Böyük güclər, o cümlədən beynəlxalq təşkilatlar adətən müstəqil siyasət yeridən dövlətləri qəbul etmək istəmirlər. Çünki ayrı-ayrı dövlətlərin müstəqil siyasətləri həmin aktorların müxtəlif regionlarla bağlı planlarının reallaşmasına mane olur. Bu baxımdan, həm beynəlxalq təşkilatlara, həm də nəhəng dövlətlərə təsir göstərə bildikləri kiçik oyunçular daha çox sərf edir. Biz bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanla bağlı siyasətində də aydın görürük.
Məlum olduğu kimi, 2020-ci ildəki İkinci Qarabağ müharibəsi və 2023-cü ildə birgünlük antiterror əməliyyatından sonra Cənubi Qafqazda yeni geosiyasi reallıq yarandı. Bu reallıqların müəllifi rəsmi Bakıdır. Məhz 44 günlük döyüşlərdən və antiterror əməliyyatından sonra Azərbaycan regional və qlobal oyunçu kimi öz gücünü bir daha göstərdi. Bu isə çox keçmədən beynəlxalq müstəvidə qıcığa səbəb oldu. Beynəlxalq təşkilatlar, o cümlədən AŞPA istər-istəməz “maskasını” çıxarmalı oldu.
Cəmi bir neçə gün əvvəl, yanvarın 22-də AŞPA-nın qış yarımsessiyasının açılış günündə ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilmədi. İclasda AŞPA-nın sabiq və hazırkı prezidentinin əleyhimizə səs verməsi təşkilat rəhbərliyinin mövqeyinin göstəricisidir. Bu mövqe heç də obyektiv, vicdanlı deyil. Əksinə, qərəzlə doludur. Niyə? Çünki 2023-cü il aprelin 23-də Azərbaycan tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra Qərb təsisatları, habelə AŞPA dəfələrlə Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsini, dolayısı ilə Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınmamasını tələb edib.
Məsələnin absurd tərəfi orasındadır ki, həmin vaxt Ermənistana “vəkillik” edən AŞPA Azərbaycan torpaqlarının 30 il işğal altında qalmasına, habelə dini və mədəni abidələrimizin dağıdılmasına, törədilən vandallıqlara heç bir reaksiya verməyib. Elə bil, nə görüb, nə də eşidib...
Beynəlxalq təşkilat kimi Avropa Şurasının (AŞ) əsas vəzifələrindən biri də dünyada sülh və sabitliyin qorunmasına xidmət etməkdir. AŞPA isə bu qurumun əsas təsisatlarından biridir. Amma tarixi təcrübə göstərdi ki, AŞ və AŞPA öz işini layiqincə icra edə bilmir.
30 il ərzində nəinki torpaqlarımız işğal altında qaldı, həm də ərazilərimiz minalandı, Qarabağda narkotik tərkibli bitkilər əkilib-becərildi. Bax onda AŞPA harada idi? Niyə parlamentin iclaslarında bu məsələlər müzakirə olunmurdu? Bütün bunlar riyakarlıq deyilsə, nədir?
2023-cü ilin oktyabrında AŞPA Qarabağla bağlı qətnamə qəbul etdi. O, Azərbaycan hakimiyyətini Qarabağdan olan ermənilərin bölgəyə qayıda bilməsi üçün “etimad mühiti və maddi şərait yaratmağa” çağırdı. Qətnamədə deyilirdi ki, Azərbaycan Qarabağın erməni əhalisini geri qayıtmaları üçün həvəsləndirməlidir. Həmin vaxt Azərbaycan Xarici İşlər Nazirliyi buna cavab olaraq bildirmişdi ki, BMT-nin regiona həyata keçirilən iki missiyası və Ermənistandakı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən müsbət qiymətləndirildiyi və Azərbaycanın hər hansı zorakılıq tətbiq etmədiyi təsdiqləndiyi kimi, Azərbaycanın humanitar hüquqa hörmətinə və erməniəsilli yerli mülki sakinlərin insan hüquqlarının pozulmasının qarşısını almaq üçün ölkəmiz tərəfindən həyata keçirilmiş lazımi tədbirlərə məhəl qoyulmaması, AŞPA çərçivəsində Azərbaycana qarşı uzunmüddətli qərəzin göstəricisidir.
2023-cü ildə Laçın yolunda keçirilmiş dinc ekoaksiyaya, Qarabağda həyata keçirilmiş birgünlük antiterror əməliyyatına hər cür don geyindirən AŞPA Ermənistana bir dəfə də olsun “gözün üstündə qaşın var” deməyib. Məqsəd aydındır; regionun əsas aktoru olan Azərbaycana təzyiqlər vasitəsilə Cənubi Qafqazda “suların durulmasına” mane olmaq. Çünki AŞPA-nın Azərbaycana qarşı qərəzi həm də Ermənistanı şirnikləndirir, revanşa təhrik edir.
Azərbaycan 2001-ci ildə Avropa Şurasının və AŞPA-nın tamhüquqlu üzvü olub. Bəzi avropalı parlamentarilər yanvarın 24-də Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini sual altına alaraq, nümayəndə heyətimizə qarşı ağlasığmaz ittihamlarla çıxış ediblər. Bunu nəzərə alaraq Azərbaycan nümayəndə heyəti AŞPA-da geniş, ətraflı bəyanat yayıb. AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib.
AŞPA-nın bu hərəkəti “bardağı daşıran son damla”, Azərbaycanın addımı isə indiyə kimi ortaya qoyulan qərəzli mövqeyə, 30 ildən çox davam edən qeyri-obyektiv davranışlara qətiyyətli cavab idi.