Azərbaycan havaları ilə başa çatan Frankofoniyanın uğursuz Yerevan sammiti - ŞƏRH

Azərbaycan havaları ilə başa çatan Frankofoniyanın uğursuz Yerevan sammiti - ŞƏRH Bakı. 13 oktyabr. REPORT.AZ/ Cənubi Qafqazda beynəlxalq tədbirlər sabitliyə, təhlükəsizliyə, iqtisadi inkişafa, dinc yanaşı yaşamağa və əməkdaşlığa xidmət edirsə, alqışa layiqdir.
Analitika
13 Oktyabr , 2018 16:28
Azərbaycan havaları ilə başa çatan Frankofoniyanın uğursuz Yerevan sammiti - ŞƏRH

Bakı. 13 oktyabr. REPORT.AZ/ Cənubi Qafqazda beynəlxalq tədbirlər sabitliyə, təhlükəsizliyə, iqtisadi inkişafa, dinc yanaşı yaşamağa və əməkdaşlığa xidmət edirsə, alqışa layiqdir.

Təbii ki, bu prinsiplər dünyanın istənilən bölgəsində keçirilən tədbirlər üçün keçərlidir.

Ancaq oktyabrın 12-də başa çatan XVII Beynəlxalq Frankofoniya Təşkilatının (BFT) sammitində bu prinsiplərə əməl edilmədi.

Yadda qalan hadisə və fəaliyyət olduqda, beynəlxalq tədbirlər tarixə düşür.

Bu baxımdan, Yerevanda keçirilən sammit nə ilə yadda qalıb? Bu təşkilata kimlər başçılıq edir? Təşkilat uğrunda mübarizə varmı?

Ruandanın xarici işlər naziri Luiz Muşikivabo təşkilatın yeni baş katibi seçilib. O, bu postda Mişel Janı əvəz edib. Sammit daha çox uğursuzluğu ilə yadda qaldı. Onun işini belə də qiymətləndirmək olar: Saxta "erməni soyqırımı"ndan danışdılar, Nikol Paşinyanı təriflədilər, yedilər, içdilər, Azərbaycanın rəqs havalarına qol götürüb oynadılar və dağılışdılar.

Çünki bu, beynəlxalq səhnədə çox yersiz və icitmai-mədəni yükü olmayan bir təşkilatdır. Bu yerdə təbii bir sual olunur, o zaman niyə həmin sammitdən danışmağa vaxt ayırırıq? Əvvəla, onun himayədarı və lideri Fransadır. Fransa isə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ münaqişəsinin həllinə vasitəçilik edən ATƏT-in Minsk Qrupunun 3 həmsədr ölkəsindən biridir. Odur ki, tədbirdə Dağlıq Qarabağ və soyqırımı məsələləri ilə bağlı fikirlər Azərbaycanın maraqları və regional təhlükəsizlik, əməkdaşlıq baxımından maraqlıdır.

Təşkilatın keçmiş baş katibi Mişel Janın paylaşdığı fikirlər təşkilatın vəziyyətini göstərir. O, “Twitter” səhifəsində yazıb: “Bu təşkilat dəyər və prinsipləri saxtalaşdırdığından artıq ölüyə çevirilib”.

Frankofoniyadakı vəziyyət Fransa Prezidenti Emmanuel Makronla M.Janın çıxışları arasında konseptual fərqlərdə də özünü göstərib.

M.Jan baş katib vəzifəsinə yenidən seçilmək üçün Fransanın dəstəyini ala bilməyib. Bu, özünü onun Sammitdəki tənqidi çıxşında da göstərib: “Biz beynəlxalq təşkilatın şəxsi məqsədlərə xidmət etdiyini qəbul etməyə hazırıq. Biz qəbul etməyə hazırıq ki, realpolitika, dövlətlər arasında xırda anlaşmalar və ya şəxsi maraqlar naminə “demokratiya”, hüquqlar” və “azadlıqlar” kimi anlayışlar yalnız mənası olan sadə sözlər səviyyəsinə endirilsin... Biz hazırıq ki, qısamüddətli eqoizm, beynəlxalq əməkdaşlığa yalnız mənfəət nəzər-nöqtəsindən yanaşma, quldur sərmayə və ya korrupsiya həmrəylik, həqiqi qarşılıqlı tərəfdaşlıq tələblərini üstələsin?

