AŞPA-nın Azərbaycandan tələbi: milli və mənəvi dəyərlərdən imtina, müstəqil siyasətə son qoymaq - ŞƏRH

AŞPA-nın Azərbaycandan tələbi: milli və mənəvi dəyərlərdən imtina, müstəqil siyasətə son qoymaq - ŞƏRH Avropa Şurası və onun Parlament Assambleyası artıq neçə ildir ki, Azərbaycana qarşı qərəzli və ikili standartlara əsaslanan siyasət yürüdür. Qarabağ zəfərindən sonra bu siyasət daha riyakar və ikiüzlü xarakter alıb. Bu ilin yanvarın 24-də isə Azərbaycan n
Analitika
26 Yanvar , 2024 17:58
AŞPA-nın Azərbaycandan tələbi: milli və mənəvi dəyərlərdən imtina, müstəqil siyasətə son qoymaq - ŞƏRH

Avropa Şurası və onun Parlament Assambleyası artıq neçə ildir ki Azərbaycana qarşı qərəzli və ikili standartlara əsaslanan siyasət yürüdür. Qarabağ zəfərindən sonra bu siyasət daha riyakar və ikiüzlü xarakter alıb. Bu ilin yanvarın 24-də isə Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini sual altına alaraq nümayəndə heyətinə qarşı ağlasığmaz ittiham ilə münasibətlər pik həddə çatıb. Azərbaycan nümayəndə heyəti qurumda mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və islamofobiya mühiti fonunda əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Nümayəndə heyəti müvafiq bəyanatı səsləndirəndən sonra məkanı tərk edib.

Şübhəsiz ki, Azərbaycana qarşı irəli sürülən iradlar və ittihamların kökündə tək bir məsələ durur - müstəqil siyasət yeridən dövlətlərin hədəfə alınması. Bu qurum Rəsmi Bakının ərazi bütövlüyü və suverenliyini müstəqil, kənar müdaxilə olmadan reallaşdırması ilə heç cür barışa bilmir. Avropa Şurasına üzv olanda ümid edirdik ki, təşkilat sülh və danışıqlar yolu ilə torpaqların işğaldan azad olunmasına, ən əsası, bir milyondan artıq qaçqın və məcburi köçkünün öz yurdlarına qayıtmasına yardımçı olacaq. Lakin bu, baş vermədi. Əvəzində vədlər, tərəfləri sülhə çağırış və s. “növbətçi” bəyanatlarından başqa bir şey eşitmədik. Elə ki ərazi bütövlüyümüzü təmin etmək üçün hərbi əməliyyatlara başladıq, quzğun kimi hər tərəfdən üstümüzə tökülüşdülər.

AŞPA-nın təqdim etdiyi “faktlar”a nəzərə salaq. Bəyan edir ki, Azərbaycan nədən fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunu (DTİHB) dəvət edir, AŞPA-nı isə yox? Əvvəla, belə yanaşma kökündən yanlışdır. Yəni seçkilərə dəvət olunma kimi bir öhdəlik yoxdur, əsas seçki izləyən institut ATƏT - Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu olacaq. Bəli, Azərbaycanda keçiriləcək seçkilərin müşahidəsi ilə bağlı qərar artıq qəbul olunub. Hətta Azərbaycanda keçiriləcək seçkilərdə qısamüddətli və uzunmüddətli müşahidəçilərin sayı da müəyyənləşib. Seçki günü, yəni fevralın 7-də DTİHB-dən 200-dən çox müşahidəçi, ATƏT PA-dan isə 100-ə yaxın parlamentari səsvermə prosesini izləyəcək. Buna görə də AŞPA-nın belə açıqlamaları təxribatdan başqa bir şey deyil və bu, onun səriştəsizliyini nümayiş etdirir.

İkincisi, AŞPA Azərbaycanın “yerinə yetirmədiyi” öhdəliklər sırasında cinsi azlıqların hüquqlarının pozulması məsələsini də qabardır. Xüsusən də “LGBT hüquqlarının qorunması” götürülür. Bəyan edirlər ki, Azərbaycan orta məktəblərdə LGBT mövzusunu tədris etməlidir və s. AŞPA və onun deputatları anlamaq istəmirlər ki, Azərbaycan öz milli mentaliteti, əxlaqi dəyərlərinə zidd olan bu “dəyərlər”i qəbul edə bilməz. Ona görə Azərbaycan İstanbul Konvensiyasına qoşulmayıb. Qeyd edək ki, İstanbul Konvensiyanın əksər müddəaları Azərbaycan qanunvericiliyi üçün yenilik deyil, müxtəlif normativ hüquqi aktlarda təsbit olunub. İstanbul Konvensiyası - Avropa Şurasının 2011-ci ildə Türkiyənin İstanbul şəhərində qəbul etdiyi “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” konvensiyadır. Bunu hüquqi sənəddən daha çox ideoloji sənəd hesab edirlər. Belə ki, ənənəvi ailə modeli və bütünlükdə adına milli mental dəyərlər dediyimiz adət-ənənənin aradan qaldırılmasına, ailədə ənənəvi qadının stereotiplərinin sındırılmasına hesablanmış konvensiya hüquqi sənəddən daha çox ideoloji sənəddir.

Beləliklə, bunlar AŞPA-nın qeyd etdiyimiz əsassız iddialarının yalnız bir hissəsidir. Göstərilənlər də Azərbaycana qərəzdən başqa bir şey deyil. Bütün hallarda AŞPA-nın səyləri digər əsassız iddialar kimi, nəticəsiz qalacaq. Azərbaycan müstəqil, balanslı siyasət kursuna davam edəcək. AŞPA-nın son qərarının da insan hüquqları ilə heç bir əlaqəsi yoxdur. Qəbul olunmuş qərar öz ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Azərbaycana qarşı birmənalı şəkildə qərəz və ədalətsizlikdir.

Son xəbərlər

Orphus sistemi