Azərbaycanda sahibkarın kredit alması niyə müşküldür?

Azərbaycanda sahibkarın kredit alması niyə müşküldür? Azərbaycanda orta və kiçik sahibkarların maliyyə əldə etmələrində çətinliklər qalır
Analitika
4 Mart , 2021 18:38
Azərbaycanda sahibkarın kredit alması niyə müşküldür?

Azərbaycanda orta və kiçik sahibkarların maliyyə əldə etmələrində çətinliklər qalır. Bu məsələ özəl sahibkarlığın inkişafı yolunda illərdir üç əsas maneədən biridir.

Dünya Bankı və “Enterprice Surveys” tərəfindən keçirilmiş son rəy sorğularının birində ölkədə sahibkarlıq üçün maneələr arasında başlıca olaraq aşağıdakılar sadalanıb: qeyri-rəsmi məşğulluq 28 faiz, maliyyə əldə edilməməsi 24 faiz, səriştəli kadr qıtlığı 15 faiz, korrupsiya 8 faiz, gömrük və ticarət məhdudiyyətləri 7 faiz. Bu sırada maliyyə əldə edilməməsi kreditlərin bahalı olması ilə yanaşı, almağın çətinliyini də ehtiva edir. Elə həmin sorğuya görə, kiçik şirkətlərin cəmi 9 faizi, orta şirkətlərin 22 faizi, iri şirkətlərin isə 37 faizi kredit ala bilib. Hərçənd sorğu iştirakçılarının 90 faizdən çoxunun bank hesabına malik olması bu sahəyə nabələd olmalarını istisna edir.

Kredit almağın çətinliyi aşağıdakı səbəblərlə bağlıdır: 1) krediti ödəmək üçün lazımi ehtiyatları yoxdur; 2) lazımi sənədləri yoxdur; 3) işgüzar kreditlərin faiz dərəcəsi ifrat yüksəkdir.

Son vaxtlar bu məsələni dövlət qurumları da tez-tez qaldırmağa başlayıb. Belə ki, fevral ayında mövzuya dair Sahibkarlığın İnkişafı Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Mikromaliyyə Assosiasiyası rəy bildirib. Məsələn, 2020-ci ildə Sahibkarlığın İnkişafı Fondu dövlət zəmanətilə güzəştli kredit üçün müraciət edənlərin 87 faizinə rədd cavabı verib və bunu da sahibkarlığın əksər hallarda lazımi sənədlərin hamısını vaxtında təqdim etməmələrilə izah edib.

Sözügedən ərizə üçün təqdim edilən sənədlər çox deyil. Belə ki, “sürətli forma” doldurarkən 4 sənəd (7 gün ərzində), “adi forma” doldurarkən isə 7 sənəd (10 gün ərzində) təqdim edilməlidir. Həmin sənədlər də son 12 ayın vergi bəyannaməsi, şirkətin qeydiyyatdan keçərək qanuni əsasla fəaliyyət göstərdiyinə dair arayış, gəlirlər arayışı (bankdan çıxarış), məxariclər siyahısı, maliyyə hesabatı, sahibkarlıq fəaliyyətinə dair lisenziya (lazım gəldiyi halda) və s. nisbətən asan əldə edilənlərdir ki, siyahısı Fondun saytında yerləşdirilib. Bəs sahibkarlar bütün lazımi sənədləri niyə vaxtında təqdim edə bilmirlər?

Bunun səbəbi sənədlərin siyahısını diqqətlə oxuduqda aydınlaşır. Belə ki, ölkədə kiçik və orta sahibkarların bir çoxu hələ də maliyyə hesabatı tutmur. Əvəzində mədaxil və məxariclərin qeyd olunduğu dəftər adi haldır. Amma şirkət çətinliklə üzləşəndə məsələn, marketinqin zəifliyindən gileylənir, yaxşı reklam başlasaq, müştəri də gələr, gəlirimiz də artar, mənfəətə çıxa bilərik, işlər yoluna düşər deyə canfəşanlıq edirlər. Halbuki əslində məsələ hesabatların düz-əməlli tutulmaması üzündən vəsaitlərin naməlum istiqamətlərdə xərclənməsindədir. Hesabatların düzgün tutulması ilə həmçinin mədaxil-məxaricin proqnozlarını da vermək, şirkətin idarəçiliyini asanlaşdırmaq, kənardan vəsait cəlb etmək olar. Əlbəttə, şirkətin səmərəli quruluşunu təmin etmək, səriştəli menecment və s. təşkil etmək də mühümdür. Amma çürük bünövrə üzərində bina inşa etmək olarmı?

Bununla razılaşan “Hajinski Naghiev” məsləhətçi şirkətinin təsisçisi, keçmiş bank sahibi Cəlal Nağıyev“Report”la söhbəti zamanı qeyd edib ki, banklar kredit verərkən müştərinin təqdim etdiyi üç sənədi əsas götürür. Həmin sənədlər balans hesabatı, mənfəət və zərər hesabatı, pul axınları hesabatıdır.

