Anti-Rusiya sanksiyaları: Ermənistan Qərbin məhdudiyyətlərini necə sabotaj edir?

Anti-Rusiya sanksiyaları: Ermənistan Qərbin məhdudiyyətlərini necə sabotaj edir? Ötən ilin fevralında Ukraynaya qarşı başlatdığı müharibəyə cavab olaraq Rusiya artıq 17 aydır sərt iqtisadi məhdudiyyətlər altındadır. Ötən dövr ərzində bu ölkə sanksiyalardan dolayı yüksək yarımkeçiricilərin, telekommunikasiya avadanlıqlarının, elektron
Analitika
22 Avqust , 2023 12:36
Anti-Rusiya sanksiyaları: Ermənistan Qərbin məhdudiyyətlərini necə sabotaj edir?

Ötən ilin fevralında Ukraynaya qarşı başlatdığı müharibəyə cavab olaraq Rusiya artıq 17 aydır sərt iqtisadi məhdudiyyətlər altındadır. Ötən dövr ərzində bu ölkə sanksiyalardan dolayı yüksək yarımkeçiricilərin, telekommunikasiya avadanlıqlarının, elektron hissələrin və digər vacib texnoloji elementlərin tədarükünə birbaşa çıxışı itirib. Bu cür sərt məhdudiyyətlərin tətbiqinin əsas məqsədi Rusiyanı texnoloji cəhətdən geri salmaqla yüksək texnoloji silah istehsal etmək və nəticə etibarı ilə də müharibəni davam etdirmək imkanlarını heçə endirməkdir. Bəs ABŞ və onun qərb müttəfiqləri bu məqsədə nə dərəcədə nail ola biliblər?

Rusiya növbəti dəfə “Bulanıq suda balıq tutmaq”la məşğuldur

Əvvəldən də bəlli idi ki, Rusiya mövcud məhdudiyyətlərlə barışmaq niyyətində deyil. Ona görə də şimal qonşumuz tez bir zamanda “boz idxal” və ya sanksiyalardan yayınma sxemini işə saldı. Sanksiyaların təsiri altında olan məhsulların ölkəyə gətirilmə kanallarını gizlətmək və həmin ölkələri ikinci dərəcəli sanksiyalardan qorumaq üçün isə ötən ilin aprelindən xarici ticarətlə bağlı statistika məxfiləşdirildi.

Müharibə aparan Rusiya üçün müdafiə sənayesini funksionallığını qoruyub saxlamaq əsas prioritetə çevrildi. Avropa İttifaqı, ABŞ və "Böyük yeddiliyin" digər ölkələri tərəfindən Rusiyaya ən müasir yarımkeçiricilərin və ikili təyinatlı (mülki məqsədlər üçün istifadə edilsə də, eyni zamanda kütləvi qırğın silahları və onların çatdırılma (daşınma) vasitələrinin, digər silah növlərinin, hərbi texnikanın, sursatın yaradılmasında və hazırlanmasında istifadə oluna bilən) digər malların ixracına sərt məhdudiyyətlər tətbiq etməsi müdafiə sənayesi üçün ciddi zərbə ola bilərdi. Bunu gözə alan Rusiya Ukraynaya hücum ərəfəsində aktiv şəkildə çip ehtiyatını artırmaqla məşğul idi. Lakin hərbi əməliyyatların miqyasından dolayı həmin ehtiyatlar qısa zaman sonra tükənməyə başladı. Yarımkeçiricilərə, yüksək texnoloji maşın və mexanizmlərə olan tələbatı ödəmək üçün Rusiya Ermənistan üzərindən "boz idxal" həyata keçirməyə başladı.

Ermənistan Rusiyanın “boz idxal”ının lokomotivinə çevrilib

Ermənistan sözün həqiqi mənasında Rusiyaya ixracı qadağan olunan malların həmin ölkəyə aşırılması sayəsində vahid liderə çevrilib. "Yaxın xarici" ölkələr arasında Rusiyaya məhsul ixracını ən çox artıran məhz Ermənistan olub. Bu ilin ilk yarısında bu ölkədən Rusiyaya ixrac 3 dəfə artaraq 1,7 milyard ABŞ dollarına çatıb. Bu, müasir Ermənistan tarixində ilk 6 ay üzrə rekord həddir. Ermənistan statistikasında Rusiyaya hansı məhsulların ixrac olunduğu göstərilməsə də ixracın məhsullar üzrə təsnifatı söhbətin hansı təyinatlı məhsullardan getdiyini deməyə əsas verir.

