İdman siyasətdən kənar sahə sayılır. Ancaq idmanın bu humanistliyindən də ermənilər yararlanmağa çalışır, özlərini dünya ictimaiyyətinə məzlum, haqqı tapdanan kimi sırımağa çalışırlar. Təəssüf ki, bu məsələdə də onlara havadarlıq etmək istəyənlər tapılır.
Rusiya vətəndaşı olan, erməni “Matç TV” idman telekanalının şərhçisi Nobel Arustamyana UEFA Avropa çempionatında iştirak üçün akkreditasiya verməyib. AVRO-2020 UEFA-nın bayrağı altında vahid sistemlə keçirildiyindən, o, oyunları başqa ölkələrdə də şərh etməkdən məhrum olacaq.
Qeyd edək ki, çempionat 11 iyun – 11 iyulda qitənin 11 şəhərində keçiriləcək. A qrupunun iyunun 12-də Uels – İsveçrə, iyunun 16-da Türkiyə - Uels, iyunun 20-də İsveçrə - Türkiyə matçları, eləcə də iyulun 3-də 1/4 final mərhələsinin 1 görüşü Bakı Olimpiya Stadionunda olacaq.
Nobel Arustamyan niyə cəzalandırılıb?
O, işğal altında olduğu vaxt Azərbaycan torpaqlarına dəfələrlə qanunsuz səfər edib. 2020-ci il oktyabrın 5-də Arustamyan Xankəndindən fotosunu paylaşaraq Azərbaycana qarşı saxta ərazi iddiası ilə çıxış edib, milli ədavəti qızışıdıran açıqlamalar verib. O Qarabağın “ermənilərə məxsus olduğunu” iddia etməklə yanaşı, tarixi saxtakarlıqla məşğul olub. Arustamyan həmin paylaşımdakı açıqlamaları ilə siyasətdən uzaq idman şərhçisi kimi deyil, Ermənistanın, bir sıra ermənilərin əsassız və qərəzli mövqeyini müdafiə edən “siyasətçi”, Qarabağdakı erməni seperatçılarının tör-töküntüləri rolunda çıxış edib.
Rusiyalı “idman şərhçisi” bu kimi fəaliyyəti ilə Azərbaycanın ərazi bütövülüyünü və suveren hüquqlarını pozub. Başqa sözlə, Azərbaycan ərazisinə icazəsiz daxil olub. Bu cinayətlərinə görə də Avropa çempionatına akkreditasiya olunmayıb. Onun Qarabğada separatçılar tərəfindən döyüşmədiyini də kimsə sübut edə bilməz. Bununla Arustamyan Azərbaycana, onun hərbçilərinə, vətəndaşlarına qarşı silahdan istifadə edən terrorçu rolunda çıxış etmiş sayıla bilər. Çünki o günlərdə dünyanın müxtəlif yerlərindən ermənilər, muzdlular, terrorçular Azərbaycan ərazisindəki qanunsuz, separatçı rejimi, işğalçı Ermənistan dövlətinı və ordusunu müdafiə etmək üçün Qarabağa gəlirdi. Heç kim zəmanət verə bilməz ki, Arustamyan da onlardan biri olmayıb. Qarabağdakı fəaliyyəti ilə bağlı Azərbaycan tərəfinin ona qarşı cinayət işi başlamaq haqqı da var.
“İdman şərhçisi” Bakı və Sumqayıt “hadisələri"ndən bəhs etməklə, milli ədavəti qızışdırıb. İşğalçı Ermənistana isə “kiçik, yazıq Ermənistan” tərifini verib. Azərbaycan ərazisini işğal etmiş Ermənistanın “sülh” və “yaşamaq hüququ uğrunda” “mübarizə” apardığını vurğulayıb.
Müdafiəçiləri də onun kimi saxtakarlıq edirlər. Onlar iddia edir ki, guya erməni soyadına görə onun Azərbaycana daxil olması qadağan olunub.
Özünü Mxitaryanlığa vuran Arustamyan
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü mariya Zaxarova da bu saxtakar “idman şərhçisi"nin müdafiəsinə qalxıb. Hər bir dövlətin diplomatı beynəlxalq hüququ və onun normalarını yaxşı bilməlidir. M.Zaxarova da bu sahədən xəbərdardır. Ona görə də Rusiya ermənisinin Azərbaycanın suveren hüquqlarını pozduğunu bilir. Amma başqa cür mövqe tutur.
