​Avropa İttifaqı Türkiyəni, Türkiyə də bu ittifaqı seçir -ŞƏRH

​Avropa İttifaqı Türkiyəni, Türkiyə də bu ittifaqı seçir -ŞƏRH Təki yüz il öncəki kimi, müttəfiqləri türk dövlətini tək qoymasın
Analitika
30 Noyabr , 2015 17:27
​Avropa İttifaqı Türkiyəni, Türkiyə də bu ittifaqı seçir  -ŞƏRH

Bakı. 30 noyabr. REPORT.AZ/ Dünya çox kiçilib. Lap hörümçək toruna da oxşayır. Hamı bir-birindən asılıdır. Lap domino daşı kimi. Əvvəllər dünyanın aparıcı gücləri hesab edirdi ki, uzaqda baş verənlərin ölkələrinə təsiri az olacaq, yaxud heç olmayacaq. Ancaq son illərdə baş verənlər bunun əksini təsdiqlədi. Suriya və İraqdan Avropaya qaçqın axını qitədəki dövlətlərin bu düşüncəsini alt-üst edib.

Bölgədə baş verənlərdən yaxasını kənara çəkməyə çalışan Avropa olayların onların təhlükəsizliyini ciddi şəkildə təhdid etdiyini hiss etməyə başlayıb. Bunun üçün illər uzunu özlərindən uzaqda tutmağa çalışdıqları Türkiyə yada düşüb.

Avropa İttifaqına üzv dövlətlərin zirvə toplantısına Türkiyənin baş naziri Əhməd Davudoğlunun dəvət edilməsi bunun təsdiqi kimi dəyərləndirilə bilər.

Suriya və İraqda hadisələr başlayandan sonra qaçqın axını Avropanın vəziyyətini qarışdırıb. Suriyalı və iraqlı qaçqınların Türkiyəyə sığınması əvvəlcə onları elə də narahat etmirdi. Ancaq problem Almaniya, Fransa, Böyük Britaniya və başqa ölkələrin küçələrində yaşandıqdan sonra avropalılar çıxış yolu axtarmağa başlayıblar və ən yaxşı variant kimi Türkiyə ilə danışıqları yenidən bərpa etməyi seçiblər.

Bu ilin aprelində Türkiyəni "erməni soyqırımı" adlı saxta ittihamlarla təhdid edən Avropa İttifaqı (Aİ) Suriya və İraqdakı gerçək soyqırımla üz-üzədir. Bu prosesin, İŞİD və başqa terrorçu qruplaşmaların bölgədəki fəaliyyətinin qarşısının alınmasında Qərb koalisiyası və Rusiya aciz görünür.

Heç şübhəsiz belə bir vəziyyətin yaranmasına səbəb bölgədəki terrorçuluq məsələsini həll etmək istəyənlər -ABŞ, Aİ və Rusiyanın öz aralarında dil tapa bilməməsidir. Nəticədə Rusiya Suriyada Qərbin müttəfiqlərinin yerləşdiyi və dinc sakinlərin yaşadığı bölgələri vurur.

Moskvanın bölgədəki bu hərəkəti bir sıra hallarda Türkiyənin ərazi bütövlüyünün pozulması ilə də nəticələnir. Təbii ki, bu sayaq davranış Moskva ilə Ankara arasında münasibətlərin korlanmasına səbəb olub və s.

Bir neçə ay öncə Türkiyənin Avrasiya İttifaqına hər hansı şəkildə daxil ola biləcəyi və ya bu qurumla sıx əməkdaşlıq edəcəyi müzakirə olunurdusa, noyabrın 24-də baş verən məlum hadisə-Rusiya hərbi təyyarəsinin vurulması vəziyyəti tam dəyişdirib.

