Azərbaycanın Qələbə paradı - Cənubi Qafqazda sülhün təminatçılarının törəni

Azərbaycanın Qələbə paradı - Cənubi Qafqazda sülhün təminatçılarının törəni Cənubi Qafqaza yerləşdiriləndən ermənilər Azərbaycana və onun yerli əhalisinə qarşı müxtəlif vasitələrlə düşmənçilik edir.
Analitika
9 Dekabr , 2020 15:40
Azərbaycanın Qələbə paradı - Cənubi Qafqazda sülhün təminatçılarının törəni

Azərbaycanın milli dövlətçilik tarixində ilk dəfə belə parad keçiriləcək. Odur ki, bu parad siyasi, mənəvi, hərbi, suverenlik və başqa sahələr üzrə yükünə və mahiyyətinə görə digərlərinə bənzəməyəcək.

Parad, marş və ya rejə - bir küçə və ya yol boyunca, çox zaman kostyumlu birlikdə bir qrup insanların təşkil olunmuş izdihamıdır. Paradların çoxsaylı səbəbləri var. Ancaq bu tədbir adətən şadlıq üçün keçirilir.

Dekabrın 10-da da Azərbaycanda şadlıq, Qələbə paradı keçiriləcək. Bu tədbir Ermənistanın məğlubiyyətilə nəticələnən 44 günlük döyüşlərdə həlak olan 2783 şəhidin (3 polkovnik, 23 polkovnik-leytenant, 49 mayor,54 kapitan,103 baş-leytenant,147 leytenant, 5 kiçik-leytenant, 267 gizir, 696 MAHHXHQ – MAXE,1241 əsgər, 7 miçman), 100-dən çox itkin düşən hərbi qulluqçunun, yüzlərlə qazinin, habelə bir əsrdən çox davam edən erməni fitnəsinin qurbanlarının, Qarabağın erməni işğalçılarından və himayədarlarından təmizlənməsi uğrunda döyüşmüş, şəhid olmuş, yaralanmış Azərbaycan oğulları və qızlarının, hərbçilərinin, eləcə də Azərbaycanın müstəqilliyi, onun bərpası uğrunda mübarizə aparmış, milli dövlətin qurulmasında rolu olmuş azərbaycanlıların yad edilməsi, xatırlanması bayramıdır. Bu, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuşların, Xocalı soyqırımı, 20 Yanvar şəhidlərinin, 1920-ci ildə Azərbaycanın sovet Rusiyası tərəfindən işğal edilməsindən sonra Cümhuriyyət dövründə yaradılan Milli Ordunun bolşeviklər tərəfindən güllələnən 15 generalının, o cümlədən 1988-ci ildə Qarabağda ilk iki şəhid - Əli Hacıyev və Bəxtiyar Quliyevin qanının alındığı günün bayram edilməsidir.

Cənubi Qafqaza yerləşdiriləndən ermənilər Azərbaycana və onun yerli əhalisinə qarşı müxtəlif vasitələrlə düşmənçilik edir. 20-ci əsrin əvvəlində onlar bu düşmənçiliyi açıq müstəvidə sürdürdülər. Cümhuriyyət elan edildikdən sonra onun gördüyü ilk tədbirlərdən biri erməni təcavüzünün qarşısını almaq olub. Çünki 1918-ci ilin martında ermənilər Fransa, Rusiya və başqa havadarlarının yardımı ilə Cənubi və Şimali Azərbaycan əhalisinə qarşı soyqırımı törətmişdi. Yeni yaranan Cümhuriyyətin qurucuları həm milli dövləti təşkil edir, həm də onun ordusunun formalaşması ilə məşğul olur, Qarabağda erməni silahlılarına qarşı mübarizə aparırdı.

1988-ci ildə azərbaycanlılar Ermənistanda və Azərbaycanda erməni hücumlarına məruz qaldı. Minlərlə azərbaycanlı Ermənistandakı dədə-baba yurdlarından didərgin salındı. Sonrakı illərdə torpaqları erməni silahlıları və onları himayə edən sovet hərbçilərindən könüllü dəstələr qorumağa başladı. 1991-ci ildə dövlət müstəqilliyi bərpa edildikdən sonra ordu quruculuğu başladı. Azərbaycan Ordusu yarandığı gündən döyüşlərdə formalaşıb.

