ATƏT sədrindən həddini aşan addım: separatçıların qondarma “XİN başçısı” ilə görüşdü - ŞƏRH

ATƏT sədrindən həddini aşan addım: separatçıların qondarma “XİN başçısı” ilə görüşdü - ŞƏRH Görüş Ermənistanın paytaxtı Yerevanda baş tutub
Analitika
16 Mart , 2021 19:42
ATƏT sədrindən həddini aşan addım: separatçıların qondarma “XİN başçısı” ilə görüşdü - ŞƏRH

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Qarabağdakı separatçı rejimin qalıqlarından olan qondarma “xarici işlər naziri” David Babayanla görüşüb.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, görüş Ermənistanın paytaxtı Yerevanda baş tutub.

Məlumata görə, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, həmçinin qondarma rejimin Ermənistandakı “daimi nümayəndəsi” Sergey Qazaryan da iştirak edib.

Bildirilib ki, görüş zamanı bölgədəki münaqişənin həllinə dair məsələlər müzakirə olunub. Qondarma rejimin nümayəndəsi Qarabağ münaqişəsinin həlli məqsədilə ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar prosesinin bərpa olunmasının vacibliyini vurğulayıb.

A.Lindenin bu addımı ATƏT sədri kimi səlahiyyət həddinin aşılması, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması, eyni zamanda münaqişənin yenidən alovlandırılmasına edilən cəhddir. O, bununla Azərbaycanla Ermənistan arasında uzunmüddətli sülhün təmin olunmasına, azərbaycanlılarla ermənilər arasında barışığın əldə olunması prosesinə zərbə vurub.

Əvvəla, Azərbaycan Ordusu Vətən müharibəsində qazandığı qələbə ilə Dağlıq Qarabağdakı separatçı-terrorçu rejimin fəaliyyətinə son qoyub. Hazırda Qarabağda separatçıların kiçik bir tör-töküntüsü qalıb. Həmin bölgə Rusiya sülhməramlılarının nəzarəti altındadır.

İkincisi, "Dağlıq Qarabağ Respublikası" mövcud olduğu 30 il müddətində heç bir dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmayıb. BMT, ATƏT, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi nüfuzlu qurumlar Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən qərar və qətnamələr qəbul ediblər. Azərbaycan İkinci Qarabağ müharibəsində qazandığı qələbə ilə ərazi bütövlüyünü təmin edib, "Artsax dövləti" cəhənnəmə göndərilib. Belə bir vəziyyətdə isə ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri özünü xarici işlər naziri kimi təqdim edən David Babayanla görüşür. Amma o, unutmamalıdır ki, Qarabağ Azərbaycan ərazisidir və ora ilə bağlı istənilən məsələ Azərbaycan rəhbərliyi ilə müzakirə olunmalıdır, yaxud rəsmi Bakının razılığı alınmalıdır.

Üçüncü, münaqişə başa çatıb, hazırda postmüharibə dövrüdür və regionda əməkdaşlığın yaradılması üçün müzakirələr aparılır. Bütün bunlardan Ann Lindenin xəbəri var. O, Yerevandan əvvəl Bakıda səfərdə olub, Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. Dövlət başçısı ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edərkən deyib: "Beləliklə, indi münaqişə artıq tarixə qovuşub və biz gələcəyə baxmalıyıq. Bu gün sizinlə gələcək işlərin necə qurulması ilə bağlı fikirlərimizi müzakirə etdik. Düşünürəm ki, müharibədən sonra ötən 4 ay artıq hər iki tərəfin səhifəni bağlamaq və diqqəti gələcəyə yönəltmək iradəsini nümayiş etdirir. Bu, çox mühümdür"

Nəhayət, Azərbaycan dövləti və xalqının ATƏT-ə heç bir inam və etibarı yoxdur. Çünki bu təşkilatın Minsk qrupu 30 il Dağlıq Qarabağ münaqişəsinin həlli üçün rəsmi Bakı ilə Yerevan arasında vasitəçilik edib, guya problemin həllinə çalışıb. Amma ABŞ, Rusiya və Fransadan ibarət üçlük heç vaxt səmərəli fəaliyyət göstərməyib, bir çox hallarda ədalətli mövqe tutmayıb, işğalçı ilə işğala məruz qalan arasında fərq qoymayıb, işğalçılıq siyasətindən əl çəkməsi üçün Ermənistan heç bir təzyiq göstərməyib. Bütün bunlara görə Azərbaycan işğalçıları öz ərazilərindən qovmaq, onlara dərs vermək və beynəlxalq hüququ təmin etmək üçün müharibəyə başlamaq məcburiyyətində qalıb. Azərbaycan haqlı və qalib dövlətdir. Proseslərə nəzarət və lazım gələndə diqtə edir.

Belə bir vəziyyətdə bəzi qüvvələr Minsk qrupunu süni formada yenidən canlandırmaq, Azərbaycanı uzunmüddətli və lazımsız danışıqlara cəlb etmək, Qarabağa hansısa statusun verilməsinə nail olmaq istəyirlər. ATƏT sədrinin addımı da buna xidmət edir. Amma Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, heç bir status olmayacaq, Dağlıq Qarabağın statusu cəhənnəmə gedib.

Ola bilər ki, Ann Linde qondarma rejimin nümayəndəsi ilə görüşməklə ermənilərə ürək-dirək vermək, yaxud onları yenidən qızışdırmaq istəyir. Amma bu cəhdlər əbəsdir. Azərbaycan erməni işğalına son qoyub, ərazi bütüvlüyünü təmin edib, erməni faşizminə öldürücü zərbə vurub, dünyada və bölgədə yeni reallıqlar yaradıb. Ann Lindelər bu reallığı dəyişmək iqtidarında deyillər. Babayanlar isə tarixin zibilliyindədir. ATƏT kimi təşkilatın sədri, İsveç kimi ölkənin xarici işlər naziri gərək tarixin zibilliyində eşələnməsin...

Son xəbərlər

Orphus sistemi