Ermənistanın nicatı Bakı və Ankara ilə münasibətlərin normallaşmasından keçir - ŞƏRH

Ermənistanın nicatı Bakı və Ankara ilə münasibətlərin normallaşmasından keçir - ŞƏRH Azərbaycanın Ermənistanla münasibətlərin normallaşması, yekun sülh sazişinin imzalanması və nəticədə regional əməkdaşlıq mühitinin təmin olunması istiqamətində səyləri davam edir. İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünü təmin
Analitika
20 Avqust , 2024 12:36
Ermənistanın nicatı Bakı və Ankara ilə münasibətlərin normallaşmasından keçir - ŞƏRH

Azərbaycanın Ermənistanla münasibətlərin normallaşması, yekun sülh sazişinin imzalanması və nəticədə regional əməkdaşlıq mühitinin təmin olunması istiqamətində səyləri davam edir. İkinci Qarabağ müharibəsi nəticəsində ərazi bütövlüyünü təmin etməsindən sonra başlanan proses məqsədyönlü şəkildə davam edir.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov avqustun 19-da Rusiya KİV-inə müsahibəsində deyib ki, rəsmi Bakı Ermənistanla münasibətləri normallaşdırmağı hədəfləyir, lakin bütün əsassız tələblər tamamilə aradan qaldırılmalıdır: “Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmaq niyyətindədir, lakin rəsmi İrəvanın uzun onilliklər ərzində diktə etdiyi bütün əsassız tələblər tamamilə aradan qaldırılmalıdır. Bu, bəyanatlar və s. səviyyədə baş verməməlidir, hüquqi cəhətdən əsaslandırılmış formada öz əksini tapmalıdır”.

Məlum olduğu kimi, rəsmi Bakı qalib tərəf olmasına baxmayaraq, sülh təşəbbüsü ilə çıxış edir. Baş verən proseslər də göstərir ki, Azərbaycan sülhün təmin olunması üçün bütün mümkün imkanlardan istifadə edir, əlindən gələni davam etdirir. Ermənistan isə hələ ki, adekvat mövqe nümayiş etdirə bilmir.

Məsələ burasındadır ki, Ermənistanın hərbi-siyasi hakimiyyəti sülh istədiyini bildirir. Amma bu, əməldə təsdiqlənmir. Əslində, bəlkə də, regional əməkdaşlıq mühitinin təmin olunması rəsmi İrəvanın ürəyincədir. Və ola bilsin ki, Ermənistan həqiqətən də səmimidir. Çünki başqa yolu da yoxdur. Bu gün faktiki olaraq Rusiya və Qərb arasında siyasi poliqona çevrilən və gələcəkdə Ukraynanın taleyini yaşayaraq, hərbi poliqona da çevrilməsi istisna edilməyən Ermənistana yeni təhlükəsizlik çətiri lazımdır. Bunun üçün ən optimal variant isə Bakı və Ankara ilə münasibətlərin normallaşdırılmasıdır.

Etiraf etmək lazımdır ki, münasibətlərin normallaşdırılması nəticəsində müəyyən irəliləyiş əldə olunub. Bunu Bakı da, Ankara da, İrəvan da etiraf edir. Əlbəttə, əldə olunan nəticələr xeyli dərəcədə ikitərəfli təmaslar nəticəsində mümkün olub. İndi sülhə mane olan əsas məsələ Ermənistanın Azərbaycana qarşı davam ərazi iddialarıdır. Belə ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı açıq-aydın ərazi iddiaları var. Bu isə o deməkdir ki, mümkün sülh təhdid altındadır. Çünki Ermənistanın hazırkı və ya gələcək hərbi-siyasi hakimiyyəti ali hüquqi sənədə istinad edərək istənilən an revanşa cəhd edə bilər. Azərbaycan isə məsələni birdəfəlik, əbədi həll etmək niyyətindədir.

Bu baxımdan rəsmi Bakının əsas tələbi Ermənistan konstitusiyasının dəyişdirilməsidir. Bu, asan məsələ deyil. Konstitusiya dəyişikliyi nəticəsində Ermənistan daxilində ciddi kataklizmlərin yaşanması, xalqın iqtidara qarşı çıxması mümkündür. Amma baş nazir Nikol Paşinyanın və onun komandasının bundan başqa yolu yoxdur. Ermənistan konstitusiya dəyişikliyinə nə qədər tez gedərsə, öz təhlükəsizliyini bir o qədər tez təmin etmiş olar. Nəzərə almaq lazımdır ki, Ermənistan konstitusiyasını dəyişmədikcə Türkiyə ilə münasibətlər də məhdud səviyyəyə qədər inkişaf edəcək. Birincisi, Ermənistanın ali hüquqi sənədində Türkiyəyə qarşı da ərazi iddiaları var. İkincisi isə rəsmi Bakının maraqlarının təmin olunması Ankara üçün “qırmızı xətdir”. Türkiyə bunu dəfələrlə, müxtəlif səviyyələrdə dilə gətirib.

