Fransanın təzyiq və böhtan kampaniyasına baxmayaraq, Azərbaycan kolonializmdən əziyyət çəkən xalqların mübarizəsinə mənəvi dəstəyini davam etdirməkdədir. Neokolonializmə qarşı mübarizə məqsədilə yaradılan Bakı Təşəbbüs Qrupu (BTQ) bu istiqamətdə aktiv fəaliyyət göstərir.
Azərbaycan daha bir beynəlxalq tədbirlə dünya mediasının gündəminə düşüb. Belə ki, bu günlərdə Fransanın dənizaşırı müstəmləkələrindən çoxsaylı heyət Bakıya səfər edib.
Bir faktı qeyd etmək yerinə düşər ki, separatizmə, xalqlar arasında sülh və əmin-amanlığa qarşı çıxan Yelisey sarayından fərqli olaraq Azərbaycan müstəmləkəçilikdən əziyyət çəkən xalqlara sadəcə siyasi, mənəvi və informasiya dəstəyi nümayiş etdirir. Məsələn, hazırda iğtişaşların və etirazların getdiyi Yeni Kaledoniyaya nə bir heyət, nə də hansısa yardım göndərir. 15 min kilometr uzaqda yerləşən adanı silahla da təchiz etmir və bunun üçün heç mexanizm də mövcud deyil. Halbuki rəsmi Paris 44 günlük müharibədən sonra da separatçıları və Ermənistanı silahlandırmaqla məşğul olub.
Keçmiş müstəmləkələrdə baş qaldıran azadlıq hərəkatı öz bəhrəsini verir və antifransız aksiyalar günbəgün artır. Baş verənlərdən nəticə çıxarmaq əvəzinə Makron hökuməti xarici iz axtarışına çıxır. Artıq dəfələrə iddia edilib ki, Azərbaycan müstəqillik tələb edən arxipelaq sakinlərini dəstəkləyir, hətta kütləvi aksiyaların "arxasında durur". Artıq neçə müddətdir ki, Emmanuel Makron hakimiyyəti nəzarətində olan mediaya Azərbaycana hücum göstərişi verib.
Bir faktı da qeyd edək ki, BTQ yarandığı gündən səkkiz beynəlxalq konfrans keçirib və bu tədbirlərin əsas məqsədi də müstəmləkəçilikdən əziyyət çəkən yerlərin problemlərini işıqlandırmaqdır.
Yeri gəlmişkən, Fransa mediasında dərc olunan son məqalələrdən bəzilərinə nəzər salaq. “Le Fiqaro” iddia edib ki, Azərbaycan Fransanın dənizaşırı vilayətlərində vəziyyəti nəzarətdən çıxmasında maraqlıdır. Nəşr ortaya heç bir fakt qoymadan cılız və acizanə şəkildə Azərbaycanı avtoritarlıqda ittiham etməyə cəhd göstərib. Məqalədə rəsmi Bakının həyata keçirdiyi müstəmləkə əleyhinə tədbirlərə Yeni Kaledoniya və digər dənizaşırı nümayəndələrin göndərilməsindən də bəhs edilib.
Makron hökumətinin əsas ruporlarından hesab edilən “Le Fiqaro” bundan əvvəl də ölkəmizə qarşı qərəzli mövqe ortaya qoyub, Qarabağdan qovulan separatçı rejimin qalıqlarına qəzet səhifəsində yer ayırıb, hətta terrorçuluqda ittiham olunan separatçı rejimin rəhbərlərini siyasi məhbus adlandırmaqdan da çəkinməyib.
“Le Fiqaro” ilə yanaşı, bu ölkənin “TVL” kanalı da Azərbaycan parlamentinin Fransız Polineziyasının yüksək rütbəlilərini ölkəyə dəvət etməsinə toxunub. Onların Bakıda keçirilən kolonizasiya əleyhinə tədbirə dəvət olunmalarını qabardıb. “Bir neçə ay ərzində Fransanın “müstəmləkəçiliyi” haqqında danışmaq üçün xaricdən seçilmiş müxtəlif məmurlar Azərbaycana dəvət olunub”, - deyə bildirilib.
Digər bir nəşr Atlantico isə məsələ ilə bağlı Azərbaycanın Parisdəki səfirliyinin mövqeyini ortaya qoyub. Xatırladılıb ki, Fransa Senatının üzvləri erməni separatçılarının nümayəndələrini qəbul edib.
Fransız jurnalist Kristin Kelli isə özünün “X” sosial şəbəkəsində yazıb ki, “Fransız Polineziyasının vəzifəlilərini indi Azərbaycanda qəbul edirlər. Yeni Kaledoniya strategiyası davam etdirilir”.
Devil-leRuan şəhərinin meri, Senatın keçmiş üzvü Dominik Qambye də “X”də Bakıya dəvət edilən heyətdən bəhs edib. “Fransa hökuməti tərəfindən Yeni Kaledoniyadakı böhrana müdaxilə etməkdə ittiham olunan Azərbaycan parlamenti Polineziyadan seçilmiş nümayəndələri qəbul edir”, - deyə o yazıb.
“France Tv Info” isə xəbər verib ki, bir neçə həftə əvvəl ilk səfərindən sonra Polineziya nümayəndə heyəti cari dəyirmi masada iştirak etmək üçün yenidən Azərbaycanda səfərdədir. Paris artıq iğtişaşlardan sonra Bakını Yeni Kaledoniyanın işlərinə “müdaxilə etməkdə” ittiham etdikdən sonra bu, gərginliyin daha da artması riski ilə üzləşən hadisədir.
Fransa mediası ilə yanaşı, Fransız Polineziyası mediası da hadisələrə toxunub. Məsələn, "TAHITI INFOS" nəşri Bakıda səfərdə olan Fransız Polineziyasının “Tavini Huiraatira” Partiyasının Baş katibi Viktor Maamaatuaiahutapunun fikirlərini yerləşdirib. O deyib: "Fransa səsimizi dünyaya çatdırmağa imkan vermir".
Qeyd edilib ki, “Tavini Huiraatira” Partiyasının Baş katibi mayın 30-da Azərbaycan Milli Məclisində "Fransız Polineziyasının dekolonizasiya hüququ: çağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda çıxışı zamanı partiyaların artıq 40 ildir Fransız Polineziyasının müstəqilliyi uğrunda mübarizə apardığını bildirib.
Beləliklə, bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın neokolonializmə qarşı keçirdiyi hər tədbir Makron hökumətində ciddi rezonans və narahatlıq doğurur. Bu səbəbdən də Makron himayəsində olan media və "yemlədiyi" siyasətçilərə, deputatlara Azərbaycana qarşı total hücum tapşırığı verib.