Azərbaycan-Rusiya iqtisadi münasibətləri yeni mərhələyə qədəm qoyur - RƏYLƏR

Azərbaycan-Rusiya iqtisadi münasibətləri yeni mərhələyə qədəm qoyur - RƏYLƏR Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın noyabrın 20-25-də Rusiya Federasiyasına etdiyi səfər ikitərəfli münasibətlərə ciddi təkan verəcək.
Analitika
26 Noyabr , 2019 11:44
Azərbaycan-Rusiya iqtisadi münasibətləri yeni mərhələyə qədəm qoyur - RƏYLƏR

"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın noyabrın 20-25-də Rusiya Federasiyasına etdiyi səfər ikitərəfli münasibətlərə ciddi təkan verəcək". 

Bunu "Report"a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. 

Xatırladaq ki, sözügedən səfər çərçivəsində Azərbaycanın I xanımı paytaxt Moskvadakı Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət edib, Dövlət Tretyakov Qalereyasına baş çəkib, “Lujniki” Olimpiya Kompleksində Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanovanın Gimnastika Mərkəzi ilə tanış olub, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (VDNX) əsaslı yenidənqurma aparılan Azərbaycan pavilyonunun açılışında, eləcə də Sərginin “Kosmos” binasında keçirilən X Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak edib. Birinci vitse-prezident Rusiya Prezidenti Vladimir Putin, Baş Naziri Dmitri Medvedev, Federasiya Şurasının sədri Vaıentina Matviyenko ilə görüşüb. 

M.Əliyeva görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini, Rusiyanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğunu, qeyri-neft məhsullarının idxalı üzrə I yeri tutduğunu qeyd edib: "Əgər biz göstəricilərə baxsaq, onlar böyük nikbinlik doğurur. Biz hər il artım qeyd edirik, əmtəə dövriyyəsi artır. Ötən il 19% artım olub və 2,6 milyard ABŞ dolları təşkil edib. Bu ilin 9 ayında isə artım 24%-ə çatıb. Yəni, bu göstəricilər olduqca nikbindir. Qarşılıqlı sərmayə qoyuluşu artır. Azərbaycan iqtisadiyyatına yatırılan Rusiya sərmayələrinin həcmi 4,9 milyard dollardır, Azərbaycan Rusiyaya 1,2 milyard dollar sərmayə qoyub. Mühüm olan odur ki, hökumətlərarası komissiyanın təhlilinə görə, bu potensialdan tam şəkildə istifadə edilməyib, daha 2-3 dəfə artım mümkündür. Turizm sahəsində yaxşı göstəricilər var. Rusiyadan bizim ölkəmizə səyahət edənlərin sayı artır. Ötən il 900 min rusiyalı Azərbaycanda olub. Cari ildə həmin göstəricinin artacağı gözlənilir".

"Rusiya Azərbaycan bazarını itirmək istəmir"

İlqar Vəlizadə

Политолог Ильгар Велизаде:

İ.Vəlizadənin sözlərinə görə, iqtisadi münasibətlərdə regionlararası əməkdaşlığa kifayət qədər böyük önəm verilir: "Azərbaycanın Rusiyanın 70-dən artıq vilayəti ilə iqtisadi münasibətləri var. Onlarla müqavilə imzalanıb. Ticarət dövriyyəsinin böyük bir qismi regionların payına düşür. Səfər göstərdi ki, Rusiyanın iri şirkətləri və regional subyektləri Azərbaycanla investisiya cəlb edilməsi baxımından əməkdaşlıqda maraqlıdır. Bu illər ərzində Rusiya-Azərbaycan münasibətlərində investisiya məsələsi vacib rol oynayıb. Azərbaycan və Rusiyanın qarşılıqlı investisiya qoyuluşu az deyil.  Nəzərə alsaq ki, Azərbaycan bir o qədər də böyük ölkə deyil, Rusiya besnesmenlerinin Azərbaycana marağı göstərir ki, ölkəmiz investisiya qoyuluşu baxımından əlverişlidirr və Rusiya biznesi bunu layiqincə qiymətləndirir. Azərbaycan da Rusiyanın emal sahələrinə yatırımlar edib. Səfər də onu göstərir ki, Rusiya Azərbaycan bazarını itirmək istəmir, münasibətləri inkişaf etdirməkdə maraqlıdır və bunun üçün addımlar atır”.

"İki ölkənin şirkətlərinin investisiya yatıracağı sahələr hələ də mövcuddur".

Ramil Abbasov

Председатель правления Центра исследований и развития "Спектр" Рамиль Аббасов:

"M.Əliyevanın səfərini həm siyasi, həm də iqtisadi baxımdan yüksək qiymətləndirirəm". 

Bunu isə "Report"a açıqlamasında Spektr Araşdırma və İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Ramil Abbasov deyib. 

"Bu yaxınlaşma təbii ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında başlıca rol oynayan Rusiyanın mövqeyinə təsir göstərə bilər. Bundan başqa, hazırda bir sıra ölkələr arasında ticarət müharibələri gedir. Bəzi ölkələrə iqtisadi sanksiyalar qoymaqla və yaxud hansısa ölkəni zəiflətməklə iqtisadi nüfuz dairəsini genişləndirmək cəhdləri var. 

Daima Qərbin təzqiqlərinə məruz qalan Rusiyanın regionda özünə daimi iqtisadi tərəfdaş axtardığı açıq-aydın görünür. Biz bunu Rusiyanın ölkəmizə yatırdığı sərmayələrdən hiss edə bilərik. Unutmaq lazım deyil ki, iqtisadi güc həlledici rol oynayır. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Azərbaycandan qeyri-neft məhsullarının ən çox ixrac olunduğu ölkə məhz Rusiyadır. Ticarət dövriyyəsinin daha da artırılması və şaxələndirilməsi üzrə kompleks tədbirlər həyata keçirilməkdədir. Azərbaycan xaricdə özünün ilk ticarət nümayəndəliyini Rusiyada açıb. Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuraları yaradılıb və uğurla fəaliyyət göstərməkdədir.

İndiyə qədər Azərbaycanla Rusiya arasında 140-a yaxın dövlətlərarası və hökumətlərarası müqavilə və saziş imzalanıb. Ötən il isə 2024-cü ilə qədərki dövr üçün Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətləri üzrə plan imzalanıb. Bu proqram sənədi özündə 5 “Yol xəritəsi”ni ehtiva edir. Bu sənədlər ticarətin və qarşılıqlı sərmayələrin artırılmasına, nəqliyyat potensialının inkişafına, birgə müəssisələrin yaradılmasına, rəqəmsallaşma sahəsində, büdcə-vergi sektorunda təcrübə mübadiləsinə, eləcə də humanitar əlaqələrə istiqamətlənib.

Hesab edirəm ki, M.Əliyevanın Rusiyaya səfəri çərçivəsində iki ölkə arasında imzalanmış yeni sənədlər rəqəmsallaşma, kənd təsərrüfatı, turizm sahələrində, humanitar sahədə ikitərəfli qarşılıqlı əməkdaşlığın inkişafına töhfə verəcək. Bu səfərin daha çox iqtisadi xarakter daşıdığını nəzərə alaraq demək ki, ölkəyə investisiya yatırılması baxımından  mühüm əhəmiyyət kəsb edir. Həmin görüşdə də deyildiyi kimi, Azərbaycan və Rusiya arasındakı əməkdaşlıq imkanlarından lazımınca istifadə olunmayıb. Belə ki, həm Rusiya, həm Azərbaycan şirkətlərinin investisiya yatıracağı sahələr hələ də mövcuddur".

Son xəbərlər

Orphus sistemi