Məsələnin başqa bir tərəfi Ermənistanın son vaxtlar intensivləşən hərbi təxribatlarıdır. Belə ki, avqustun 18-ində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Avqustun 19-da isə Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Gorus rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən ordumuzun üzbəüz mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Son zamanlar Ermənistan hərbi təxribatlarını yenidən intensivləşdirib. Xatırlatmaq yerinə düşər ki, bundan əvvəl də bir neçə dəfə Naxçıvan istiqamətində Azərbaycan mövqeləri atəşə tutulub.

Öncə onu deyək ki, Kəlbəcər istiqamətində mövqelərimizin atəşə tutulmasının Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri günündə baş verməsini təsadüf hesab etmək olmaz. Ola bilsin ki, bu, Ermənistan hakimiyyətinin və ya onun arxasında duran güclərin Rusiya liderinin Bakıya səfərinə etiraz əlaməti idi. Mümkündür ki, onlar bu yolla “suları bulandırmaq” istəyirdilər.

V.Putinlə Azərbaycan Prezidenti İlham Əliyevin görüşü zamanı xüsusilə Cənubi Qafqazdakı vəziyyət, o cümlədən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi də müzakirə olunub.

Rusiya regional sülh prosesinə əvvəlkinə nisbətən indi daha loyal yanaşır. Bunun bir neçə səbəbi var. Birincisi, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünü təmin etməsindən sonra bölgədə yeni reallıqlar yaranıb. Rəsmi Moskva da bunu qəbul edir. İkincisi, indiki həssas məqamda Rusiya Azərbaycanla münasibətlərdə ziddiyyətlərin yaranmasında maraqlı deyil. Ona görə də Kreml rəsmi Bakının maraqlarını nəzərə alır. Üçüncüsü, indi regional sülh heç vaxt olmadığı qədər yaxındır. Həm Qərb, həm də Rusiya bölgədə təsir imkanlarını gücləndirməyə, ən yaxşı halda qorumağa çalışır. Və hər iki tərəf başa düşür ki, əgər bunu xaosla etmək mümkün deyilsə, deməli, mümkün sülh prosesində iştirakçı olmaq lazımdır.

V.Putinin səfərindən əvvəl Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Bakıya gəlmişdi. O, Prezident İlham Əliyevin qəbulunda olmuşdu. Həmin səfər zamanı da əsas müzakirə mövzularından biri məhz normallaşma əlaqələri idi.

Düşünmək olar ki, S. Şoyqunun səfəri məhz V.Putinin səfərinə hazırlıq idi.

Görünən odur ki, Rusiya regionda sülh istəyir.

Bu isə Ermənistanın arxasında dayanan, ona hər cür hərbi və maddi dəstək verən ABŞ və Fransanı narahat edir. Çünki həmin oyunçular məhz bölgənin “ən zəif bəndi olan” İrəvan vasitəsilə regionda qarşıdurma yaratmaq və beləliklə, özlərinin Cənubi Qafqazdakı maraqlarını təmin etmək istəyirlər.

Qərb dövlətləri başa düşürlər ki, Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müəyyən nəticələrin əldə olunması mümkündür. Hər halda belə bir təcrübə var. Odur ki, proses irəlilədikcə, Qərb Ermənistan vasitəsilə süni əngəllər yaradır, hərbi-siyasi təxribatlara zəmin yaradır.

Təxribat cəhdlərinin yaxın gələcəkdə davam etməsi və intensivləşməsi gözləniləndir. Nəzərə almaq lazımdır ki, noyabrda Bakıda keçiriləcək COP29-da Ermənistanın baş naziri Nikol Paşinyanın da iştirakı gözləniləndir. Bu, münasibətlərin normallaşması istiqamətində ciddi addım olacaq. Əgər N.Paşinyan Bakıya gələrsə, İlham Əliyevlə görüşə və ciddi razılıqlar əldə oluna bilər.

Qərb də bundan narahatdır. Ona görə də noyabra qədər regionda “suları bulandırmaq” istəyəcək. Odur ki, dediyimiz kimi, hərbi-siyasi təxribatların intensivləşməsi, beləliklə, mümkün konstruktiv mühitinin qarşısının alınmasına çalışılması gözləniləndir.

Əslində Ermənistan hərbi-siyasi hakimiyyəti, həqiqətən, sülh istəyir. Çünki başqa yolunun olmadığını bilir. Qərb və Rusiya arxasında sıxışan rəsmi İrəvan üçün ən optimal variant Bakı və Ankara ilə münasibətlərin normallaşması, regional əməkdaşlıq mühitinin təmin olunmasıdır. Bu, Ermənistan üçün “təhlükəsizlik çətiridir”.

N.Paşinyan bunu anlayır. Problem ondan ibarətdir ki, Ermənistan hakimiyyəti lazımi siyasi iradə ortaya qoya, havadarlarının təsiri altından çıxa bilmir. Bu isə İrəvan üçün yaxşı nə isə vəd etmir. Hərbi-siyasi təxribatların davam etməsi həm Ermənistan hakimiyyəti, həm də dövlətçiliyi üçün ciddi təhlükədir. Bir müddətdən sonra rəsmi Bakı öz təhlükəsizliyi naminə adekvat cavab tədbirləri görə bilər. Bu, Ermənistan üçün sonun başlanğıcı deməkdir.

Son xəbərlər

Orphus sistemi