ABŞ Konqresinin Nümayəndələr Palatasında noyabrın 15-də “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmələr keçirilib. Təfərrüatlara varmadan öncə onu deyək ki, bu dinləmələr birbaşa olaraq qeyri-obyektiv yanaşmanın təzahürü olmaqla yanaşı, həm də təxribatdır.
Məsələ ondadır ki, Azərbaycan Qarabağ məsələsini artıq həll edib. İkincisi, “Dağlıq Qarabağ” anlayışı özü doğru deyil və artıq yoxdur. Azərbaycanda “Qarabağ iqtisadi rayonu” toponimi var. Üçüncüsü, Qarabağ Azərbaycan ərazisidir. Və əgər belədirsə, deməli, Qarabağın gələcəyi də bizim işimizdir. Bu məsələ niyə hansısa dairələrdə Azərbaycanın razılığı və nümayəndələri olmadan müzakirə olunmalıdır ki?!
Sözügedən dinləmələr ABŞ-nin “Roma Papasından artıq katolik olmaq” ritorikasının göstəricisidir. Nəzərə almaq lazımdır ki, artıq Ermənistan hakimiyyəti də Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır.
Bu dinləmələrin təşkili göstərdi ki, ABŞ və Fransa güclü, suveren, müstəqil Azərbaycan dövlətini qəbul edə bilmir. Xüsusilə Vətən müharibəsindən sonra rəsmi Bakı bölgədə yeni reallıqlar yaradıb. Bu isə Qərbə bölgədə öz çirkin niyyətlərini həyata keçirməyə imkan vermir. Ona görə də Paris və Vaşinqton vurnuxur. Bu, aydın hiss olunur.
Təsadüfi deyil ki, dinləmələrin keçirilməsinə ən çox dəstək verən ABŞ-dəki erməni lobbisi olub. Tədbirin təşkilatçısı Konqresin Avropa məsələləri üzrə alt komitəsinin sədri Tomas Kin bundan əvvəl Ermənistanın ABŞ-dəkı səfiri Lilit Makuns ilə görüşüb. Bu, əlbəttə, ciddi məqamdır. Məqsəd aydındır: münaqişəni bərpa etmək, sülh prosesinin qarşısını almaq. Halbuki bu cəhdlər əbəsdir. Çünki Azərbaycan nə ABŞ, nə də Konqres qarşısında öhdəlik daşımır. Həm də heç bir ölkə Azərbaycanla təzyiq dili ilə danışa bilməz. Tarixi təcrübə göstərir ki, bu, bir çox hallarda bumeranq effekti verir. ABŞ anlamalıdır ki, Azərbaycan olmadan nə Cənubi Qafqazda, nə də Mərkəzi Asiyada siyasəti olmayacaq. Çünki rəsmi Bakı bu gün Cənubi Qafqazın əsas siyasi aktorudur. Eyni zamanda Azərbaycanın Türk Dövlətləri Təşkilatı (TDT) daxilindəki fəaliyyəti bizim Mərkəzi Asiyadakı mövqelərimizin getdikcə möhkəmlənməsinə şərait yaradır.
Qeyd etmək yerinə düşər ki, Konqres ölkədə günbəgün artan dövlət borcundan başlayaraq irqi ayrıseçkilik, polis zorakılığı, kriminalın baş alıb getməsi və digər çoxsaylı daxili problemlərlə məşğul olsaydı, daha düzgün olardı. Bunun əvəzində Azərbaycanın daxili işlərinə qarışmaq nə etik, nə də beynəlxalq hüquq baxımdan düzgündür. Başqa vaxt demokratiya fenomenini əlində bayraq tutan Qərb niyə indi beynəlxalq hüququ görməzdən gəlir? Bu, Qərbin ikiüzlülüyünün ən bariz nümunələrindəndir.
ABŞ məhz başqalarının daxili işlərinə qarışmaqla bu gün dünyanı sürətlə Üçüncü dünya müharibəsinə doğru aparır. Şərqi Avropa, Yaxın və Orta Şərqdə katalizator rolunu oynamağa çalışan Qərbin dünyanın müxtəlif bölgələrində baş verən siyasi kataklizmlər, müharibələr, dövlət çevrilişləri, vətəndaş müharibələrində birbaşa əli var. Bu, rəsmi Vaşinqtonun dağıdıcı siyasi kursundan xəbər verir. Sözsüz ki, Liviya, Suriya, İraq və Əfqanıstandakı bu günkü durum məhz həmin dağıdıcı xarakterli siyasi kursun nəticəsidir. 20 il Əfqanıstanı işğal altında saxlayan ABŞ bu ölkədə bir dənə də olsun obyekt tikmədi, yol salmadı.
