Ermənistanın siyasi elitası bir müddətdir Avropa İttifaqına üzvlüklə bağlı nağıllar danışmaqla xalqın başını qatır. Vəziyyət artıq elə həddə çatıb ki, baş nazir Nikol Paşinyan az qala bütün çıxışlarında əsasən bu mövzuya toxunur. Bir neçə gün əvvəl Danimarkaya səfər edən baş nazirin də əsas gündəmi İttifaqa üzvlüklə bağlı olub. Eyni zamanda 14-16 may tarixləri arasında Avropa Yenidənqurma və İnkişaf Bankının İrəvanda keçirilən iclasında da çıxış edən hökumət başçısı bildirib ki, təmsil etdiyi hökumət bu il Aİ-yə üzv olmağa hazırdır. Əslində ilk baxışdan bu fikrin absurd olduğu görünür. Çünki Avropa İttifaqına üzvlük arzu və istək əsasında reallaşmır. Bunun müəyyən siyasi qərarlar, standartlar çərçivəsində həyata keçirildiyi bilinir. Müasir Ermənistanda isə bu standartların yüzdə biri yoxdur desək, yanılmarıq. Bununla belə, erməni siyasi elitası hələ də xalqa Aİ-yə üzvlüklə bağlı ciddi nağıllar danışır. Paralel olaraq isə hökumət tezisini dəstəkləmək üçün KİV-lərdə tez-tez bu məsələ ilə bağlı palaz-palaz yazılar hazırlanır, artıq yaxın vaxtlarda bunun reallaşacağı bildirilir. Əslində necədir? Doğrudanmı Avropa İttifaqı rəsmi İrəvanı üzvlüyə qəbul edə bilərmi? Kiçik araşdırmalar zamanı isə məlum olur ki, yaxın illər ərzində Avropa siyasətinin üfüqündə erməni bayrağının dalğalanması mümkün deyil. Bu geosiyasi reallığı dərk etmək üçün isə sadəcə Avropa Parlamentinə qarşıdan gələn seçkilərdə iştirak edəcək əsas partiyaların planlarına, daha dəqiq desək, Aİ-nin mümkün genişlənmə planlarına göz atmaq kifayət edir. Əsas məqsəd Aİ-nin genişlənməsi və Cənubi Qafqaz regionu ilə bağlı məsələləri araşdırmaq lazımdır.
İlk olaraq, ümumavropa məkanında böyük nüfuza malik EPP, yəni Avropa Xalq Partiyasına nəzər salaq. Bu partiya müasir Avropa dəyərlərinin formalaşmasında aparıcı rol oynayır. Deputatlar qrupunun mövqeyi Avropanın əsas beynəlxalq təşkilatlarında, AP və AŞPA, ATƏT və NATO PA-da hər hansı məsələ ilə bağlı qərarların qəbul edilməsi zamanı həlledici rol oynaya bilir. Partiyanın seçkiqabağı proqramına Aİ-nin genişlənmə məsələsinə Ukrayna, Qərbi Balkanlar, Moldova və Gürcüstan daxildir. Ermənistan barədə bir cümlə də yoxdur.
PES, yəni Avropalı Sosialistlər Partiyası nüfuzuna görə ikinci partiyadır. Eyni zamanda Aİ-nin siyasi qurumunun səlahiyyətlilərinin bir hissəsi də məhz PES-in üzvü olur. Seçkiqabağı proqramda Aİ-nin genişlənməsi perspektivi ilə bağlı Ukrayna, Moldova, Gürcüstan və Qərbi Balkanlar nəzərdən keçirilir. Ermənistandan ümumiyyətlə bəhs edilmir.
ALDE, yəni Avropa Naminə Liberallar və Demokratlar alyansı hazırkı parlamentdə üçüncü olan hökumətin bir hissəsidir. Bu partiyanın da seçkiqabağı proqramı yuxarıdakılarla eynidir. Təxmin etdiyimiz kimi, Ermənistan barədə bir söz də yoxdur.
ECR, yəni Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı əslində hökumət partiyası yox, avroskeptiklər sırasına daxildir. Onun seçkiqabağı proqramında Aİ-nin genişlənməsi məsələsi populyar deyil və heç bir ölkənin perspektivi qeyd edilmir. Sadəcə, Aİ-nin üzvlük üçün Kopenhagen meyarlarına cavab verərsə, strateji əhəmiyyətli ölkələrə genişlənə biləcəyini deyir. Əslində bu yanaşma bütün proqramlarda mövcuddur.
Avropa Yaşıllar Partiyası ilə də vəziyyət eynidir. Seçkiqabağı sənəddə Aİ-nin genişlənməsi və yeni üzvləri qəbul etməyə hazır olması qeyd edilir, Ukraynanın adı xüsusi olaraq çəkilir. Ermənistanla bağlı isə heç bir sətir, cümlə yoxdur.
EDP, yəni Avropa Demokratik Partiyası isə ümumiyyətlə başqa fikirdədir. Siyasilər hesab edirlər ki, Aİ ümumilikdə genişlənməyə hazır deyil.
ECPM, yəni Avropa Xristian Siyasi Hərəkatının da seçkiqabağı proqramında Aİ-nin genişlənməsinə qarşı çıxılır. Onlar hesab edirlər ki, Qonşuluq Proqramı üzvlükdən üstün olmalıdır. Bununla yanaşı, Ermənistanla bağlı bir cümlə də yoxdur.
Siyahını uzatmaq olar, Avropa Solçular Partiyası, Avropa Azad Alyansı kimi siyasi qurumların da seçkiqabağı proqramında Ermənistana aid bir cümləyə rast gəlinmir. Yuxarıda adı çəkilən siyasi partiyalar Avropada kifayət qədər çəki və nüfuza malikdir və rəsmi Brüsseldə siyasi qərarların alınmasında həlledici rola malikdirlər.
Fikrimizi ümumiləşdirsək isə deyə bilərik ki, yaxın illərdə Ermənistanın Aİ-yə üzvlüyündən bəhs edilməyəcək, bu məsələ ilə bağlı Avropanın əsas siyasi qüvvələrinin heç bir baxışı, vədi yoxdur. Bu isə bir daha deməyə əsas verir ki, erməni siyasi elitası xalqın gözünə kül üfürmək, nağıllar danışmaqla başının altına yastıq qoyur. Amma necə deyərlər, yalan ayaq tutar, yeriməz. Yəqin ki, bir müddətdən sonra sadə erməni xalqı bunun hesabını soruşacaq və Aİ üzvlüyü ilə bağlı verilən vədlərə görə Paşinyan hökuməti cavab verməli olacaq.
Kamil Məmmədov