Azərbaycan-Türkiyə müttəfiqliyi - regional sülh və sabitliyin təminatı

Azərbaycan-Türkiyə müttəfiqliyi - regional sülh və sabitliyin təminatı Türkiyə ilə Azərbaycan arasında əlaqələrdə atılan hər addım regional əməkdaşlığın inkişafına, təhlükəsizliyin güclənməsinə xidmət edir.
Analitika
27 Oktyabr , 2021 15:49
Azərbaycan-Türkiyə müttəfiqliyi - regional sülh və sabitliyin təminatı

Türkiyə ilə Azərbaycan arasında əlaqələrdə atılan hər addım regional əməkdaşlığın inkişafına, təhlükəsizliyin güclənməsinə xidmət edir. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi iki dövlətin əlaqələrinin genişlənməsinə müsbət təsir göstərib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son bir ildə Azərbaycana üçüncü dəfə səfəri bunu təsdiqləyir.

Əslində, Ərdoğanın səfəri bir neçə baxımdan əhəmiyyətlidir. O, bununla işğaldan azad edilən torpaqlara Azərbaycanın nəzarət etdiyini bütün dünyaya təbliğ edir, bu ərazilərə sərmayə qoyulmasının riskli olmadığını isbatlayır. Türkiyə liderinin səfərləri iki dövlət arasında əməkdaşlığın artıq səmərə verdiyinin göstəricisidir. Prezident İlham Əliyev oktyabrın 26-da Zəngilanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatla çıxış edən zaman deyib: “Sizin səfərinizin çox böyük önəmi var. Siz ikinci dəfədir ki, işğaldan azad edilmiş torpaqlara səfər edirsiniz. Dörd ay bundan əvvəl sizinlə bərabər Şuşa şəhərində olmuşuq. Bu gün isə Füzulidə və Zəngilandayıq. Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi tarixi sənəddir. Bu bəyannamə bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır. Bu gün Füzuli Beynəlxalq Hava Limanının açılışında birlikdə iştirakımız bir daha bizim birliyimizi göstərir, gücümüzü göstərir. Onu göstərir ki, Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır”.

Türkiyə və Azərbaycan liderlərinin görüşləri iki dövlətin sarsılmaz birliyinin əyani təzahürüdür. Ölkələr arasında bütün istiqamətlərdə əlaqələrdən yalnız Türkiyə ilə Azərbaycan faydalanmır. İki dövlət arasında əməkdaşlıq, həyata keçirilən layihələr regional və beynəlxalq miqyasda böyük əhəmiyyətə malikdir. Dünyada bir-birinə yaxın olan və fərqli dövlət quran etnoslar az deyil. Azərbaycan və Türkiyə də belə dövlətlərdəndir. Ancaq belə ölkələrin əməkdaşlığından dünyanın faydalanması halları çox azdır. Bir sıra hallarda etnik baxımdan bir-biri ilə qohum olan etnosların qurduqları dövlət arasındakı münasibət dünya üçün təhlükə mənbəyinə çevrilir, beynəlxalq təhlükəsizliyi təhdid edir. Ancaq Türkiyə-Azərbaycan əlaqəsi dünyaya örnək olmaqla yanaşı, həm də faydalıdır.

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Zəngilanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatla çıxış edən zaman bu kimi məsələlərə də toxunub: “Bu gün regional işlərdə, hətta dünya miqyasında Türkiyə və Azərbaycan birliyi, qardaşlığı önəmli faktora çevrilib. Türkiyə əziz qardaşımın liderliyi ilə artıq dünya miqyasında böyük gücə çevrilib və heç kim Türkiyəyə öz iradəsini diktə edə bilməz. Mən bilirəm ki, sizin çox sıx iş qrafikiniz var. Siz bu yaxınlarda Afrikanın dörd ölkəsində rəsmi ziyarətdə olmusunuz. Ondan sonra Türkiyədə bir önəmli mərasimdə olmusunuz. Ondan sonra vaxt tapıb buraya gəlmisiniz ki, bizimlə bərabər - Azərbaycan xalqı ilə bərabər bu gözəl gündə bir yerdə olasınız. Biz bunu çox yüksək qiymətləndiririk. Bu, əsl qardaşlıq nümunəsidir, əsl dostluq nümunəsidir. Həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, biz bir yerdəyik. Bizim birliyimiz sarsılmazdır və əbədidir”.

Rəcəb Tayyib Ərdoğan da iki dövlət arasında əlaqələrdən, onun inkişafı və faydalarından, regional məsələlərdən danışıb. O, Zəngilanda Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatlarla çıxış edən zaman deyib: “Türkiyə olaraq üzərimizə düşəni etməyə, qardaş Azərbaycana hər cür dəstəyi verməyə davam edəcəyik. Bu gün İlham Əliyevlə görüşlərimizdə ikitərəfli və regional məsələləri bütün detalları ilə müzakirə etdik. İqtisadi və ticarət sahəsində işbirliyimizin genişləndirilməsini, enerji, nəqliyyat və Qarabağın inkişafı sahəsində mövcud durumu, gələcəyə dair planları da nəzərdən keçirdik. Eyni zamanda Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə çatdırdığımız əlaqələrimizi necə daha da inkişaf etdirəcəyimizi müzakirə etdik”.

Beləliklə, hər iki lider öz əməli fəaliyyəti ilə milli maraqları hər şeydən üstün tutduqlarını və qətiyyətlə qoruduqlarını nümayiş etdirirlər. Bu gün öz liderlərinin sayəsində Türkiyə və Azərbaycan böyük uğurlar əldə etmiş, bütün dünyada prinsipial, cəsarətli, düşünülmüş siyasət yürüdən ölkələr kimi tanınır və qəbul edilirlər.

Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra həmin ərazilərdə çox böyük quruculuq işləri görüb. Görülən quruculuq işləri regionun iqtisadi inkişafına da təkan verəcək. Bu, Cənubi Qafqaz respublikalarının, onlara qonşu dövlətlərin, habelə regionda marağı olan güclərin əməkdaşlığına müsbət təsir göstərəcəyi istisna edilmir. Azərbaycanın işğaldan təmizlənən ərazilərdə gördüyü işlər həm də regionun iqtisadi, turizm və kənd təsərrüfatı potensialının reallaşmasına yardım edəcək. Bu istiqamətdə görülən işlər bölgəyə sülh, inkişaf və tərəqqi gətirir.

Hadisələr sübut etdi ki, Ermənistan uzun illərdir regionda fəlakətlərlə nəticələnən siyasət yürüdüb. Rəsmi İrəvanın yürütdüyü dağıdıcı siyasət regionun təhlükəsizliyini 30 ildir təhdid edir. Azərbaycan ərazilərində faciəvi durum yaranması fonunda rəsmi Bakının həyata keçirdiyi quruculuq missiyası regional əməkdaşlıqdan başqa yolun olmadığını bir daha təsdiqləyib. Azərbaycanın apardığı quruculuq işləri regionun yeni şəraitinin memarı olduğunu beynəlxalq ictimaiyyətə göstərdi. Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq isə regional inkişafa təkan verəcək.

Son xəbərlər

Orphus sistemi