Özümüzə deməliyik ki, hərəkətsizlik, gecikmə və kompromis tənəzzülün bir növüdür, çünki dəyərlərə və prinsiplərə xəyanət edən təşkilat artıq ölümcül haldadır”.

Nöqtəni burada qoymaq olardı. Fransa mətbuatı Janın da heç də “imam övladı” olmadığı barədə məqalələr yazıb.

Dezinformasiya və təbliğat üzrə ixtisaslaşmış fransız mediası M.Janı nüfuzdan salmaq üçün təşkilatın vəsaitələrini şəxsi məqsədlər üçün istifadə etməkdə, yarım milyon avro xərcləyərək iqamətgahını təmir etdirdiyini, xarici səfərlərdə çoxlu pullar xərclədiyindən yazıb.

Fransa mətbuatının yaydığı məlumata əsasən, o, Parisdə Eyfel qülləsinin yaxınlığında dövlət hesabına çox böyük malikanə tikdirib. Bunun üçün o, dövlət büdcəsindən yarım milyon avro xərcləyib. 3 yataq otağından ibarət olan mənzilinin sahəsi 279 kv. metrdir.

Bu, təşkilata başçılıq edənlərin, yaxud onları bu vəzifəyə gətirənlərin mənəvi-əxlaqi qabiliyyətini göstərir.

Beynəlxalq istimaiyyət sammit zamanı humanizm, sülh, insan hüquq və azadlıqları kimi ümumbəşəri dəyərlərin müdafiəsi yollarının axtarışı əvəzinə Fransa Prezidenti Emannuel Makronla Mişel Jan qarşıdurmasının şahidi olub.

Qarşıdurma bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb edən məsələ üstündə deyil, sırf hakimiyyət hərisliyi və bölgüsü idi. Bu yalnız əslən Kanadadan olan Mişel Janla Emmanuel Makron qarşıdurması olmayıb, həm də Makronla Kanadanın baş naziri Jastin Tridönün ambisiyalarının toqquşmasında özünü göstərib.

Fransa ilə Kanada arasında daxili liderlik uğrunda mübarizə təşkilatın Baş katib seçkisində də təsdiqini tapıb.

Baş verənlər deməyə əsas verir ki, Fransa BFT-dən öz maraqları naminə istifadə edir. Yeni Baş Katib vəzifəsinə Ruandanın xarici işlər nazirinin namizədliyini dəstəkləyib. Bu addım Fransanın Ruandaya jesti kimi qiymətləndirilir.

1994-cü ildə Ruandada soyqırımı həyata keçirmiş dəstələrin rəhbərlərinin Fransa tərəfindən dəstəklənməsi barədə məlumatlar var. Hutu-Tutsi qarşıdurması nəticəsində 800 min günahsız insan öldürülüb.

Fransanın keçmiş Prezidenti Nikol Sarkozi Ruandada səfərdə olarkən ölkəsinin bu soyqırımda rolunu üstüörtülü də olsa, qəbul etmişdi.

Məhz buna görə illərlə Fransa ilə Ruanda arasındakı əlaqələr dondurulmuş vəziyyətdə olub. Ruandada məlum hadisələrdən sonra 2008-ci ildə rəsmi təhsil dili kimi fransız dili yerinə ingilis dili elan edilib. Birləşmiş Krallıq ilə heç bir xüsusi tarixi bağlılığı olmadığı halda, Ruanda “British Commonwealth”in (“Britaniya Millətlər Birliyi”) üzvü olmuşdu.

Frankofoniya adından da göründüyü kimi, əsasən, fransız dili amili üzərində qurulub. Ancaq sonralar Fransa ilə uzunmüddətli əməkdaşlıq məsələsi önə çıxırılıb. Bununla belə, fransız dillilik daha çox arzu edilir.

Bu baxımdan,  Afrika İttifaqı çərçivəsində Ruandanın xarici işlər nazirinin namizədliyinə o qədər də xoş baxmasalar da, onlar Fransanın sözündən çıxa bilmirlər. Ruanda da rəsmi təhsil dilini fransızdan ingilis dilinə dəyişdirib. Luiz Muşikivabonın seçilməsi və gələcək fəaliyəti də müəyyən suallar doğrur. Belə çıxır ki, Fransa üçün təşkilata rəhbərlik edənin Mişel Janın timsalında mənəvi-əxlaqı göstəricisinin, yaxud Ruandanın nümunəsində fransız dilinin ingilisə dəyişdirilməsinin əhəmiyyəti yoxdur. Təki Fransanın liderliyi ilə təşkilat mövcud olsun. Bir də ola bilsin baş katib məsələsində sözə baxanlığa üstünlük verilir.

