Baş nazir Nikol Paşinyanın Ermənistanı regionda və dünyada iqtisadi cəhətdən azad, cəlbedici ölkə kimi qələmə verməsi mif və cəfəngiyyatdan başqa bir şey deyil. Bu fikir hansısa xarici medianın səhifələrində deyil, məhz erməni mətbuatında yer alır. Ölkənin əcnəbi investorlar üçün cəlbedicilik reytinqinin sürətlə aşağı düşdüyü, hakimiyyətin də hər vəchlə buna çalışdığı vurğulanır. Erməni KİV-i yazır ki, bir sıra beynəlxalq şirkətlər artıq Ermənistan hökumətini beynəlxalq məhkəməyə veriblər. Onların arasında Sanitek International Group, Amulsar Investor Ventures LLC, eləcə də, Lydian International Ltd var. Sonuncu Zəngəzur mis-molibden kombinatının səhmlərinin 12,5 faizinə sahibdir. Pastinfo.am saytının yaydığı məlumata görə, adları qeyd olunan şirkətlərin müxtəlif sahələr üzrə maraqları təmin olunmayıb. Bura zibil daşınmasından tutmuş qızılın və molibdenin, misin çıxarılması da daxildir. Adları çəkilən şirkətlər N.Paşinyan hökumətinin qanunazidd, hətta cinayətkar əməllərindən narazıdırlar. Hesab ediblər ki, məhz bundan sonra xarici investorlar böyük itkilərlə üzləşiblər.
N.Paşinyan hökumətinə qarşı beynəlxalq məhkəməyə müraciət edən şirkətlər arasında Sanitek International Group xüsusilə aktivdir. 2021-ci il martın 29-da rəsmən bəyan edilib ki, adıçəkilən şirkət (bütün səhmdarları xarici investorlardır-red) rəsmi İrəvana qarşı beynəlxalq məhkəməyə müraciət edib. İddiada vurğulanıb ki, mübahisə Ermənistan hakimiyyətinin diskriminasiya hərəkətləri nəticəsində ortaya çıxıb. İlk növbədə İrəvan meriyası şirkətlə imzalanan müqavilə üzrə öhdəliklərini yerinə yetirməyib və Saniteki dövlət şirkəti ilə əvəzləyib. Adıçəkilən şirkət bu yanaşmanı siyasi motivli hesab edib, bununla da siyasi üstünlük əldə etmək məqsədilə onu “günah keçisi” vəziyyətinə salmağa çalışıblar. Hökumətin də hədəfi bütün ittihamları Sanitekin üzərinə yıxıb. Diqqəti ona yönəldib ki, dövlətə məxsus şirkət üçün hər cür əlverişli şərait yaradılıb. Bu da Ermənistan hökumətinin xarici investorlara qarşı ayrı-seçkilik siyasətinin göstəricisidir.
Adıçəkilən iddia ilə bağlı sonuncu məhkəmə prosesi ötən ilin dekabrında keçirilib. Qeyd olunub ki, Ermənistan hökumətinin qanunsuz fəaliyyəti nəticəsində şirkət xeyli zərər çəkib. Ekspertlərin hesablamalarına görə, söhbət 40 mln. dollar məbləğində kompensasiyadan gedə bilər. Rəsmi İrəvan iddiaya cavab olaraq hüquqşünaslar tutub və indiyə kimi 1 mln. dollara yaxın kompensasiya ödəyib. Bununla yanaşı, hakimiyyətin mövqeyi zəif qiymətləndirlir, əksinə, Sanitekin uğur qazanmaq şansı yüksəkdir. Beynəlxalq məhkəmənin bu il ərzində qərar qəbul edəcəyi gözlənilir. Hökumət məğlub olacağı təqdirdə, qərardan apellyasiya verə bilər, lakin bu addımın effektivliyi sıfıra bərabərdir. Vəziyyət faktiki olaraq “Lidian” və Zəngəzur mis-molibden kombinatı ilə bağlı vəziyyəti xatırladır. Erməni mediası yazır ki, bir qrup insan öz gəlirlərini milyonlarla dollar artırmağa müvəffəq olublar. Əvəzində isə məhkəmə çəkişmələri nəticəsində vergiödəyiciləri bir neçə milyon dollar ödəməli olurlar.
Ermənistan hakimiyyətinə qarşı iddia qaldıran şirkətlər arasında Amulsar Investor Ventures LLC də var. Yanvar ayının sonunda bu şirkət də N.Paşinyan hakimiyyətinə qarşı iddia qaldırıb. Bu şirkət də hökuməti üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə günahlandırıb. Konkret olaraq hökuməti fəaliyyətsizlikdə, onların fəaliyyətinə olan maneələri aradan qaldırmamaqda ittiham edib.
