"Soyqırım" qətnaməsi ​Avropa Parlamentinin imicinə ciddi zərbə vurdu - ŞƏRH

"Soyqırım" qətnaməsi ​Avropa Parlamentinin imicinə ciddi zərbə vurdu - ŞƏRH Qurum bu sənədlə işğal etdiyi Azərbaycan torpaqlarından Ermənistanın çıxmasının qarşısını alır
Analitika
16 Aprel , 2015 11:53
Soyqırım qətnaməsi ​Avropa Parlamentinin imicinə ciddi zərbə vurdu   - ŞƏRH

Bakı. 16 aprel. REPORT.AZ/ Avropa Parlamentinin aprelin 15-də qəbul etdiyi "24 aprel tarixinin Avropa İttifaqında "erməni soyqırımı qurbanları"nın anım günü elan olunması" haqqında qətnaməsi bu qurumun imicinə ciddi zərbə vurdu. 

Bu sənədə münasibət bildirməzdən öncə "soyqırım" anlayışının mənasına beynəlxalq hüquq müstəvisində aydınlıq gətirək.

Bu anlayış BMT Baş Assambleyası 1948-ci il dekabrın 9-u tarixdə qəbul etdiyi 260 A (III) saylı qətnaməsində "Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında" Konvensiya ilə müəyyən edilir və istənilən milli, etnik, irqi və ya dini qrupların tam, yaxud qismən məhv edilməsi niyyəti ilə aşağıdakı hərəkətləri nəzərdə tutur:

- belə bir qrup üzvlərinin qətlə yetirilməsi;

- belə bir qrupun üzvlərinə ciddi bədən xəsarətləri və əqli pozğunluq yetirilməsi;

- istənilən belə bir qrup üçün qəsdən onun tam və ya qismən məhvinə hesablanmış həyat şəraitinin yaradılması;

- belə bir qrup arasında uşaq doğumunun qarşısının alınmasına hesablanmış tədbirlər;

- uşaqların zorakılıqla bir insan qrupundan digərinə verilməsi.

Soyqırım cinayəti üçün xüsusi niyyətin olması zəruri element sayılır..."

Deməli, Osmanlı imperiyasının erməniləri birdəfəlik məhv etmək və s. bu kimi niyyəti olmayıb. Tarix sübut edir ki, Osmanlı sultanları həmişə bu etnik qrupun üzvlərinə həm dini, həm də mədəni azlıq baxımından sayğı ilə yanaşıb, sarayda onlara vəzifələr verilib. Dövlətin idarə olunmasında ermənilər də iştirak edib.

Ermənilərin qondarma "soyqırım" kimi təqdim etdikləri hadisələr I dünya savaşı zamanı baş verib. Həmin illərdə iki blok arasında müharibə gedib. Bu zaman ermənilər Osmanlının daxil olduğu bloka və imperiya daxilində Osmanlıya qarşı mübarizə aparıb, qiyam və casusluq ediblər. Bu şəraitdə heç şübhəsiz Osmanlı padşahı da dövlətin ərazi bütövlüyü və təbəələrinin təhlükəsizliyini qorumaq üçün qiyamları yatırmalı idi və onu da edib.

Baş verənlər və sonrakı olaylar təsdiqləyir ki, Osmanlının həmin hadisələrdə erməniləri məhv etmək niyyəti olmayıb. Məsələn, II dünya savaşında Hitler Almaniyasının niyyəti və məqsədi yəhudiləri qırıb məhv etmək idi və alman faşizmi bunu edib.

Odur ki, Avroparlamentin qətnaməsi beynəlxalq hüquq baxımından hüquqi mahiyyət daşımır. Elə parlamentin prosedurundan görünür ki, bu sənəd məcburi deyil, tövsiyə xarakterlidir.

Onda Avroparlamentin hüquqi mahiyyət daşımayan bu qətnaməsi nəyə xidmət edir? 

- Türkiyənin inkişafının və böyüyüb, dünya siyasətinə təsir etmək imkanlarının qarşısını almaq:

- Türkiyənin başını bu sayaq məsələlərlə qatıb, onun demokratik, güclü olmasına mane olmaq;

- Türkiyənin Avropa İttifaqına daxil olmasını əngəlləmək üçün əlavə "arqument" formalaşdırmaq;

- Türkiyənin bölgədə və dünyada artan nüfuzuna xələl vurmaq;

- Müsəlman və türk dövləti olaraq, Türkiyəni dünya siyasətini müəyyənləşdirən çevrəyə çıxmasının qarşısını almaq;

- Osmanlının 100 il öncə Çanaqqalada ermənilərdən istifadə edənlər üzərində qələbəsinin acığını çıxmaq və s.

Qətnamənin əsas hədəflərindən biri də Türkiyəni Ermənistanla əlaqələrini bərpaya məcbur etməkdir. Türkiyə hakimiyyəti isə dəfələrlə bəyan edib ki, işğal etdiyi Azərbaycan torpaqlarından çıxmadan Ermənistanla münasibətləri bərpa etməyəcək. Deməli, Avroparlament bu sənədlə işğal etdiyi Azərbaycan torpaqlarından Ermənistanın çıxmasının qarşısını alır. Başqa sözlə təcavüzakarın başını özünəməxsus şəkildə tumarlayır.

Burada bir haşiyə də çıxmaq istərdik. Heç kimə sirr deyil ki, Cənub Qafqazda sabitliyin davamlılığı, iqtisadi, demoktartik inkişaf Azərbaycanın işğal olumuş torpaqlarının azad edilməsindən başlayır. Bunu bəzi Avropa rəsmiləri də bəyan edib. Onda belə qənaət yaranır ki, qətnaməni qəbul edənlər Cənub Qafqazda sabitliyin davamlılğını, demokratiya və iqtisadi inkişafı istəmirlər?!

Nəhayət, bu sənədi Avropada irqçilik, antitürk, antiislam meyillərinin artması kimi də səciyyələndirmək olar. Son illər Avropa İttifaqına üzv dövlətlərin bəzilərində radikal milliyətçilərin parlamentlərə üzv olması da bunu təsdiqləyir. Elə onlar da Avroparlamentin formalaşdırılmasında rol oynayırlar.

Beləliklə, Avroparlamentin və başqalarının bu sayaq qətnamələri tərəflər arasında əməkdaşlıq mühitinin yaranmasını da əngəlləyir. Belə sənəd qəbul edən dövlətlərə, eləcə də Avroparlamentə qarşı tərəflərin etimadı və etibarı azalır.

Son xəbərlər

Orphus sistemi