Amerikasayağı “ədalət” - ABŞ Dövlət Departamenti erməni lobbisinin toruna düşüb - ŞƏRH

Amerikasayağı “ədalət” - ABŞ Dövlət Departamenti erməni lobbisinin toruna düşüb - ŞƏRH İlin əvvəlində dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı ənənəvi illik hesabat yayımlayan ABŞ Dövlət Departamenti növbəti dəfə “illik qərəzini” ortaya qoydu. Hesabatın Azərbaycana aid hissəsində din azadlığı ilə əlaqədar əsassız, reallıqla h
Analitika
8 Yanvar , 2024 17:54
Amerikasayağı “ədalət” - ABŞ Dövlət Departamenti erməni lobbisinin toruna düşüb - ŞƏRH

İlin əvvəlində dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı ənənəvi illik hesabat yayımlayan ABŞ Dövlət Departamenti növbəti dəfə “illik qərəzini” ortaya qoyub. Hesabatın Azərbaycana aid hissəsində din azadlığı ilə əlaqədar əsassız, reallıqla heç bir əlaqəsi olmayan qərəzli iddialar yer alıb. Dövlət katibi Antoni Blinkenin rəhbərlik etdiyi idarənin erməni lobbisi ilə birlikdə hazırladığı hesabat birmənalı şəkildə fövqəldövlət olmağa iddialı olan ölkə adına utancvericidir.

ATƏT-in keçmiş Minsk qrupunun üzvü olan Birləşmiş Ştatlar birtərəfli qaydada yalnız erməni mənbələrindən istifadə etməklə sənəd hazırlayaraq təqdim edib. O da məlum olub ki, Amerika Erməni Assambleyasının rəhbər vəzifəli şəxslərindən biri, Azərbaycan və Türkiyəyə qarşı qərəzli mövqeyi ilə seçilən Daniella Aşbaxyan hesabatın hazırlanmasında əvəzsiz rol oynayıb. Bu da onu təsdiq edir ki, ABŞ Dövlət Departamenti hələ də erməni lobbisinin ciddi təsiri altındadır.

Hesabat şübhəsiz ki, müstəqil siyasət yürüdən dövlətlərə qarşı siyasi təzyiq vasitəsi olmaqla yanaşı, ABŞ-də qarşıdan gələn seçkilərlə bağlıdır. Hər vəchlə erməni lobbisinin səsini qazanmaq hədəf götürülüb. Məhz bu səbəbdən də hesabatda bir yerdə də olsun Azərbaycan ərazisində həyata keçirilən erməni barbarlığı, erməni vandalizmi barədə bir kəlmə də yer almayıb.

Vaşinqtonun qərəzi və obyektiv olmadığı hesabatın hazırlanmasında məhz Aşbaxyandan yararlanmasıdır. Dövlət Departamentinin Beynəlxalq Dini Azadlıq Komissiyasında (USCIRF) çalışan bu şəxsin bütün fəaliyyəti Azərbaycanafob, türkofob fəaliyyət üzərində qurulub. Onun “X” hesabına baxmaqla da bunu müəyyən etmək mümkündür. Açıq görünür ki, onun bütün fəaliyyəti erməni təəssübkeşliyi, separatizmin təbliği, Azərbaycanın əleyhinə fəaliyyətə köklənib. Bu postlara baxmaq kifayət edir ki, müəyyən nəticələrə gələsən - https://twitter.com/DanielleSaroyan.
Erməni lobbisinin aktiv nümayəndəsi, Dövlət Departamentinin rəsmisi olan xanımın “X” hesabı ermənipərəst, anti-Azərbaycan və anti-Türkiyə postları ilə zəngindir. Onlardan bəzilərinə nəzərə salaq. Məsələn, Aşbaxyanın profilini Ermənistan və onun fonunda Ağrı dağının fotoları bəzəyir. Tək bu fakt özlüyündə onun Türkiyənin ərazi bütövlüyünün şübhə altına alınması anlamına gəlir.

Digər bir fakt. ABŞ məmuru ola-ola erməni diasporunun (Armenian Assembly) paylaşımlarını öz səhifəsində yerləşdirib. Aşbaxyan daha sonra Qarabağda separatçı rejimə son qoyan Azərbaycanın fəaliyyətini sərt tənqid edib. Bununla bağlı ona dəstək verən şəxslərə də təşəkkür edib. “Qarabağda ermənilər Azərbaycan tərəfindən boğulur”, deyə onun paylaşımlarından birində vurğulanır. Daha sonra Qarabağda guya “etnik təmizləmə” olmasından dəm vurub.

