​Avronun ucuzlaşması davam edəcək - PROQNOZ

​Avronun ucuzlaşması davam edəcək - PROQNOZ Con C.Hardi: "Növbəti rüblərdə avronun məzənnəsinin 1,05-1,07 dollara qədər enmə ehtimalı var"
Analitika
25 Fevral , 2015 17:13
​Avronun ucuzlaşması davam edəcək - PROQNOZ

Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) milli valyutanın devalvasiyası ilə bağlı qərarı gözlənilən bir addım olub. Bunu "Report"a açıqlamasında "SaxoBank"ın valyuta strategiyaları şöbəsinin müdiri Con C.Hardi (John J. Hardy) bildirib: "Mərkəzi Bank öncədən bu qərarla bağlı açıqlama vermişdi".

C.Hardi qeyd edib ki, devalvasiyanın bu həddi əksər insanlar üçün gözlənilməz olsa da, bu cür islahat təəccüb doğurmamalıdır: "Bu qərar son zamanlar neftin qiymətində 50%-dən çox ucuzlaşmanın müşahidə olunması və bunun nəticəsində gəlirlərin azalması ilə qanunauyğunluq təşkil edir. Hazırda neftin dollar ifadəsində qiyməti daha baha olduğu halda, Azərbaycanın idxal üzrə əsas tərəfdaşları olan Rusiya, Türkiyə və Avropa ölkələrində valyutanın zəifləməsi prosesi müşahidə olunur. Güman olunur ki, Mərkəzi Bank ixrac və idxal qiymətləri arasında tarazlıq yaratmağı planlaşdırıb. Neftin hasilatı və ixracından birbaşa asılılığı olan bir dövlətdə neft artıq ölkənin effektiv valyutası qismində çıxış edir və neftin qiymətində müşahidə olunan dəyişikliklər bu dərəcədə devalvasiyanı zəruri edir".

Dollar/avro cütlüyünün qarşılıqlı məzənnəsinin 2015-ci ilin sonunadək proqnozuna dair sualı cavablandıran "SaxoBank" rəsmisi qeyd edib ki, növbəti rüblərdə məzənnənin 1,05-1,07 USD/EUR səviyyəsinədək enmə ehtimalı var: "İlin sonuna isə bu göstəricinin 1,10 USD/EUR civarında olacağı gözlənilir. ABŞ Federal Ehtiyatları gözləniləndən daha çox artacağı halda, məzənnənin zəifləmə riski də arta bilər. Fikrimcə, məzənnə əvvəlki vəziyyətinə qayıdanadək qarşıda hələ ən azı bir kütləvi valyuta satışı gözlənilir. Buna baxmayaraq, düşünürəm ki, avronun çətin dövrləri demək olar geridə qalıb".

"Avronun gələcək illər üçün əhəmiyyətli bir valyuta olaraq qalması üçün Avropa öz nüfuzunu artırmaq istiqamətində üzv ölkələr arasında siyasi əsasları və ölkələrarası əməkdaşlığı inkişaf etdirməlidir", - C.Hardi əlavə edib.

Son xəbərlər

Orphus sistemi