Son vaxtlar Azərbaycana qarşı təzyiqlər intensivləşib. Müxtəlif güclər, o cümlədən Fransa, ABŞ fərqli bəhanələrlə rəsmi Bakının nüfuzuna xələl gətirməyə çalışırlar. Onlar bu məqsədlə həm də Ermənistandan istifadə edirlər.
İndiki məqamda hərbi-siyasi təxribatların artması təsadüfi deyil. Nəzərə almaq lazımdır ki, Azərbaycan böyük bir beynəlxalq tədbirə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməyə hazırlaşır. Görünən odur ki, bəzi güclər bunu, Azərbaycanın artan nüfuzunu həzm etmək istəmirlər. Bunu açıq şəkildə büruzə verirlər.
Əslində, bu, ilk belə hal deyil. Rəsmi Bakı əvvəllər də oxşar hallarla qarşılaşıb. 2015-ci ildə Azərbaycanda keçirilən Birinci Avropa Oyunları, 2017-ci ildə Bakının ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları, həmçinin "Formula 1" yarışları, Avroviziya musiqi yarışması kimi mühüm tədbirlər ərəfəsində də oxşar cəhdlərin şahidi olmuşduq.
Azərbaycan qurulan çirkin oyunların fərqindədir. Rəsmi Bakı müntəzəm olaraq müxtəlif səviyyələrdə yaydığı bəyanatlarla qurulan oyunları ifşa etməyə çalışır.
Qərbi Azərbaycan İcmasının (QAİ) da oktyabrın 8-də yaydığı bəyanatda bildirilib ki, COP29 yaxınlaşdıqca anti-Azərbaycan qüvvələrinin Azərbaycana qarşı təzyiqləri və hücumları daha da güclənir.
Qeyd olunub ki, müxtəlif anti- Azərbaycan qüvvələrin yaydığı bəyanatlar Azərbaycana qarşı son həftələrdə artan hücumların vahid bir mərkəzdən idarə olunduğunu bir daha göstərir.
Həmçinin, bəyanatda deyilib ki, Azərbaycanın öz suverenliyini bərpa etməsini həzm etməyən qüvvələrin siyasi motivli bu hücumları ölkəmizin beynəlxalq arenada qazandığı uğurlara kölgə salmaq və ölkəmizi nüfuzdan salmaq cəhdidir.
"Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının qorunması ilə bağlı ötən ilin avqust ayında İcmamızın “Amnesty International” və “Human Rights Watch”a göndərdiyi müraciətin cavabsız qalması bu təşkilatların insan hüquqları prinsiplərindən nə qədər uzaq olduğunu göstərir. Bütün bunlar “Amnesty International” və “Human Rights Watch”un məlum dairələrin əlində bir siyasi vasitə kimi çıxış etdiyini və Azərbaycana qarşı etnik, dini əsasda ayrı-seçkilik siyasəti apardığını sübut edir.
Biz “Amnesty International” və “Human Rights Watch”un anti-Azərbaycan mövqeyini, insan hüquqlarına zidd davranışlarını və irqi ayrı-seçkilik siyasətlərini kəskin şəkildə qınayır və onları bu yanlış əməllərdən əl çəkməyə çağırırıq", - bəyanatda vurğulanıb.
Göründüyü kimi, adıçəkilən qurumlar son zamanlar Azərbaycana qarşı sanki "səlib yürüşü"nə başlayıblar. ABŞ, Fransa kimi dövlətlərdən maliyyələşən bu qurumlar Azərbaycanda insan haqlarının olmadığını, mətbuat azadlığının məhdudlaşdırıldığını iddia edirlər. Halbuki həmin dövlətlər özləri demokratiyadan çox uzaqdırlar. Bunu adıçəkilən ölkələrdə baş verən polis zorakılıqları aydın göstərir.
Yeri gəlmişkən, yada salaq ki, bu yaxınlarda Fransada keçirilən Yay Olimpiya Oyunları biabırçılıqlarla yadda qaldı. Olimpiada sözün əsl mənasında fiaskoya çevrildi. Bunu bütün dünya gördü.
Azərbaycan isə indiyədək bütün beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Fransa kimi dövlətlər isə bunu qəbul etmək istəmirlər. Onlar həm birbaşa, həm də Ermənistan vasitəsilə Azərbaycana təzyiqləri gücləndirirlər.
Məhz COP29 ərəfəsində Cənubi Qafqazda sabitliyin pozulmasına yönəlmiş cəhdlər, habelə Ermənistanın silahlandırılması, hərbi təxribatlara çəkilməsi də bu kontekstdən qiymətləndirilməlidir.
Əlbəttə, qurulan oyunlar məqsədinə çatmayacaq. Artıq Azərbaycanda belə hallara qarşı immunitet formalaşıb. Bu isə onu deməyə əsas verir ki, rəsmi Bakı bütün təzyiq və maneələrə baxmayaraq, COP29-a da uğurla ev sahibliyi etməklə növbəti dəfə dünyanın mərkəzinə çevriləcək.