Əksinə, bu illər ərzində bütün ölkəni narkotik plantasiyasına çevirdi. ABŞ Əfqanıstanı tərk etdikdən sonra bu ölkədə narkotik plantasiyalarının həcmi 20 dəfədən çox azalıb. Bu gün Qəzzada baş verənlərin ssenari müəllifi də Vaşinqtondur. Rusiya-Ukrayna qarşıdurmasını alovlandıran və bu alovu sönməyə qoymayan məhz Ağ Evdir.
ABŞ göz görə-görə öz ambisiyaları naminə təsir göstərə bildiyi dövlətləri qurban verir. Avropanı Rusiyanın enerji resurslarından məhrum edən ABŞ bu böyük bazarı özününküləşdirib. ABŞ-nin Latın Amerikasında, Afrika qitəsində törətdiyi cinayətlər Amerikaya qarşı kəskin mənfi münasibət yaradıb. Postsovet məkanı, Cənubi Qafqazda baş vermiş və hələ də davam edən siyasi kataklizmlərin ən böyük səbəbkarı da məhz ABŞ-dir.
Sadalıqlarımızı biz yaxşı bilirik. Azərbaycan ABŞ-nin çirkin, destruktiv siyasətinə yaxşı bələddir. ATƏT Minsk qrupunun həmsədrlərindən biri kimi ABŞ ərazilərimizin işğalı, etnik təmizləmə, milli-mədəni irsimizin məhv edilməsi, sərvətlərimizin talanmasına görə də məsuliyyət daşıyır. ABŞ bir dəfə də olsun işğal müddətində Ermənistanı qınamadı, BMT TŞ-nin məlum 4 qətnaməsinin icrası istiqamətində addım atmadı. Amma 1992-ci ildə Azərbaycana qarşı “907-ci düzəliş”i qəbul etdi. İndi bu dövlət necə vasitəçilik iddiasında ola bilər?! Bu riyakarlıq deyilsə, bəs nədir?!
ABŞ öz hegemon siyasətini davam etdirərək, Azərbaycanın İranla Naxçıvan Muxtar Respulikasına Zəngilandan çəkiləcək yolla bağlı müqaviləni də tənqid edib və bu layihənin uğursuz olduğunu bəyan edib. Azərbaycan XİN öz novbəsində ölkənin müstəqil siyasət həyata keçirdiyini bildirərək, istənilən ölkə ilə razılaşma əldə olunmasını özünün suveren hüququ olduğunu nəzərə çatdırıb.
Yeri gəlmişkən, dünən Konqresdə çıxış edənlər bildirdilər ki, ABŞ Azərbaycana yardım etməyəcək. Bunlar hədələr olsa da, “boş güllədir”. Çünki Azərbaycanın heç bir ölkənin yardımına ehtiyacı yoxdur. Bu dövlətin siyasəti aydındır: pulla təsir göstərə bildiyi dövlətləri öz tərəfinə çəkmək, daha doğrusu, maraqlarını təmin etmək. Vaşinqton “pul verərək musiqini sifariş edir”. Biz bu oyuna getmərik. ABŞ-nin vaxtilə Qarabağdakı separatçılara minatəmizləmə adı altında ildə 10 milyon dollar vəsait ayırması, onların ABŞ-da yardım kampaniyaları keçirib pul yığmalarına şərait yaradılması, rejimin bu ölkədə nümayəndəliyinin fəaliyyətinə göz yumulması dediyimiz fikri sübut edir.
Azərbaycan xalqı uzun illər bu pisliyi, riyakarlığı görüb, hiddətlənib və heç vaxt da onları unutmayacaq. Ona diktə etmək istəyənlərə yeri göstəriləcək, necə ki, göstərilir. Rəsmi Bakı artıq cavab addımı olaraq ABŞ-nin yüksək səviyyəli rəsmilərinin ölkəyə səfərlərini yersiz adlandırıb. Bundan başqa bildirilib ki, noyabrın 20-də Vaşinqtonda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündən imtina edir.
Müstəqil siyasət həyata keçirən Azərbaycan bütün hərəkətləri ilə bir daha sübut edir ki,hansısa dövlətin diktəsini qəbul etməyib və etməyəcək də.