Avroparlamentin erməni sevgisi - Azərbaycanla dostluq əvəzinə düşmənçilik yolu seçilib - ŞƏRH

Avroparlamentin erməni sevgisi - Azərbaycanla dostluq əvəzinə düşmənçilik yolu seçilib - ŞƏRH Bir sıra beynəlxalq təşkilatlar uzun illərdir ki, Azərbaycana qarşı qərəzli davranır. Biz bunu həm İkinci Qarabağ müharibəsi dövründə, həm də ondan əvvəlki dövrdə görmüşük. Həmin qurumlar bu gün də qeyri- obyektiv davranışlarından əl çəkmirlər. Əslində b
Analitika
1 Dekabr , 2023 12:45
Avroparlamentin erməni sevgisi - Azərbaycanla dostluq əvəzinə düşmənçilik yolu seçilib - ŞƏRH

Avropa Parlamentinin Azərbaycan əleyhinə mövqe tutması artıq təəccüb doğurmur. Avropanın bu ali orqanı hər bir fürsətdə rəsmi Bakının əleyhinə bəyanatla çıxış etmək, qətnamə qəbul etmək imkanını qaçırmır. Bu hallarda məsələnin nə dərəcədə ədalətli olması adətən ikinci planda qalır.

Belə nümunələrdən biri Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin noyabrın 29-da qəbul etdiyi illik hesabatdır. Belə ki, sənəddə çoxlu sayda köhnəlmiş, hətta Ermənistanın belə istifadə etmədiyi terminlərdən istifadə olunub. Avroparlamentin qərarlarında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağda antiterror tədbirləri çərçivəsində öz suverenliyini bərpa etməsi "hərbi təcavüz" adlandırılıb, həmçinin Azərbaycanın beynəlxalq normaları pozduğu iddia edilərək ona qarşı sanksiyaların tətbiqi çağırışı yer alıb.

Nəzərə almaq lazımdır ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi və Azərbaycan Ordusunun bu ilin sentyabrında həyata keçirdiyi antiterror əməliyyatları heç bir halda hərbi təcavüz kimi qiymələndirilə bilməz. Belə ki, əməliyyatların məqsədi ərazi bütövlüyünün bərpası, Konstitusiya quruluşunun ölkənin bütün ərazisində tətbiqinin təmin edilməsi idi.

Əslində, bu, Avropa Parlamentinin ilk belə qərarı deyil. Bu ilin oktyabrında qurumun Azərbaycan əleyhinə qəbul etdiyi qətnamədə Qarabağda yaşayan ermənilərə qarşı hərbi əməliyyatlar keçirdiyi iddia edilib və orada qalan ermənilərə qarşı "zorakılığa" son qoyulmasına çağırılıb.

2022-ci ilin mart ayında Avroparlamentin qəbul etdiyi daha bir qətnamədə iddia olunmuşdu ki, Azərbaycan Qarabağda “erməni mədəni irsini dağıdır”. Hətta Azərbaycanın digər ərazilərində də eyni addımların atıldığı yalanı ortaya atılmışdı. Bu, tamamilə rəsmi İrəvanın dezinformasiyaları ilə eyni tərəzinin gözünə qoyulmalıdır.

Xatırlatmaq yerinə düşər ki, Avropa Parlamentində iki nəfər istisna olmaqla hər kəs qərarın lehinə səs vermişdi. Ora seçilən deputatların bir çoxunun Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni lobbisinin təsiri altına düşmələri dəfələrlə müxtəlif KİV-lərdə qeyd olunub. Belələrinin arasında korrupsiya qalmaqalları ilə üzləşənlər də olub.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev 2022-ci ildə bu əsassız və qərəzli qətnamələr barədə danışarkən söyləmişdi ki, uzun illərdir Avropa Parlamentində Azərbaycana qarşı bir qrup formalaşıb. Onun sözlərinə görə, burada əsas qüvvələrdən biri erməni lobbisidir.

Azərbaycan İkinci Qarabağ müharibəsindən əvvəl, torpaqları işğal altında olan zaman da Avropa Parlamenti kimi beynəlxalq qurumların ədalətsiz qərarları ilə üzləşib. İşğalçı Ermənistan avropalı deputatların diqqətindən kənarda qalıb, işğala məruz qalan Azərbaycan isə tənqid obyekti olub.

Əslində, Avropa Parlamentinin qəbul etdiyi qətnamələr Azərbaycan üçün məcburi deyil. Amma faktın özü rəsmi Bakı ilə Avroparlament arasında münasibətlərin korlanmasına əsas yaradır.

İstisna olunmur ki, bundan sonra da bu qurum Azərbaycana qarşı bəyanatlar verəcək, sənədlər qəbul edəcək. Elə bununla da avropalı qanunvericilər Azərbaycanı özlərindən uzaqlaşdırmağa səbəb olurlar. Amma nəzərə almaq lazımdır ki, Cənubi Qafqazın ən böyük və ən güclü dövləti ilə dostluq etmək daha yaxşıdır.

Son xəbərlər

Orphus sistemi