“Lydian”ın törəmə şirkəti olan Lydian International Ltd 2020-ci ilin iyun ayına kimi “Lydian Armenia”ın səhmlərinin sahibi olub. Lakin 2020-ci ilin iyulunda bütün səhmlərindən məhrum olub. Bu şirkət Amulsar qızıl yatağında faydalı qazıntıların çıxarılması hüququna malik olub. Bundan əlavə, Ermənistana bir neçə milyon dollarlıq investisiya yatırıb. N.Paşinyan hakimiyyətə gəldikdən sonra şirkətin işi fəallar tərəfindən dayandırılıb, bundan sonra şirkət yatağın işlənməsi ilə bağlı bütün hüquqlarından məhrum olunub. Az sonra Ermənistan İstintaq Komitəsi Ətraf Mühitin Müdafiəsi Nazirliyinin yüksək rütbəli əməkdaşlarına qarşı cinayət işi qaldırıb. Qurumun rəsmiləri şirkətin yatağın işlənməsi zamanı ətraf mühitə zərər vurmasına göz yummaqda ittiham olunublar. Hökumətin apardığı fəaliyyət nəticəsində şirkətin itkiləri 150 mln. dollara yüksəlib. Sadə dillə ifadə etsək, N.Paşinyan hökuməti ona “atıb”. Əvəzində 12 faizlik paya sahib olub. İndi də yatağın işlənməsini həyata keçirir. Sosial şəbəkələrdə isə baş nazirin bəyanatları lağa qoyulub. Bildirilib ki, o əvvəl deyirdi ki, yatağı işlətmək olmaz, indi isə söyləyir ki, olar. N.Paşinayn isə əvəzində iddia edir ki, hökumət dağ-mədən müəssisələrinin səhmlərini almır, şirkət rəhbərləri sadəcə hökumətin timsalında onları xalqa qaytarır.
Sual olunur - bu, milyonlarla dollar sərmayə qoyan müəssisə rəhbərlərinə bundan nə xeyir? Cavab odur ki, N.Paşinyan hökuməti bu addımı ilə özəl sektoru çökdürməyə çalışır. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistana qarşı həm dövlətdaxili, həm də dövlətləarası iddiaların sayı artmaqda davam edəcək. N.Paşinyan hökumətinə qarşı iddia qaldıran şirkətlər arasında Walnort Finance Limited MMC də var. Beləliklə, N.Paşinyanın ölkənin xarici investorlar üçün cəlbedici olduğu barədə iddiaları sabun köpüyündən başqa bir şey olmadığını elə ermənilərin özləri faktlarla sübut edirlər. İqtisadiyyatda inkişaf əvəzinə geriləmə tendensiyası müşahidə olunur. Artıq Ermənistanın xarici dövlət borcu illik dövlət büdcəsindən bir neçə dəfə artıq həddə gəlib çatıb. Əgər tendensiyalar bu səpgidə davam etsə, yaxın gələcəkdə Ermənistan dövləti xarici borc bataqlığında boğulmağa məhkum olacaq. Hakimiyyət də bundan çıxış yollarını xarici investorlara qarşı mübarizə aparmaqda görür.
Ermənistanın Azərbaycana qarşı 30 il davam etdirdiyi işğalçı siyasət İrəvanı regiondakı beynəlxalq layihələrdən kənarda qoyub. Eyni zamanda ölkə ərazisində elə də ciddi resurslar, təbii ehtiyatlar yoxdur, müttəfiqi olduğu dövlətlər isə Ermənistana ciddi investisiya yatırmayıblar. Bütün bunlar Ermənistanın sürətlə iqtisadi tənəzzülə daxil olmasından xəbər verir. Reallıq odur ki, Ermənistan iqtisadiyyatı can vermək üzrədir. Yuxarıda sadalanan faktorlar da problemin günü-gündən ciddiləşməsindən xəbər verir. Mövcud vəziyyətdə Ermənistanın yeganə çıxış yolu Azərbaycanla münasibətləri normallaşdırmaq, destruktiv və sərsəm bəyanatlar səsləndirməkdən vaz keçmək, Fransanın qoynuna sığınmamaq və Bakı ilə sülh müqaviləsi imzalayaraq regiondakı kommunikasiyanın blokdan çıxmasını təmin etməkdir.