“Bir qədər sadələşdirsək, balans hesabatı müştərinin malik olduğu kapitalın həcmini göstərir. Buna görə bank müştəriyə veriləcək kreditin məbləğini və risq dərəcəsini təyin edir. Banklar ərizəçinin kənar vəsaitlərinin öz kapitalına nisbətinə xüsusi diqqət yetirir. Odur ki, kredit verməməyin səbəbi təkcə hesabatlarla bağlı problem yox, ərizəçinin kredit almaqda əndazəni aşması da ola bilər. Mənfəət və zərər hesabatı isə ərizəçinin qazanc miqdarını bilmək üçün lazımdır. Həmin hesabata əsasən, aylıq ödənişlərin məbləği təyin edilir. Pul axınları hesabatına görə, ödəmələrin cədvəli tərtib edilir. Bu hesabat ərizəçinin neçə gündən bir nəğd vəsait aldığını əks etdirir”, - deyən ekspertin fikrincə, sahibkarların nəzərə almalı olan başqa məqamlar da var:

“Şirkətlərdəki vəziyyəti təhlil edərkən çox vaxt görürük ki, şirkət sahibi çox məsələləri öz üzərinə cəlb edir. Belə şirkətlərdə mühasibatlığı uzaqbaşı vergi ilə məsələləri həll edən vahid kimi görürlər. Halbuki şirkət inkişaf etdikcə mühasibatlıq tam işlək maliyyə şöbəsinə çevrilməlidir. Təbii ki, sahibkarın maliyyə işlərinə baş qoşmasının vacib olmamasını demək istəmirəm. Sahibkar da bütün işlərə nəzarət edə bilmək üçün maliyyə cəhətdən səriştəli olmalı, həmçinin hər şöbənin nə qədər səmərəli işlədiyini göstərən təhlil hesabatlarını əlində saxlamalıdır. Amma bütün işləri öz üstünə götürməyin də manası yoxdur”.

Vergi bənnaməsinin, qeydiyyatdan keçməyin zərurətini izah etməyə, yəqin ki, ehtiyac yoxdur. Biznesi qanuni əsasla aparmağın əhəmiyyətini hazırkı koronavirus pandemiyası da göstərdi. Belə ki, qeyri-rəsmi əsasla fəaliyyət göstərən şirkətlər dövlətdən yardım ala bilmədilər. Həmçinin rəsmi işləyən əməkdaşlar dövlət hesabına məvacib aldıqları halda, qeyri-rəsmi işləyənlər, yəni əmək müqaviləsi olmayanlar heç nə almadılar. Çünki şirkət rəhbərliyinin pulu yoxdur, dövlət isə rəsmi olaraq işsiz olan həmin əməkdaşlara uzaqbaşı 190 manatlıq işsizlik müavinəti təyin edə bilər.

Əlbəttə, bu problemin başqa bir tərəfi də var. Belə ki, mikro, kiçik, bəzi hallarda orta müəssisələrin çoxu lazımi hesabat sənədlərini müstəqil olaraq tərtib etməkdə çətinlik çəkir. Bunun səbəbi səriştəli kadrları saxlamaq üçün vəsaitin olmaması, yaxud təcrübəsizlik ola bilər. Hər halda köməyə ehtiyac yaranır və bu kömək qismən də olsa, KOBİA-dan gələ bilər. Bu qurumun yerlərdəki mərkəzlərinin sayı get-gedə artır. Həmçinin Kiçik və Orta Biznesin İnkişafı Fondu da yaradılacaq. KOBİA marketinq, satış, maliyyə idarəçiliyi, insan ehtiyatları idarəçiliyi kimi məsələlərdə, yeni yaradılacaq fond isə maliyyə əldə etməklə bağlı yardım göstərə bilər. Hərçənd KOBİA-nın mərkəzləri çox yerlərdə açılmayıb, fondun isə nə vaxt yaradılacağı dəqiq bəlli deyil. Avropa ölkələrində bankların nəzdində sahibkar klubları fəaliyyət göstərir. Bankların müştəriləri bu klublara üzv olmaqla ixtisaslı hüquqi, mühasibatlıq və s. xidmətlər ala bilər. Bu xidmətlər üçün əksər hallarda kiçik abunə haqqı alınır. Artıq bizdə də bəzi bankların sahibkarlıq klubları var.

Faiz dərəcələrinə gəlincə, AMB-nin məlumatına əsasən, cari ilin yanvar ayının sonunda hüquqi şəxslər üçün kreditlər üzrə faiz dərəcələri ötən ilin müvafiq dövrünə nisbətən manatla hesablandıqda 0,57 faiz artaraq 9,37 faiz, xarici valyutada isə 0,36 faiz azalaraq 4,97 faiz təşkil edib.

Həqiqətdə isə vəziyyət bir qədər fərqlidir. İnfobank.az portalına görə, sahibkarlıq kreditlərinin faiz dərəcələri banklarda 15-20 faiz, bəzən hətta 30 faiz, qeyri-bank kredit təşkilatlarında isə 20-30 faiz, bəzən 50 faizdir. Təbii ki, yeni yaradılan, yaxud kiçik şirkətlər bu qədər faizlə kredit götürmək iqtidarında deyil. Ona görə də ölkədə güzəştli kreditlər verən təşkilatlar da fəaliyyət göstərir. Ölkədə sahibkarlığın normal inkilaf etməsi üçün həmin o təşkilatlar kredit verməyin qaydasını sadələşdirməli, yaxud banklar faiz dərəcəsini azaltmalıdır.

Azad Həsənli, maliyyə eksperti

Son xəbərlər

Orphus sistemi