Azərbaycan-Türkiyə-Qazaxıstan formatı sabitliyin effektiv mexanizminə çevriləcək

Azərbaycan-Türkiyə-Qazaxıstan formatı sabitliyin effektiv mexanizminə çevriləcək İyunun 27-də Bakıda Azərbaycan tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Türkiyə Respublikasının xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli görüşü baş tutdu.
Analitika
27 İyun , 2022 16:35
Azərbaycan-Türkiyə-Qazaxıstan formatı sabitliyin effektiv mexanizminə çevriləcək

İyunun 27-də Bakıda Azərbaycan tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Türkiyə Respublikasının xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli görüşü baş tutdu.

Üç qardaş ölkənin xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin üçtərəfli formatda birinci görüşü çox əlamətdar bir hadisədir. Belə ki, bu görüş, həm ikitərəfli, həm də çoxtərəfli platformalarda yüksək səviyyədə tərəfdaşlıq münasibətlərini bölüşən üç ölkənin nəqliyyat və bağlantılar sahəsində əməkdaşlığının daha da genişləndirilməsi imkanlarının müzakirəsinə şərait yaradıb. Azərbaycanın XİN başçısı Ceyhun Bayramovun sözlərinə görə, ölkələrimiz arasında, o cümlədən ikitərəfli əsasda çox güclü və dostluq əlaqələri mövcuddur. Ölkələrimiz arasında nəqliyyat kommunikasiyalarının müzakirəsi çox vacibdir:

“Regionda bütün istiqamətlər üzrə güclü və rahat nəqliyyat əlaqələrinin yaradılması, həmçinin mövcud problemlərin aradan qaldırılması mühüm əhəmiyyət kəsb edir”.

Hazırda qlobal təhlükəsizliyə, sabitliyə və iqtisadi inkişafa qarşı təhdidlərin artdığı bir şəraitdə üç ölkənin nəqliyyat və bağlantılar sahəsində əməkdaşlığının gücləndirilməsi regional səviyyədə risklərin və çağırışların qarşısının alınması və azaldılması baxımından böyük əhəmiyyət kəsb edir. Bununla belə, həmin risklər və çağırışlardan dolayı bu üç ölkə arasında əməkdaşlıq üçün fürsətlər yaranıb. Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu üç ölkə arasında münasibətlərin ətrafdakı sınaqlardan dolayı daha da önəm qazandığını vurğulayıb:

“Bu proseslərin davamında fürsətlər də ortaya çıxır. Məqsədimiz bu fürsətlərdən xalqlarımızın, bölgəmizin xeyrinə istifadə etməkdir. Taxıl mövzusunu izləyirsiniz. BMT ilə birgə məsələni həll etmək üçün səy göstəririk. Davamlı və güvənli logistika xətlərinin önəmini bir daha görürük. Bu baxımdan milli və regional əhatəmizi artırmaq üçün önəmli sərmayələr etməyə davam edirik”.

Məlum olduğu kimi, Azərbaycan, Qazaxıstan və Türkiyə arasında sıx ikitərəfli əməkdaşlıq mövcuddur, habelə bu dövlətlər regional əməkdaşlıq kontekstində, o cümlədən Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər regional təşkilatlarda qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirirlər. Nəqliyyat və kommunikasiya sahələri ölkələrimiz arasında regional iqtisadi əməkdaşlığın təməl daşlarından biridir. Bu mənada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun üçtərəfli görüşdən sonrakı brifinqdə Azərbaycanın qərb bölgələri ilə Naxçıvanı birləşdirən Zəngəzur dəhlizinin açılmasına türk dövlətlərini töhfə verməyə çağırması da təsadüfi deyil.

Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən əlverişli coğrafi mövqe sözügedən üç dövləti Avropa ilə Asiyanı birləşdirən əsas tranzit ölkələri kimi gündəmə gətirir. Azərbaycan, Qazaxıstan və Türkiyə, həmçinin Xəzər dənizi - Qara dəniz əməkdaşlığının gücləndirilməsində əsas rol oynayırlar. Bu baxımdan, sözügedən ölkələr arasında, habelə dövlətlərin ərazilərindən keçməklə ticarət potensialından tam istifadə edilməsi üçün effektiv nəqliyyat və kommunikasiyanın olması vacibdir.

Nəqliyyat bağlantı məsələsi Azərbaycanın milli iqtisadi inkişaf gündəliyində hər zaman mühüm yer tutub. Magistral, dəmir yolu və sərhəd infrastrukturu, eləcə də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı artan tranzit axınını qarşılamaq üçün səmərəli imkanlar yaradır. Ölkələrimizin təşəbbüsü və dəstəyi ilə tranzit imkanlarının artırılmasına və hər üç ölkə tərəfindən tranzit daşımalarda fəal istifadə olunmasına yönəlmiş beynəlxalq nəqliyyat və kommunikasiya infrastrukturu layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xətti həyata keçirilib.

Hər üç dövlət, tranzit potensialının artırılmasında “Trans-Xəzər Şərq-Qərb Orta Dəhliz” - Azərbaycan, Qazaxıstan və Türkiyə ərazilərindən keçən multimodal nəqliyyat marşrutuna xüsusi önəm verir. Orta Dəhlizə əlavə həcmdə yüklərin cəlb edilməsi üçün birgə səylər gücləndirilməlidir. Məhz bu baxımdan, üçtərəfli əməkdaşlıq çox aktualdır, çünki son regional hadisələr Asiya və Avropa arasında ticarət üçün Orta Dəhlizin əhəmiyyətinin artdığını açıq şəkildə nümayiş etdirir.

Qeyd edək ki, Azərbaycan-Türkiyə-Qazaxıstan xarici işlər nazirlərinin görüşündə həmçinin Şərq-Qərb Orta Dəhlizinin şaxələndirilməsi baxımından Zəngəzur Dəhlizinin xüsusi önəmi müzakirə edilib.

Orta Dəhlizin tərkib hissəsi kimi Zəngəzur dəhlizinin əhəmiyyəti və perspektivləri böyükdür. Bu dəhliz, Trans-Xəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi çərçivəsində daha yaxşı bağlantını artırmaq potensialına malikdir və Qazaxıstan-Azərbaycan-Türkiyə nəqliyyat marşrutu üzrə daha qısa əlaqəni təmin edir. Dəhlizin tez bir zamanda işə salınmasını təmin etmək üçün bu prosesdə bütün tərəflərin öhdəliklərini yerinə yetirməsi vacibdir.

Üçtərəfli görüş nəticəsində Azərbaycan, Qazaxıstan və Türkiyə xarici işlər və nəqliyyat nazirləri tərəfindən Bakı Bəyannaməsi imzalanıb. Bu bəyanatın icrası həm üç ölkə arasında nəqliyyat və kommunikasiya sahəsində işbirliyini gücləndirəcək, həm də ölkələrimizin tranzit potensialının genişləndirilməsinə müsbət töhfə verəcəkdir.

İnanırıq ki, üç ölkənin birgə ardıcıl səyləri ilə yeni yaradılan üçtərəfli format həm regional, həm də daha geniş səviyyədə təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın gücləndirilməsi baxımından effektiv mexanizm kimi özünü doğruldacaq.

Son xəbərlər

Orphus sistemi