Eyni zamanda, Aşbaxyan öz profilində Dövlət Departamentinin Beynəlxalq Dini Azadlıq Komissiyasının (USCIRF) saytını öz şəxsi səhifəsi kimi qeyd edir və bununla bu təşkilatla əlaqəsini açıq nümayiş etdirir. Amma X-dəki postlarını heç öz fikirləri kimi qeyd etmir.

Digər bir məsələ. Bəlli olduğu kimi, ABŞ-da “public servants” – dövlət qulluqçuları üçün konkret və sərt kodeks mövcuddur. Orada belə bir prinsip qeyd olunur: işçilər qərəzsiz olmalı, heç bir özəl təşkilata və ya şəxsə üstünlük verməməlidirlər. Xanım Aşbaxyan isə bütün bu prinsipləri kobud şəkildə pozaraq, erməni lobbisinin təmsilçisi kimi çıxış edir.

Beləliklə, 2020-ci ilin fevral ayından sonra bütün ermənipərəst və anti-Azərbaycan postlar onun dövlət qulluqçusu statusuna zidd hesab oluna bilər.

Yeri gəlmişkən, bu şəxs 44 günlük müharibə və ondan sonrakı illərdə erməni diasporunun həyata keçirdiyi aksiyaların əsas təşəbbüskarları sırasında olub. Xüsusilə, Livanda Azərbaycan səfirliyinə hücumun təşəbbüskarları sırasında da bu xanımın durduğunu söyləyə bilərik. Ötən ilin avqustunda Azərbaycanın Livandakı səfirliyi qarşısında aksiya keçirən 50-yə yaxın erməniəsilli şəxs səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıblar.

Xanım sosial şəbəkələrdə bütün fəaliyyətini erməni lobbisinə dəstək üzərində qurduğu halda, hüquq və ədalətdən dəm vuran Dövlət Departamentinə bu faktları yada salmaq sərf etməyib. Aşbaxyana hesabatı hazırlamaq göstərişi verən Dövlət Departamentin “başbilənlər”inin diqqətinə onu da çatdırmaq istərdik ki, bu xanım başdan-ayağa feyk erməni mənbələrinə istinad edib. Yəqin ki, indi də oturub, ABŞ kimi bir dövləti necə barmağına doladığına sevinir. Şübhəsiz ki, bu cür feyk hesabatların yayılması əslində ABŞ-nin olan-qalan nüfuzuna da güclü zərbə vurur.

Dünyada dini və irqi ayrı-seçkiliyə məruz qalmış xalq Azərbaycan xalqıdır və bunu BMT kimi bir qurum qəbul etdiyi qətnamələrlə də təsdiq edib. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini sübut edən çoxsaylı qətnamə və qərarları mövcuddur. Ermənistandan 300 mindən çox azərbaycanlı deportasiya edilib, həmin azərbaycanlıların dini və milli dəyərləri isə Ermənistan tərəfindən darmadağın edilib. Hələ Azərbaycanın 30 il müddətində işğal altında olan torpaqlarında ermənilərin törətdikləri vəhşilikləri, vandallığı demirik. İşğal dövründə Azərbaycanın bütün milli və dini dəyərləri ermənilər tərəfindən məhv edilib.

Bütün bunlar da ABŞ-nin xarici siyasət kursunu erməni lobbisinin müəyyən etdiyi qənaətini gücləndirir.

Sonda bir məsələni xüsusi qeyd etmək istərdik. Dünyada çoxsaylı müharibələrə, milyonlarla insanın ölümünə, ev-eşiyindən didərgin düşməsinə, səfalət içində yaşamasına bais olan bir ölkənin belə bir hesabat hazırlaması ən yaxşı halda qərəz və riyakarlıqdır. Eləcə də, ABŞ-də dini və irqi ayrı-seçkilik həm tarixi, həm də cari reallıq kontekstində ən çox tənqidlərə məruz qalır. Amma bu "superdövlət" ölkəsindəki bu reallıqları "görmək" istəmir, ənənəsinə uyğun olaraq bu və ya digər ölkələri qaralayır.

Son xəbərlər

Orphus sistemi