Azərbaycanda ilk hərbi parad daşnaklar, erməni-bolşevik diktaturası məğlub edildikdən sonra 1919-cu il mayın 28-də Bakıda indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirilib. 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul edildi. Müstəqillik bərpa edildikdən sonra ilk hərbi parad 1992-ci il oktyabrın 9-da baş tutub. Onda hərbi paraddan keçənlər Qarabağa yollanırdı. Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin 1998-ci il mayın 22-si tarixli qərarına əsasən, iyunun 26-da Silahlı Qüvvələr Günü elan olundu. 2008-ci il iyunun 26-da Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ikinci hərbi parad keçirilib. 2011-ci il iyunun 26-da isə Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə müasir Azərbaycan Ordusunun növbəti hərbi paradı təşkil olundu. Dördüncü hərbi parad 2013-cü ildə Silahlı Qüvvələr Gününün yaranmasının 95 illiyinə həsr edilmişdi. Beşinci parad Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə keçirildi.

Dekabrın 10-da keçiriləcək parad işğalçının Azərbaycan torpaqlarından qovulduğu, ordusunun darmadağın edildiyi günə həsr olunur. Təntənəli mərasimdə silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları, eləcə də hərbi gəmi və katerlər nümayiş olunacaq. Paradda düşməndən qənimət kimi götürülən hərbi texnika, təslim olmuş hərbi hissənin bayrağı da göstəriləcək. Müstəqillik illərində həmişə Azərbaycanı müdafiə edən Türkiyə 44 günlük döyüşlərdə də öz qardaşlıq və müttəfiqlik vəzifəsini çox böyük sayğı ilə yerinə yetirib. ATƏT-in Minsk qrupunun üzvü olaraq münaqişənin həllinə töhfəsini verməkdədir. Dekabrın 10-da keçiriləcək paraddan Türkiyə hərbçiləri də keçəcək. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da paradda iştirak edəcək. Qeyd edək ki, bundan əvvəlki paradlarda da Türkiyə hərbçiləri iştirak ediblər. Xatırladaq ki, 2001-ci il avqustun 21-də Türkiyə Hərbi Hava Qüvvələrinin “Türk Yıldızları” akrotimi (akrobatik qrupu) Bakı səmasında uçuş edib. “Türk Yıldızları” akrotiminin Bakı uçuşları eyni zamanda bir milyondan artıq insanın izlənməsi ilə dünya rekordu hesab edilir. Bu, onların Azərbaycandakı ilk çıxışı idi. Azərbaycan Silah Qüvvələrinin yaranmasının 100 illiyi münasibətilə keçirilən parada da onlar qatılmışdı.

Azərbaycanı bu haqlı mübarizəsində dəstəkləmiş başqa dövlətlərin başçılarının, rəsmilərinin də Qələbə paradına qatılması arzuolunan sayılır. Ancaq belə ehtimal etmək olar ki, koronavirus pandemiyası onların iştirakını əngəlləyib. Azərbaycan vətəndaşları tarixdən daha çox 1945-ci il iyunun 24-də Böyük Vətən Müharibəsində SSRİ-nin Almaniya üzərində qələbəsi şərəfinə Moskvada keçirilən hərbi paradı xatırlayırlar. Bu parad 122 dəqiqə davam etməklə güclü yağış altında keçirilib. Bu qələbə tədbirində 24 marşal, 249 general, 2 536 başqa zabit rütbəlilər, 31 116 serjant və əsgər iştirak edib. Həmin gün axşam saat 23:00-da 100 aerostatdan 20 min raket yaylımla buraxılıb. Bundan sonra Azərbaycan Vətən müharibəsindəki qələbəsini qürur və fəxarət hissi ilə qeyd edəcək.

Dekabrın 10-da keçiriləcək parad isə başqa hadisədir. Bu, işğalçı və havadarlarının Azərbaycan torpaqlarından qovulmasıdır. Bu, Azərbaycanın qardaşı və dostlarının, Türkiyə, Pakistan, Ukrayna, İsrail, Macarıstanın və başqalarının sınaqdan üzüağ çıxdıqları günün bayramıdır. Bu parad müstəqilliyin möhkəmlənməsinin göstəricisidir. Bu parad dost üçün bayram, düşmən üçün xəbərdarlıqdır. Azərbaycan bununla Cənubi Qafqazın təhlükəsizliyinin təminatçısı rolunda çıxış etdiyini sübuta yetirir. Bu parad əməkdaşlığın bütün münaqişələrdən üstün olduğunu, sülhün, barışın vacibliyini təsdiqləyir. Bu, Azərbaycanın 120 illik mübarizədə qələbəsinin paradıdır.

Son xəbərlər

Orphus sistemi