Bakı. 25 may. REPORT.AZ/ Azərbaycan bank sektorunun borc yükü artmaqda davam edir. Belə ki, faktiki olaraq 2015-ci ilin fevral ayında baş verən milli valyutanın ilk devalvasiyasından sonra kommersiya banklarının kreditləşməni dayandırması, bununla yanaşı depozitlərə görə faizlərin ödənilməsi bankların maliyyə durumunu xeyli çətinləşdirib.
"Report"un analitik qrupu qeyd edir ki, keçən ilin aprelin 1-nə bank sektoru üzrə qeyri-rezidentlər və dövlət idarəetmə orqanları da daxil olmaqla məcmu depozit portfeli 18 519,1 mln. manat təşkil edib.
"2015-ci il aprelin 1-nə bank sektorunda manatla müddətli depozitlərin həcmi 3 539,4 mln. manat, xarici valyutada isə 9 852,7 mln. manat olduğu müşahidə olunur. Mərkəzi Bankın hesabatına görə, 2015-ci il aprelin 1-nə manatla depozitlərə görə ödənilən faiz dərəcələrinin orta illik səviyyəsinin 8,99%, dollarla olan depozitlər üzrə isə 8,75% olduğunu nəzərə alsaq, bank sektorunun 2016-cı il aprelin 1-də əlavə olaraq manatla depozitlərə görə 318,2 mln. manat, dollar depozitlərinə görə isə (cari məzənnə ilə) 1 272,6 mln. manat ödədiyi və ya ödəyəcəyi məlum olub. Bu isə depozit sahiblərinə qarşı 1 590,8 mln. manat öhdəliyin əmələ gəlməsi deməkdir", - deyə analitiklər qeyd ediblər.
"Təbii ki, bu depozitlərin müddətinin son tarixləri fərqli olduğu üçün eyni tarixdə geri ödənilməsi kimi problem yoxdur. Lakin fakt odur ki, depozitlərə görə hər ay ödəniləcək məbləğ təqribən 132,5 mln. manata yaxındır. Son bir il ərzində bankların əməliyyat gəlirləri ilə yalnız cari xərclərini örtdüklərini fərz etsək və bura problemli kreditlərə görə yığımların azaldığını əlavə etsək, bankların maliyyə vəziyyətinin getdikcə pisləşməyə doğru getdiyi istisna edilmir. Yaxın 12 ay ərzində bank sistemində kreditləşmənin bərpası gözlənilmədiyi üçün sektorda alternativ gəlir mənbələrinin yaradılması zəruridir. Bu, qiymətli kağızlar bazarı, portfel menecmenti, özəl şirkətlərdə pay alışı və s. ola bilər", - deyə "Report"un ekspertləri vurğulayıblar.
Qeyd edək ki, müddətsiz depozitlər üzrə faiz dərəcələri çox aşağı olduğuna görə və ya ümumiyyətlə olmaması səbəbindən depozitlərin müddətlər üzrə bu təhlilində həmin kateqoriya ümumiyyətlə nəzərə alınmayıb.