Bir il əvvəlki göstəricilər ilə müqayisədə Ermənistanda bu ilin altı ayında kompüter, elektron və optik avadanlıq istehsalı dəyər ifadəsində 11 %, elektrik avadanlıqlar istehsalı 18 %, maşın və avadanlıq istehsalı 24 % azalaraq toplam olaraq 53,9 milyon ABŞ dolları təşkil edib. Bunun müqabilində ölkə xaricə maşın, avadanlıq və mexanizmlərin ixracını hesabat dövründə 8,4 dəfə artıraraq 567 milyon ABŞ dollarına çatdırıb. Ermənistan hətta tarixində ilk dəfə çip ixracı üzrə dünya liderlərinin ilk 5-liyinə "daxil olaraq" 4-cü yerdə qərarlaşıb. Sonuncu hal qlobal medianın diqqətindən kənarda qalmayıb və araşdırmalar nəticəsində bir çox qaranlıq məqamlar üzə çıxıb. Belə ki, Rusiyanın Müdafiə Nazirliyi və Federal Təhlükəsizlik Xidməti ilə sıx əlaqələri olan yerli elektronika istehsalçısı və mikroprosessorlar işləyib hazırlayan “Milandr” şirkəti müharibədən iki ay sonra Ermənistanda “Milur Electronics LLC” adlı uydurma korporasiya yaradır. Bundan sonra “Milandr” müharibəyə kimi əsas tədarükçüsü olan qlobal çip nəhəngi TCMS-ə (Semiconductor Manufacturing Co.) çip sifarişini “Sharp Edge Engineering” adlı saxta Tayvan şirkəti vasitəsilə yerləşdirməyə başlayır. Həmin çiplərin Rusiyaya çatdırılması isə Ermənistandakı həmin “Milur Electronics LLC” vasitəsilə həyata keçirilib. Bu həcmdə çipin ölkəyə gətirilib daha sonra Rusiyaya ötürülməsinin Ermənistan rəsmilərinin diqqətindən kənarda qalması mümkünsüzdür. Yəni proses ən yüksək səviyyədə himayə olunub.

Ermənistanın “ABŞ-Gürcüstan-Ermənistan-Gürcüstan-Rusiya” sxemi ifşa edildi

Ermənistan tək çiplərin təkrar ixracı ilə kifayətlənməyib. O, "asta qaçan namərddir" deyib əli çatan hər imkandan yararlanıb. Söhbət sanksiyalar altında olan yerüstü, hava və su nəqliyyatı vasitələrinin Rusiyaya ixracından gedir. Rusiya-Ukrayna müharibəsi başlayandan dərhal sonra dünya avtomobil nəhəngləri Rusiya bazarından getmək qərarı verdi. ABŞ bahalı avtomobillərin, Avropa İttifaqı isə 50 min avrodan bahalı avtomobillərin Rusiyaya ixracına qadağa qoydu. Fürsətcil Ermənistan bu vəziyyətdən də maksimal xeyir götürməyə çalışdı.

Son 11 ildə Ermənistanın yerüstü, hava və su nəqliyyatı vasitələrinin ixracı üzrə illik ən yüksək göstəricisi 40 milyon ABŞ dolları olduğu halda, 2023-cü ilin cəmi 6 ayı ərzində ölkə birdən-birə 351 milyon ABŞ dolları dəyərində analoji məhsul ixrac edib. Rusiyaya sanksiyalar altında olan avtomobillərin ixracı üçün Ermənistan özünün “ABŞ-Gürcüstan-Ermənistan-Gürcüstan-Rusiya” sxemini işə salıb. Belə ki, həmin avtomobillər ABŞ-dan əsasən Gürcüstanın Poti limanına gətirilir. Rusiya ilə eyni gömrük-iqtisadi zonasında olduğu üçün həmin avtomobillər gömrük rəsmiləşdirməsindən keçmək üçün Ermənistana göndərilir. Ermənistanda “aparıcı hab” rolunu Gümri şəhəri oynayıb. Nəqliyyat vasitələri məhz buradan Gürcüstanın elə həmin “Yuxarı Lars” sərhəd-keçid məntəqəsinə, oradan da Rusiyaya göndərilib.

Sxemin miqyasını görmək üçün iki ölkə arasında avtomobil mübadiləsinin statistikasına baxmaq yetərlidir. Belə ki, bu ilin ilk altı ayında Gürcüstandan Ermənistana avtomobil ixracı 12,5 dəfə artıb. Lakin bu sxemin "bazarı bağlanıb" desək, yanılmarıq. Belə ki, ABŞ-ın təzyiqləri altında bu ayın əvvəlində Gürcüstan ABŞ-dan gətirilən avtomobillərin Ermənistandan öz ərazisi vasitəsilə Rusiyaya ixracına qadağa qoyub.

Göründüyü kimi, sadəcə sanksiyaları tətbiq etməklə iş bitmir. Onlardan yayınma kanallarının müəyyən olunaraq qarşısının alınması az əhəmiyyətli deyil. ABŞ və onun müttəfiqləri bu istiqamətdə qətiyyətli addımlar atmağa başlayıb. Ağ Ev Administrasiyası son olaraq Rusiyaya sanksiyalardan yayınmağa kömək etdiyi üçün 71 şirkəti qara siyahıya salıb. Onlardan biri isə “Kinematika AG” (İsveçrə), “ATAGO” (Yaponiya), “Hanna instruments” (Almaniya), “Citizen” (ABŞ) və digər laboratoriya avadanlıqları istehsalçılarının Ermənistandakı rəsmi nümayəndəsi olan yerli şirkət “Medisar LLC”dir.

Xankəndidə erməniəsilli Azərbaycan vətəndaşlarının blokadada olduğuna dair sayaqlamaları ilə bütün dünyanın son 254 gündür ürəyini bulandıran Ermənistan əlinin son olaraq Çerniqovda Rusiyanın ballistik raketlə qətl etdiyi mülki əhalinin qanına bulaşdığını unutmamalıdır. Çünki həmin raketlər Ermənistanın Rusiyaya satdığı çiplər hesabına hədəfə çatır.

Son xəbərlər

Orphus sistemi