Avropada “Antielita hərəkatı”: ultrasağların qələbəsi, Makronun fiaskosu – ŞƏRH

Avropada “Antielita hərəkatı”: ultrasağların qələbəsi, Makronun fiaskosu – ŞƏRH Makronun fiaskosu - ultrasağların qələbəsi Fransa iqtidarının çöküşünü sürətləndirə bilər - ŞƏRH
Analitika
10 İyun , 2024 17:46
Avropada “Antielita hərəkatı”: ultrasağların qələbəsi, Makronun fiaskosu – ŞƏRH

Gözləntilər və proqnozlar özünü doğrultdu

İyunun 9-da Avropa Parlamentinə keçirilən seçkilər sağ və millətçi siyasi qüvvələrin böyük üstünlüyü ilə başa çatdı. Demək olar ki, bütün Avropa ölkələri üzrə sağ/millətçi/mühafizəkarlar yaxşı nəticə göstərdilər. Növbəti Avropa Parlamentinin 720 mandatı olacaq və hər bir ölkə əhalisinin sayına mütənasib mandat alacaq; Almaniya - 96, Fransa - 81, İtaliya - 76, Hollandiya - 31.

Əvvəldən də proqnoz edilirdi ki, Avropa İttifaqının (Aİ) iki qüdrətli dövləti - Almaniya və Fransada hakim partiyalar uğursuzluqla üzləşəcəklər. Belə də oldu. Prezident Emmanuel Makronun Fransada, Olaf Şoltsun isə Almaniyada ciddi məğlubiyyəti ilə radikal sağ partiyalar ənənəvi siyasi qüvvələr balansını pozmuş oldular. Xüsusilə də Makronun İntibah Partiyası üçün nəticə daha təhqiramizdir. Hətta nəticələrdən sonra Makron ölkə parlamentinin aşağı palatası - Milli Assambleyanı buraxıb. Parlament seçkilərinin birinci turu iyunun 30-da, ikinci turu isə iyulun 7-də keçiriləcək.

Avropalı müşahidəçilərin fikrincə, Makronun qərarı ciddi siyasi riskdir, çünki hakim partiya daha böyük itkilərə məruz qala bilər. Bu da Makronun 2027-ci ildə prezidentlik müddətini uğurla başa vurmasına mane olacaq.

Bununla belə, nəticələr onu deməyə əsas verir ki, ölkə sağa yönəlir. Bu nəticə həm də o anlama gəlir ki, 450 milyona qədər əhalisi olan Aİ etimad testi dövrünə qədəm qoyub.

Adı korrupsiya qalmaqallarında hallanan Avropa Komissiyasının hazırkı rəhbəri Ursula fon der Lyayen üçün isə bu seçkilər qələbə ilə nəticələnib. Onun üzvü olduğu Avropa Xalq Partiyası (AXP) birinci yeri tutub. Məlumata görə, AXP birinciliyini qoruyaraq Avropa Parlamentində 181 yer tutub. Bu da o deməkdir ki, Lyayen 2029-cu ilə kimi postunda qala biləcək.

Beləliklə, sözügedən seçkidən çıxan nəticələri aşağıdakı kimi qiymətləndirmək olar:

- Avropa İttifaqına daxil olan ölkələrin əhalisi üçün prioritetlər dəyişib. İnsanlar daha çox diqqətin Avropa daxilində təhlükəsizliyə yönəlməsini istəyirlər,

Ursula fon der Lyayen
Ursula fon der Lyayen

- Miqrasiya məsələlərinin daha da sərtləşəcəyi gözlənilir,

- Hökumətlər Ukrayna məsələsinə diqqəti azaldacaqlar. Çox güman ki, Avropa Parlamentinin deputatları arasında sağa əhəmiyyətli sürüşmə müdafiə xərcləri ilə bağlı siyasətdə dəyişikliklərə səbəb olacaq,

- Növbəti Avropa Parlamenti indikindən fərqli olaraq daha çox rusiyayönümlü siyasətçilərdən və qismən də “yaşıl”lardan ibarət olacaq.

Ən mühüm nəticələrdən biri də odur ki, bu seçkilər Avropanın bütün siyasi elitasını dəyişmiş olacaq. Hətta indidən baş verəcək hallara ad da qolulub - “Antielita hərəkatı”. Əslində, bu hərəkat 15 il əvvəl başlasa da, son 5 ildə yaşananlar avropalıları boğaza yığdı.

Bəs köhnə Avropa Parlamenti tarixdə nə ilə yadda qalacaq? Şübhəsiz ki, daha çox korrupsiya, anti-Azərbaycan, ermənipərəst mövqeyi ilə. Bəllidir ki, qurumun adı birtərəfli qaydada işğala dəstək verməklə yanaşı, korrupsiya qalmaqallarında da çəkilib.

Xalqların demokratik siyasi iradəsini təmsil etməli olan Avroparlament faktiki olaraq korrupsiya məqsədləri üçün alətə çevrilib. Avropa İttifaqı məkanının özünün kifayət qədər problemləri olduğu halda, beynəlxalq hüququn prinsiplərinə zidd olaraq üzv olmayan dövlətlərin daxili işlərinə qarışmaq cəhdi də məhz bu niyyətlərdən irəli gəlir. Daha dəqiq desək, Avroparlament muzdlu hücum ruporu rolu oynamaqla yanaşı, sifariş əsasında hədəflər müəyyən edib. Məsələn, 2022-ci ildə polis tərəfindən Avropa Parlamentinin sədr müavini, yunanıstanlı deputat Eva Kaylinin həbsini yada salaq. Belçikanın federal müstəntiqləri Kayli də daxil olmaqla, bir neçə şəxsi həbs etmişdi. Onlar rüşvət qismində külli miqdarda pul və müxtəlif bahalı hədiyyələr alıblar. Ümid etmək olar ki, ayrı-ayrı maliyyə qurumlarının əlaltısına çevrilən Avropa Parlamentinin növbəti tərkibində belə şəxsləri görməyəcəyik.

Beləliklə, Avropa İttifaqının bütün istiqamətlər üzrə siyasətində dəyişikliyə ehtiyac var. Yeni tərkibdə dəyişiklik baş verməzsə, islahatlar aparılmazsa, təşkilat daxilində korrupsiya və başqa cinayətlər daha geniş vüsət ala bilər. Bu isə onun daha da iflic olmasına, hətta iflasına və dağılmasına yol açacaq.

Son xəbərlər

Orphus sistemi