Kremlin Türkiyəyə müxtəlif sanksiyaları qarşı tərəfin də Rusiyaya qarşı oxşar addım atması ilə müşayiət olunmaqdadır. Bundan başqa, Türkiyə dolayı yolla da olsa, Avropa İttifaqının Rusiyaya tətbiq etdiyi sanksiyalara qoşulmağa başlaya bilər. Nəticədə isə Moskva xoşagəlməz nəticələrlə üzləşər. Bununla da Rusiya son 3 ildə daha bir qonşusunun Avropaya meyillənməsinə və ya Aİ-nin onun bu qonşuları ilə əlaqələri sıxlaşdırmasına bais olar.

Türkiyə ilə Aİ arasında danışıqlar 11 ildir dayandırılmışdı. Bu vaxtadək qurumun rəsmi Ankara qarşısında irəli sürdüyü şərtlərin 35 texniki maddəsindən 14-nü tərəflər razılaşdırıb.

Qeyd edək ki, Aİ ilə Türkiyə arasında assosiasiya haqqında razılaşma 1963-cü ildə imzalanıb. Rəsmi Ankara quruma üzvlük haqda ərizəni 1987-ci ildə təqdim edib. 2005-ci ildən isə bu istiqamətdə danışıqlar başlayıb.

Ötəngünkü danışıqlara görə, əgər Türkiyə bütün lazımi şərtləri yerinə yetirərsə, o zaman 2016-cı ilin oktyabrından ölkə vətəndaşları Aİ-ya vizasız gedə biləcək.

Sammitdə Aİ tərəfindən suriyalı qaçqınların ölkə ərazisində qalması üçün Türkiyəyə 3 milyard avronun ayrılması barədə razılıq əldə olunub. Bu vəsaitin 500 mln. avrosunu Avropa Komissiyası, 2,5 mlrd. avrosunu isə quruma üzv dövlətlər öz büdcələrindən ayıracaqlar.

Bundan əlavə, Aİ və Avropa Komissiyası ölkələri Türkiyədə məskunlaşan Suriya qaçqınlarının Aİ ölkələrinə qanuni yerləşdirilməsi üzrə yeni sistem hazırlamaq niyyətindədir.

Son hadisələr, quruma üzv ölkələrə qaçqın axını Avropa və Rusiyanı Türkiyəyə daha diqqətli və hörmətli yanaşmağa vadar etdi. Hər iki tərəfə sübut edildi ki, onların təhlükəsizliyi Türkiyədən başlayır.

Ona görə də bir blok sual-cavabsız qalır və ya cavabını zaman axarının öhdəsinə buraxır.

Aİ-ni Türkiyəyə indiki isti münasibəti davamlı olacaqmı? Yoxsa suriyalı və iraqlı qaçqınları Avropaya buraxmamaq üçün taktiki gedişdir? Yaxud Türkiyəyə həmin qaçqınlar üçün 3-5 milyard avro verib, işlərini bitmiş sayacaqlar? Sonradan bu qüvvələr Rusiya ilə İraq və Suriyaya dair problemlərin həllində razılaşıb, Türkiyəni oyundankənar vəziyyətə qoymayacaqlar?

Hələlik vədlər verilir. Türkiyəni Avropa İttifaqına üzvlüyünün ən qatı əleyhdarı Yunanıstan belə məsələnin müsbət həllinə tərəfdar olduğunu bildirib.

Bəziləri elə hesab edirdi ki, Türkiyə Avropadan vaz keçərək Şanxay, Avrasiya kimi qurumlarla əməkdaşlıq edəcək. Ancaq son hadisələr elə rəsmi Ankaraya da müttəfiqi olacaq tərəfi göstərib.

Odur ki, rəsmilər ölkələrinin Avropa dövləti olduğunu keçmiş illərdə olduğu kimi, yenə də təkrar etməkdədir.

Beləliklə, baş verənlərə əsasən deyə bilərik ki, Avropa İttifaqı Türkiyəni, Türkiyə də Ai-ni seçib. Bu, II Dünya savaşından sonra başlayan yolun davamıdır. Təki yüz il öncəki kimi, müttəfiqləri türk dövlətini tək qoymasın.

Son xəbərlər

Orphus sistemi