Yuxarı

​Azərbaycanda müxalifət partiya sədrlərinin aylıq gəlirləri nə qədərdir? – SORĞU

Aylıq gəliri 200 manat olan da, 2000 manat olan da var

Bakı. 6 noyabr. REPORT.AZ/ “Report” Azərbaycanda fəaliyyət göstərən müxalifət partiya sədrlərinin aylıq gəlirlərinin nə qədər olması ilə bağlı sorğu keçirib.

Ümid Partiyasının sədri İqbal Ağazadə “Report”a bildirib ki, aylıq gəliri Milli Məclisdəki fəaliyyəti ilə əlaqədardır: “Aylıq gəlirim 2 min manata qədərdir. Təbii ki, bu da parlamentdəki fəaliyyətimlə bağlıdır”.

Müsavat Partiyasının başqanı Arif Hacılı “Report”a açıqlamasında aylıq gəlirinin olmadığını qeyd edib: “Stabil aylıq gəlirim yoxdur, ona görə də dəqiq məlumat vermək imkanına malik deyiləm”.

“AXCP sədri Əli Kərimlinin aylıq gəliri yoxdur”. Bunu “Report”a partiya sədrinin müavini Fuad Qəhrəmanlı deyib. O bildirib ki, AXCP üzvləri və rəhbərliyi könüllülük prinsipi əsasında fəaliyyət göstərir.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn hər hansı yerdən gəlir əldə etmədiyini bildirib.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun sözlərinə görə, aylıq gəlirinin məbləği sıfırdır. O, heç bir mənbədən gəlir əldə etmədiyini söyləyib.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev “Report”a deyib ki, aylıq gəliri Azərbaycan Tibb Universitetindən (ATU) aldığı əmək haqqıdır: “Müəllim işləyirəm, 200 manat əmək haqqı alıram. Bundan başqa qardaşlarımın biznesi var, onlar mənə köməklik göstərirlər”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da aylıq gəlirinin olmadığını bildirib.

Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan ciddi maliyyə mənbəyinin olmadığını vurğulayıb. O bildirib ki, aylıq gəliri cüzi miqdardadır, bu isə hüquqşünaslıq fəaliyyəti ilə bağlıdır: “Gəlirim o qədər azdır ki, onu açıqlamaq belə istəmirəm”.

Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa da aylıq gəlirinin miqdarını açıqlayıb: “Milli Məclisin deputatıyam, buna görə də 1800 manat əmək haqqı alıram. Bir də, yaradıcı fəaliyyətlə məşğulam, yəni, kitabların satışından gəlir əldə edirəm. Amma partiyadan hər hansı gəlirim yoxdur”.

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə isə aylıq gəlirinin miqdarını açıqlamaq istəməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi