Avropa Cənubi Qafqazda sülhün əleyhinədir - ŞƏRH

Avropa Cənubi Qafqazda sülhün əleyhinədir - ŞƏRH 2020-ci ildən bu yana Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqları Qərbin çirkin müdaxiləsi ilə dalana dirənib. Azərbaycanın qələbəsi ilə başa çatan müharibədən sonra Aİ şərti sərhəd xəttinə müşahidəçilərini yeritməklə, sülh prosesinə dəstək
Analitika
2 Mart , 2024 13:22
Avropa Cənubi Qafqazda sülhün əleyhinədir - ŞƏRH

2020-ci ildən bu yana Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqları Qərbin çirkin müdaxiləsi ilə dalana dirənib.

Azərbaycanın qələbəsi ilə başa çatan müharibədən sonra Avropa İttifaqı şərti sərhəd xəttinə müşahidəçilərini yeritməklə, sülh prosesinə dəstək adı altında müxtəlif fəaliyyətlərə başladı. Əslində müşahidəçiləri Ermənistana göndərməklə Qərbin siyasi kulisləri, xüsusən də Fransa sülhü ləngitmək, hər vəchlə imzalanacaq sülh müqaviləsini baltalamaq məqsədi güdürdü. Təsadüfi deyil ki, 17 fevral tarixində Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın Münxen şəhərində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündən sonra maraqlı məqamlar üzə çıxıb. Görüş keçirilən vaxt müxtəlif KİV-lərə açıqlama verən erməni baş nazir danışıqlardan məmnunluğunu ifadə etsə də, Ermənistana qayıtdıqdan sonra Münxendə dediklərinin əksinə bəyanatlar səsləndirdi.

Bundan sonra isə Parisə səfər edən Paşinyan bu bəyanatlarına yenisini də əlavə edərək, Azərbaycanın Ermənistana hücum edəcəyi barədə fikir bildirdi. Hələ bu da azmış kimi, erməni siyasi elitasının müxtəlif simaları, müxalifət nümayəndələri ilə yanaşı, Avropa Parlamentinin bir sıra deputatları da bu axına qoşularaq sərsəm bəyanatlar səsləndirdilər.

Təbii ki, bu açıqlamaların arxasında Qərbin məkrli siyasəti durur və bu siyasət sülh danışıqlarını baltalamaqdan ibarətdir. Əslində Almaniya görüşündən sonra Yelisey sarayının diktəsi ilə keçirilən danışıqlara kölgə salmaq Parislə Berlin arasında da münasibətlərin kəskin şəkildə pisləşməsindən xəbər verir. Məlum olduğu kimi, Ukraynaya yardım məsələsində bu iki dövlətin fikri bir-birilə üst-üstə düşmür və rəsmi Paris alman hökumətindən daha çox yardım etməyi tələb edir. Artıq Almaniyanın yardımı 10 milyard avronu ötsə də, Fransanın Kiyevə ayırdığı yardım 650 milyon avrodan bir az artıqdır. Bu isə tərəflər arasında kəskin etiraza səbəb olub və siyasi kulislərdə iki Avropa dövlətinin münasibətlərinin kəskinləşdiyi barədə fikirlər dolaşır. Ermənistan və Azərbaycan dövlət başçılarının görüşündən sonra Paşinyanın tələsik Parisə səfər edərək, Yelisey sarayının diktəsi ilə hətərən-pətərən danışmasına da bu prizmadan yanaşmaq lazımdır.

Eyni zamanda qeyd etmək yerinə düşər ki, Bayramov və Mirzoyanın Berlində iki günlük görüşü zamanı Avropa Parlamentinin bir sıra deputatlarının cəfəng dolu açıqlamaları, Azərbaycan əleyhinə qətnamə fikrinə də Almaniya və Fransa arasındakı ciddi rəqabət prizmasından yanaşmaq olar. Məsələ aydındır. Rəsmi Paris heç bir vəchlə Bakı və İrəvan arasında sülh dialoqunun inkişafını istəmir. Bunun isə bir sıra səbəbləri var.

İlk sırada, Cənubi Qafqazda baş verən qarşıdurma və çaxnaşma Afrikadan qovulan Makron hökumətinin bir sıra geosiyasi maraqlarını təmin edir. Eyni zamanda, Ermənistan Təhlükəsizlik Şurasının sədri etiraf edib ki, 2021-ci ildən bir neçə dövlətlə bir neçə milyard dollarlıq silah müqaviləsi imzalanıb. Əgər 2020-ci ildə İrəvanın hərbi-texniki əməkdaşlığının 96 faizi Rusiya Federasiyası ilə idisə, bu gün Moskva ilə imzalanan müqavilənin payı ümumi payın 10 faizini təşkil edir. Göründüyü kimi, artıq Parisin diktəsi ilə erməni dövləti Kremlin hərbi-texniki əməkdaşlıq orbitindən çıxmaq üzrədir. Bu sıraya son günlər erməni hökumətinin KTMT-dən çıxmaqla bağlı səsləndirdiyi fikri və Rusiya Federasiyası sərhədçilərinə qarşı atılan addımları da əlavə etmək lazımdır.

Maraqlıdır ki, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Tovio Klaar Antalyada keçirilən diplomatik forum çərçivəsində keçirilən panel müzakirələri zamanı “Bir ildən artıqdır ki, respublikada fəaliyyət göstərən Aİ-nin Ermənistandakı müşahidə missiyası Bakı ilə İrəvan arasında sülh sazişi imzalananda ölkəni tərk edə biləcək” fikrini səsləndirib. Bu fikrə əsasən isə tam əminliklə demək mümkündür ki, Qərb Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının əleyhinədir və müşahidə missiyasını genişləndirmək üçün planlar qurur.

Bununla yanaşı, erməni diplomat Ararat Mirzoyan da Tovio Klaarla görüşdə regiondakı son hadisələri müzakirəsi zamanı maraqlı fikir səsləndirib. Ermənistanın xarici işlər naziri Qranada və Praqa görüşlərində əldə edilən prinsiplərə sadiqliyini bir daha vurğulayıb. Göründüyü kimi, erməni nazir Rusiya-Azərbaycan-Ermənistan arasındakı üçtərəfli görüşlərdə əldə edilən razılaşmalar barədə susqunluğunu nümayiş etdirir. Bu isə bir daha sübut edir ki, erməni siyasi elitası da ağalarının təlqinlərinə boyun əyərək, sülh müqaviləsinin imzalanmasında maraqlı deyillər və Qərbin çaldığı havanı oynamağı daha üstün tuturlar. Bunun da səbəbi var. 1 mart tarixində erməni hökumətinin iclasında baş nazir tərəfindən bildirilib ki, rəsmi İrəvan Avropa İttifaqına üzvlüyə namizəd olmağa hazırdır. Bu açıqlama isə medalyonun arxa üzünü oxumağa əsas verir.

Görünür, Paris görüşündə Nikol Paşinyana sülhü baltalamaq qarşısında Aİ-yə üzvlük üçün namizədliyə baş vurmağa icazə verilib. Qərbə inteqrasiya və Rusiya boyunduruğundan çıxmaq üçün erməni siyasətçi buna sidq-ürəkdən razılıq verib. Eyni zamanda Aİ-nin tələbi ilə müşahidə missiyasının fəaliyyətini genişləndirmək üçün erməni dövlətinin tam sürətlə hərəkətə keçdiyi də gün kimi aydındır. Hadisələrin gedişatı göstərir ki, İrəvanla Bakı arasında sülh danışıqlarını məhz Avropa İttifaqı baltalayır. Bu dövlətə Cənubi Qafqazda sülh və sabitlik yox, müşahidəçi missiyası adı altında Rusiya və İranla bağlı kəşfiyyat materialları toplamaq daha uyğundur. Yaxın günlərdə isə Ermənistanda Aİ müşahidə missiyasının genişlənəcəyini görmək təəccüblü sayılmayacaq.

Amma istər Aİ-nin siyasi kulisləri, istər Yelisey sarayı, istərsə də rəsmi İrəvanın unutduğu bir məqam var. Bu, Azərbaycan hökumətinin xarici siyasəti və atdığı addımlardır. Uzun illər Bakı və İrəvana boş səfər edən ATƏT-in Minsk Qrupu tarixin zibilliyinə atıldığı kimi, Aİ müşahidə missiyasının da suyu süzülə-süzülə geri qayıdacağı gün elə də uzaq deyil.

Kamil Məmmədov

Son xəbərlər

Orphus sistemi