlxalq aləm Azərbaycanın etnik-mədəni və dini müxtəlifliyin tənzimlənməsi sahəsində əldə etdiyi nailiyyətləri yüksək dəyərləndirib. Azərbaycan milli dəyərlərə sadiqlik, dünya mədəniyyətinə verdiyi töhfələrlə diqqət çəkib. Ulu Öndər Heydər Əliyev hesab edirdi ki, hər şeydən əvvəl Azərbaycan gəncliyi qədim adət-ənənələri öyrənməli, xalqımızın dünya elminə və mədəniyyətinə necə böyük dəyərlər, necə zəngin nümunələr bəxş etdiyini bilməlidir. Yalnız bu halda gənclik öz milli dəyərlərinə sahib çıxa, onu təbliğ edə, gələcəyə apara bilər. Mədəniyyətimizin Heydər Əliyev erası xalqımızın bütövlükdə milli-mənəvi dəyərlərə yeni münasibətinin formalaşdığı dövr kimi xarakterizə olunmaqdadır. Bu dövrün mədəni tərəqqisinin əsas xarakteristikası ondan ibarətdir ki, Ulu Öndərin yaratdığı və həyata keçirdiyi mədəniyyət siyasəti ölkəmizin milli-mənəvi dəyərlərinin qorunmasına, təbliğinə və inkişafına güclü zəmin yaradıb, onu yeni-yeni çalarlarla zənginləşdirib.
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev mədəniyyət sahəsində də Ulu Öndərin başlatdığı islahatları uğurla davam etdirir. Bu islahatlar nəticəsində mədəniyyətin inkişafına yeni stimul verilib, Azərbaycan mədəniyyətinin dünyada daha geniş təbliğinə başlanılıb.
Son 30 il ərzində Azərbaycan dini, milli və etnik tolerantlıq sahəsində əhəmiyyətli uğurlara imza atıb. Dövlət tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər dinindən, milliyyətindən, irqindən asılı olmayaraq, Azərbaycan xalqının bütün dövrlərdə mehriban ailə, dost, qardaş olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirib.
2015-ci il mayın 18-də “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq” mövzusunda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın mədəni müxtəlifliyi ilə qürur duyduğunu tədbir iştirakçılarının diqqətinə çatdıraraq demişdi: “Biz tarixi və mədəni irsimizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən olan, 743-cü ildə inşa edilmiş məscid Azərbaycanın qədim Şamaxı şəhərində yerləşir. Dünyanın ən qədim kilsələrindən biri - Qafqaz albanlarının kilsəsi Azərbaycanın digər qədim Şəki şəhəri yaxınlığındadır. Pravoslav və katolik kilsələr, sinaqoqlar, atəşpərəstlər məbədi bizim mədəni irsimizin tərkib hissəsidir və biz bununla fəxr edirik”.
Deyilənləri ümumiləşdirsək, vurğulaya bilərik ki, Azərbaycanda mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə həm beynəlxalq, həm də milli səviyyədə həyata keçirilən tədbirlər ölkəmizin qlobal arenada nüfuzunu artırmaqla yanaşı, xalqımızın milli həmrəyliyini daha da möhkəmləndirir və respublikamızı dünyaya mədəniyyətləri qovuşduran məkan kimi təqdim edir. Əminik ki, sabah keçiriləcək beynəlxalq tədbir də bu istiqamətdə yaradılan mühüm platformalardan biri olacaq.