Azərbaycan bank sektorunun məcmu borcu 3 illik minimuma enib

Azərbaycan bank sektorunun məcmu borcu 3 illik minimuma enib Yaxın 2 ildə kreditləşmə şərtləri yumşaldılmasa, bank sektoru daha da kiçiləcək
Analitika
10 Oktyabr , 2017 16:56

Bakı. 10 oktyabr. REPORT.AZ/ Azərbaycanda bank sektorunun məcmu borcu son 3 ildə ilk dəfə 8 mlrd. ABŞ dolları səviyyəsindən aşağı düşüb və 7 901,7 mln. dollar təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına istinadən xəbər verir ki, sonuncu dəfə bank sektorunun borcu 2014-cü ilin oktyabr ayında 8 mlrd. dollar həddindən aşağı - 7 809,3 mln. dollar olub.

Analitik qrup xəbər verir ki, cari ilin avqust ayında bank sektorunun xarici öhdəlikləri aylıq müqayisədə 462,7 mln. manat və ya 6,7% azalma göstərib. Mərkəzi Bank qarşısında öhdəliklərdə isə 104,9 mln. manat və ya 1,5% azalma qeydə alınıb. Nəticədə bank sektorunun məcmu borcu avqust ayında aylıq müqayisədə 567,6 mln. manat və ya 4,05% azalıb. ABŞ dolları ekvivalentində Azərbaycan bank sektorunun məcmu borcu 334,2 mln. və ya 4,05% daralıb.

Analitik qrup bildirir ki, bank sektorunun borclarının azalmasına səbəb xarici borcların effektivliyini itirməsi və müddətlərinin başa çatmasına görə qapadılmasıdır. İqtisadiyyata kredit qoyuluşlarının həcmində son 2 ildə davam edən azalma və kreditləşmə şərtlərinin sərtləşdirilməsi bankların əlavə vəsaitə ehtiyacını azaldıb. Belə ki, 2015-ci ilin dekabr ayında baş verən 2-ci devalvasiyadan sonra 24 627,2 mlrd. manata çatan kredit portfelinin həcmi 2,1 dəfə azalaraq 2017-ci il sentyabrın 1-nə 11 728,8 mlrd. manat təşkil edib. Bankların öhdəliklərini azaltmasına təsir edən başqa bir səbəb də problemli kreditlərin həcminin azalması fonunda bankların müvafiq ehtiyat ayırmalarından azad olunaraq əlavə likvid vəsait yaratması ilə bağlıdır.

Analitiklərin fikrincə, yaxın 2 il ərzində bank sektoru kreditləşmə şərtlərində yumşalma və faizlərdə azalmaya əl atmasa, bank sektoru daha da kiçiləcək. Bu isə, öz növbəsində, bir sıra bankların konsolidasiyaya getməsinə və ya bazarı tərk etməsinə səbəb olacaq.

Son xəbərlər

Orphus sistemi