Bakı. 30 noyabr. REPORT.AZ/ Azərbaycanda əhalinin bank əmanətlərinin strukturunda tələb olunanadək (müddətsiz) depozitlərin xüsusi çəkisi 2016-cı il oktyabrın 1-nə 21,5% təşkil edib ki, bu da son 7 ilin maksimal göstəricisidir.
"Report"un analitik qrupunun təhlili göstərir ki, ən son 2009-cu ilin yekununda əhalinin əmanətlərinin tərkibində tələb olunanadək əmanətlərin xüsusi çəkisi 22,3%-lə maksimal həddə olub.
Əhalinin müddətsiz əmanətlərinin payının artması uzunmüddətli perspektivdə bank sektoruna inamın itməsi və əhalinin qısa və orta müddətdə maliyyə vəsaitinə yarana biləcək ehtiyacından irəli gəlir. Analitik qrup hesab edir ki, bu göstəricinin 2017-ci ildə bir qədər də artması mümkündür. Aşağıdakı diaqramda 2005-ci ildən etibarən əhalinin əmanətlərinin strukturu əksini tapıb.
Bununla yanaşı, əhalinin əmanətlərinin qısa və uzunmüddətli kateqoriyalar üzrə təsnifatı aparılıb və qısamüddətli (12 ayadək) əmanətlərin məcmu əmanət portfelində xüsusi çəkisinin 2016-cı il oktyabrın 1-nə 38,1% təşkil etdiyi bildirilir. Qeyd edək ki, bu göstərici ilin əvvəlində 37,4% olub. Qısamüddətli əmanətlərin xüsusi çəkisinin minimal həddi mövcud rəsmi statistikaya əsasən, 2009-cu ilin sonunda qeydə alınıb və 32,3%-ə bərabər olub. Qeyd edək ki, qısamüddətli əmanətlərin payının az olması əhalinin bank sektoruna inamı ilə bərabər yığım səviyyəsinin yüksək olmasını göstərir. Belə ki, əhali əlavə vəsaitlərini uzun müddətə və daha yüksək faizlə əmanət kimi yerləşdirə bilir və bank sektoru da müvafiq olaraq uzunmüddətli investisiyaları maliyyələşdirə bilir. Aşağıdakı diaqramda əhalinin əmanətlərinin müddətə görə təsnifatı da əksini tapıb.