Bakı. 22 iyun. REPORT.AZ/ Olimpiya Oyunlarına Qarşı Beynəlxalq Şəbəkə (CON) 2012-ci ildə təsis edilib (https://counterolympicsnetwork.wordpress.com/about/). Adı bir qədər çaşdırıcıdır, yəni əslində CON təmsilçiləri olimpiadalara qarşı deyillər. Hədəfləri Olimpiya oyunlarına sponsorluq edən transmilli korporasiyalardır. Başqalarından fərqli olaraq niyyətlərini gizlətməyən CON təsisçiləri açıq şəkildə bildirirlər ki, təşkilatlanmalarının səbəbi təmsil etdikləri şirkətlərin Olimpiya oyunlarının sponsorları sırasında qatılmalarına nail omaqdır ( http://vse-o-sochi.ru/olympic-games-2014/423-aktivizirovalos-antiolimpiyskoe-dvizhenie.html ): “İri şirkətlər Olimpiya oyunlarına sponsorluq etməklə bir tərəfdən reklam olunurlar, digər tərəfdən isə burada öz məhsullarının satışını təşkil etməklə ikitərəfli qazanc əldə edirlər. Amma Olimpiya oyunlarının sponsorluğu ənənəvi olaraq bir qrup transmilli korporasiyalara həvalə olunduğu üçün, başqaları bu sıraya müdaxilə edə bilmirlər, nəticədə böyük maliyyə vəsaiti qazanmaqdan məhrum olurlar”. İnternet saytlarındakı məlumatdan aydın olur ki, CON-u Olimpiya oyunlarına sponsorluq edən ənənəvi şirkətlərin rəqibləri yaradıblar və məqsədləri sponsorlar sırasında yer tutmaqla yeni iqtisadi imkanlar əldə etməkdir.
CON 2012-ci ildə Londonda, 2014-cü ildə Soçidə Olimpiada keçirilən zaman aktivləşmək istəyib. Amma mövqeyi qeyri-ciddi qarşılandığı üçün səhnədən silinib. Mövzunu dəyişib ayaqda qalmaq üçün manevr də edə bilməyiblər. Məsələn, Soçi olimpiadası ərəfəsində diqqət mərkəzinə gəlmək üçün Rusiyada “Çərkəzlərin soyqırıma məruz qalmasına qarşı kampaniya” keçirmək istəsələr də, populyarlıq qazana bilməyiblər. İnsan haqları müstəvisində oyun qurmaq cəhdləri baş tutmayıb. Uğursuzluqdan yaranan ruh düşkünlüyü toparlanmalarına imkan verməyib və 2015-ci il Bakıda keçirilən I Avropa Oyunları ərəfəsində hər hansı bir aksiya planlaşdırmayıblar. Amma nə qədər künc-bucaqda qalmış olsalar da, Rebekka Vinsentin diqqətindən yayınmayıblar.
Bakı Oyunları ərəfəsində ABŞ-ın yönləndirməsi ilə anti-Azərbaycan kampaniyaya cəlb edilmiş 3 koalisiya, 12
Artıq bir mərkəzdən idarə olunan xarici anti-Azərbaycan şəbəkənin də arqumentləri bitib. Nə qədər eyni qondarma mövzunu diqqətə gətirmək və gündəmdə saxlamağa çalışmaq olar. Axı, beynəlxalq medianın da öz dəyərləri, kodeksləri, informasiya siyasəti, informasiyaya yanaşma və təqdimat meyarları var. Onlar da öz nüfuzlarını boş və mənasız məsələlərə xərcləyə, qeyri-obyektiv və aktuallıq kəsb etməyən mövzuları günlərlə əsas xəbər kimi az qala manşetdə saxlaya bilməz və hətta “qüdrətli mərkəzlərin mənafeyi naminə” öz imiclərinə bu qədər kobud zərbə vura bilməzlər. Adi oxucu da bu yanaşmanın kampaniya xarakterli olduğunu görür və günlərlə təkrarlanan mövzudan bezərək həmin media orqanlarına müraciət edib-etməmək haqqında düşünür. Buna görə də “Assoşeyted Press” kimi nüfuzlu media orqanının bir daha stadionlarda “boş oturacaqlar” axtarışına çıxmayacağını, BBC-nin bir həftə bundan əvvəl xüsusi təşkil olunmuş “cəbrayıllı Bono”nun sərgüzəştlərini yanlış şəkildə təqdim etməyəcəyini, “The Guardian”ın da jurnalistlərin yazılarını təhrif olunmuş şəkildə verməyəcəyini deməyə əsas vardır.
Vinsentin çaşqın durumu onun təsir dairəsində olan anti-milli KİV-lərin fəaliyyətində də hiss olunur. “Meydan TV” tənqid etməyə mövzu tapmayınca, qondarma problemlər yaratmağa başlayıb. Yaşadığımız həftə içində çəkdiyi mövzu qıtlığını həftə sonunda “Bakıda avtobus qəzasına düşən avstriyalı atlet Vanessa Şahinoviçi bir saat ərzində öldürüb-diriltməklə” kompensasiya etmək istədi. Sonra isə Avropa Yenidənqurma və İnkişaf Bankının internet səhifəsindən 2010-cu ilə aid qondarma və naftalin iyi verən diaqram tapıb səhifəsinə yerləşdirməklə sübut etməyə çalışdı ki, sən demə, Azərbaycan da az qala Ermənistan qədər qeyri-tolerant ölkə imiş.
Qrupun başqa bir təmsilçisi - “Azadlıq” qəzeti isə daha “səmimi davrandı”. “Avropa Oyunları özündən sonra hansı problemləri buraxacaq?” ( http://www.azadliq.info/xeberler/358-xeber/68922-avropa-oyunlar-oezuendn-sonra-hans-problemlri-buraxacaq.html ) başlıqlı yazıda artıq I Avropa Oyunları dönəmi bitmiş sayılır, növbəti mərhələ üçün fəaliyyət proqramları qurulur, problem yaratmaq üçün tezislər müəyyənləşdirilir. Yazıda etiraf olunur ki, bu cür möhtəşəm tədbirlər keçirmək “hətta inkişaf etmiş, oturuşmuş dövlətlərdə belə, ...təlatümlər yaradır”. Ölkənin gələcəyini problemlər məngənəsində göstərmək istəyən bu cümlələrin müəllifləri, özlərindən asılı olmayaraq, Azərbaycanın uğurunu etiraf ediblər: bəli, bu cür möhtəşəm tədbirlər təşkil etmək, hətta böyük dövlətlər üçün çətindir. Amma Azərbaycan bütün çətinlikləri aşa bildi, rəqiblərini isə müşkülə saldı. I Avropa Oyunları problemsiz bitdi, rəqiblər isə indi “bəs sonra” sindromundan əziyyət çəkirlər.