Avro və yen bahalaşa bilər

Avro və yen bahalaşa bilər Ekspertlər bu iki valyutanın artıq kifayət qədər möhkəmləndiyini qeyd edirlər
Analitika
22 Yanvar , 2018 13:51
Avro və yen bahalaşa bilər
Michael H. Sterzenbach/Goodstock

Bakı. 22 yanvar. REPORT.AZ/ Yanvarın 25-də Bakı vaxtı ilə saat 16:45-də Avropa Mərkəzi Bankının (ECB) və yanvarın 23-24-də Yaponiya Mərkəzi Bankının (BoJ) monetar siyasətlə bağlı növbəti iclasları keçiriləcək. 

"Report" xəbər verir ki, ECB-nin iclasında uçot dərəcəsinin artırılması gözlənilməsə də, elə həmin gün Bakı vaxtı ilə saat 17:30-da ECB rəhbəri Mario Draginin mətbuat konfransında açıqlamaları önəmli olacaq.

Belə ki, investorların əsas diqqəti ECB-nin avrozona iqtisadiyyatı barədə fikirləri və proqnozlarına yönəldiləcək. Həmçinin, ECB-nin 2,5 trln. avro (3,05 trln. dollar) həcmində olan monetar stimullaşdırma proqramını 2018-ci ilin sentyabrında dayandırması ilə bağlı siqnalları önəmli olacaq. Ötən həftə əlaqədar mənbələr bildirib ki, ECB avrozona iqtisadiyyatı ilə bağlı son göstəricilərə baxdıqdan sonra, mart iclasında vacib açıqlamalar səsləndirəcək. 

Xatırladaq ki, 2017-ci ilin oktyabrında ECB monetar stimullaşdırma proqramı çərçivəsində aylıq istiqraz alışını 2 dəfə azaldaraq 60 mlrd. avrodan (73,2 mlrd. dollar) 30 mlrd. avroya ( 36,6 mlrd. dollar) endirib, lakin proqramın müddətini 2018-ci il oktyabrın 1-dək uzadıb.

Analitiklər BoJ-un uçot dərəcəsini -0,1% səviyyəsində saxlayacağını ehtimal edirlər. BoJ bu ay uzunmüddətli dövlət istiqrazlarının alışını azaldaraq FED və ECB-nin yoluyla gedəcəyi barədə siqnal verib.

"Report"un analitik qrupu ECB və BoJ-un açıqlamalarında monetar stimullaşdırmanı azaltması barədə siqnalların verilməsi durumunda avro və yenin möhkəmlənə biləcəyini istisna etmir. Lakin qeyd etmək lazımdır ki, artıq hər iki valyuta son dövrdə ABŞ dolları ilə müqayisədə kifayət qədər güclənib. Avronun məzənnəsi 2017-ci il ərzində 14%, yeninin - 3,6% yüksəlib.

Son xəbərlər

Orphus sistemi