Kanada ilə Fransanın təşkilatdaxili liderlik müabarizəsinin məqsədi həm də Afrika ölkələrində itirilmiş nüfuzun bərpa edilməsi və ya yeni münasibətlərin yaradılmasıdır. Təşkilata üzv olan dövlətlərin çoxu bir zamanlar Fransanın müstəmləkəsi olub.

Bu baxımdan, sənaye dövləti olan Kanada da Frankofoniya vasitəsilə xüsusən Afrika ölkələrində nüfuzunu artırmaq və qitənin təbii sərvətlərinə daha geniş çıxış imkanları əldə etmək kimi məqsədlər güdür.

Ermənistanda hakimiyyətə gələn yeni siyasi qüvvə üçün təşkilatdaxili müzakirə, yaxud Kanada ilə Fransının nüfuz uğrunda mübarizəsi o dərəcə də əhəmiyyət kəsb etmir. Rəsmi Yerevan birmənalı şəkildə Fransa tərəfdədir. Ermənistanı özünə tərəf çəkmək üçün Kanadanın Baş naziri Jastin Tridönün bu ölkəyə rəsmi səfərinin başlaması da bunu deməyə əsas verir.

Fransa yeraltı və yerüstü təbii sərvətlərlə zəngin olan Afrikadakı keçmiş müstəmləkələrinə nəzarəti gücləndirmək üçün də BFT-də maksimum istifadə etməyə çalışır.

Həmin ölkələrdə Fransa çoxlu nahaq qanların tökülməsinə bais olub. Ruandadan başqa Fransa Əlcəzairdə də soyqırımının törədilməsində günahlandırılır. 1954-1962-ci illərdə Fransa ordusunun Əlcəzairdə törətdiyi soyqırımını tanınması dünyanın gündəliyindədir. Əlcəzair 1830-cu ildən 1962-ci ilə qədər, tam 132 il Fransanın işğalı altında olub.

1954-cü ildən 1962-ci ilə qədər Fransa yüzminlərlə əlcəzairlini qətlə yetirib. Onların sayının bir milyon olduğu da deyilir.

Fransa 2008-ci ildə təşkilata üzv qəbul edilən Ermənistan vasitəsi ilə Cənub Qafqazda öz iştirtakını gücləndirmək niyyətindədir. 

BFT-nin açılışı günü Ermənistan və Rusiya hərbçiləri Alagöz yüksək dağlıq poliqonunda keçirilən birgə batalyon taktiki təlimlər keçiriblər. Təlimlərə iki ölkənin mindən çox hərbçisi, təxminən, 200 ədəd xüsusi hərbi texnika cəlb edilib. Bunu Moskvanın Parisə özünəməxsus ismarıcı kimi də dəyərləndirmək olar.

Rəsmi Yerevan bu tədbirdə bir neçə maraq güdür: hakimiyyətə gələn yeni siyasi qüvvələrin beynəlxalq nüfuzunun artırmaq və təbliğ etmək, ölkə ictimaiyyətinə dünyada sayıldıqlarını nümayiş etdirmək, cari ilin dekabrında keçirilməsi nəzərdə tutulan növbədənkənar parlament seçkilərində təbliğat materialı kimi istifadə etmək, Azərbaycan və Türkiyəyə qarşı çıxışlar edib, özünü yazıq, əzilən kimi göstərmək, xarici sərmayəni cəlb etmək üçün sabitliyin olduğunu göstərmək.

Ancaq baş verənlər onların məqsədlərinə nail olduqlarını deməyə əsas vermir. Təşkilatda heç bir rolu olmadığından Ermənistan, sadəcə, qulluq göstərdi. Bu zaman onlar saxtakarlıqlarından da əl çəkmədilər. Sammit iştirakçıları erməni musiqisi kimi təqdim edilən Azərbaycan havalarına - “Duy-duy”, “Xurcunu”, “Köçəri” və “Basqalı”ya oynadılar.

Son xəbərlər

Orphus sistemi