XİN sözçüsü Rusiya qanunlarını pozan jurnalistin ölkəsinə buraxılmamasına dair faktlardan xəbərsiz deyil. Bir neçə il qabaq Çexiya vətəndaşı olan jurnalist, “Qospodarjske novinı” qəzetinin redaktoru Ondrjey Soukupa adi məişət məsələsinə görə Rusiyaya buraxılmayıb. Çünki Rusiya qanunları əsas götürülüb. Nobel Arustamyanın məsələsində də Azərbaycanın qanunlarına hörmətlə yanaşılması vacibdir.
Qeyd edək ki, yaşadığı ölkədən asılı olmayaraq, ermənilərin Azərbaycana münasibəti dəyişmir. 2019-cu il mayın 29-da erməni mənşəli futbolçu Henrix Mxitaryana Bakıdakı Avropa Liqasının final oyunu ilə əlaqədar Azərbaycana gəlişi üçün hər cür şərait yaradılsa da, özü bundan imtina etmişdi. Yeri gəlmişkən, bu futbolçu əvvəllər də Bakıya şəxsi təşəbbüsü ilə səfər etmək istəməyb.
Azərbaycan 2015-ci ildə Avropa Liqasının oyununda Mxitaryanın "Qəbələ"yə qarşı oynaması üçün Almaniyanın "Borussiya" (Dortmund) komandasının, 2018-ci ildə isə "Qarabağ"la matçda iştirakı üçün "Arsenal"ın heyətində Bakıya gəlməsinə etiraz etməyib. O, iki il öncə Avropa Liqasının finalında "Çelsi"yə qarşı matçda iştirak etməkdən ötrü Azərbaycana gəlmək istəmədiyini bildirmişdi. Halbuki Azərbaycan Xarici İşlər Nazirliyi həmin il mayın 11-də yaydığı açıqlamada Mxitaryanın təhlükəsizliyinə təminat verildiyini bəyan etmişdi.
Onda Azərbaycan Dövlət Turizm Agentliyi digər dövlət strukturları, Azərbaycan Hava Yolları (AZAL) və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə birlikdə UEFA Avropa Liqasının final matçının Bakıda keçirilməsinə, gələn turistlər və qonaqlar üçün əlverişli şəraitin yaradılmasına tam hazır olduqlarını bildirmişdi.
London təmsilçisinin rəhbərliyi Mxitaryanın təxribatçı davranışını müqavilə şərtlərinə əməl etməmək kimi qiymətləndirərək, ilin yay transfer dönəmində onu satmağı qərara almışdı.
Təhlükəsizliyi üçün bütün şərait yaradıldığı halda, Mxitaryan Bakıya gəlməməklə, guya Azərbaycana qarşı təbliğat aparıb. Əslində isə o, faşist “ermənilik”, “sexakron” ideologiyasına xidmət edib. Həmin ideologiyanın hədəfi türklərdir. Onun ideoloqlarından biri sayılan Qaregin Njdenin devizi belə olub: “Türklərə qarşı mübarizəsiz bir gün olmamalıdır”.
Erməni şərhçi üçün bəhanə
Arustamyan da həmin faşist idelogosiyasının daşıyıcılarından, yetirmələrindən sayılır. Onun Qarabağa səfəri və məlum çıxışları bunu təsdiqləyir. İcazə verilsəydi belə, o, “Təhlükəsizliyim təhdid olunacaq” deyərək, Bakıya səfərdən imtina edəcəkdi.
Bu ideologiyanın daşıyıcıları hər addımbaşı Türkiyə və Azərbaycana qara yaxmaqla məşğuldurlar. Azərbaycanın ərazi bütövlüyünü pozduğu halda, özünü elə aparır ki, guya onu erməni soyadına görə ölkəyə buraxmırlar. Ancaq havadarları və arustamyanlar unudur ki, Azərbaycanda ermənilər təkcə Qarabağ ərazisində deyil, başqa bölgələrdə də yaşayırlar. Qarabağ istisna olmaqla, Azərbaycanda ermənilərin ən çox yaşadıqları ərazi Bakı şəhəridir. Burada 30 min erməni öz soyadı ilə ömür sürür.
Odur ki, Mxitaryanın baş tutmayan təxribatını, Arustamyan başqa şəkildə çətin təkrarlaya. Onun “idman şərhçisi” mikrofonu Bakıda deyil, Avropanın daha 11 ölkəsində, 11 şəhərində söndürülüb.