Dünyada ən geniş yayılan sosial əyləncə vasitəsi “TikTok”a qarşı Qərb ölkələri total hücuma keçib. Birləşmiş Ştatlar bu platformanı təhlükəsizliyinə təhdid adlandırıb.
Özünü dünyaya “demokratiya beşiyi” kimi təlqin edən Ağ ev sosial şəbəkə sistemlərinə qarşı hücum kampaniyasını bu platformadan başlayıb. Vəziyyət həqiqətən də təəccüb doğurur. Əvvəla, bu, dünya ölkələrinə demokratiya və söz azadlığı dərsi keçən fövqəldövlətin daxilində vəziyyətin fərqli olduğuna işarədir. Yəni, ABŞ dünyaya təbliğ etdiyi kimi, söz azadlığının, fikir müxtəlifliyinin mütləq şəkildə təmin edildiyi ölkə deyil. Əksinə, bu ölkədə hüquq və azadlıqlar, o cümlədən, ifadə və media azadlığı kobud şəkildə pozulur. ABŞ Konqresi təhlükəsizliyin təmini adı altında son illər dünyada məşhurlaşan “TikTok”a qarşı səlib yürüşünə start verib. Konqres də Ağ ev kimi bunu əyləncə vasitəsi kimi deyil, milli təhlükəsizliyə təhlükə kimi gördüyünü elan edib.
“Amerikalıları xarici təcavüzkarlar tərəfindən idarə olunan proqramlardan qorumaq” adı altında cəmiyyətə sırınan qanun layihəsinin müəllifləri respublikaçı Mayk Qallaqer və demokrat Raca Krişnamurtidir. Layihədə bildirilir ki, “TikTok” “xarici düşmənlər” tərəfindən idarə olunur və ABŞ-ın milli təhlükəsizliyinə təhdiddir. Qanun layihəsi qəbul olunarsa, “TikTok”un sahibi olan ByteDance korporasiyası “TikTok”u satmaq məcburiyyətində qalacaq və ya sosial şəbəkə ABŞ-da qadağan ediləcək. Qanun layihəsi “TikTok” ilə Çin tərəfindən idarə olunan bütün qurumlar arasında istənilən əlaqəni kəsməyi hədəfləyir. Konqresmenlər sosial şəbəkəni satmaq üçün “ByteDance” kompaniyasına altı ay vaxt veriblər. Əks təqdirdə onun ölkədəki fəaliyyətinə, o cümlədən müvafiq tətbiqin şəbəkə platformalarında yerləşdirilməsinə qadağa qoyulacaq. Qeyd olunur ki, qanun layihəsi həm də rəsmilərə “xarici düşmənlər” tərəfindən idarə olunan digər platformaları qadağan etməyə imkan verəcək. Nəşrin məlumatına görə, siyahıya Çin, Rusiya, Şimali Koreya və İrana bağlı platformalar daxildir. “TikTok” platformasının sözçüsü Aleks Haurek bildirib ki, qanun layihəsi müəllifləri onu maskalamağa çalışsalar da, “TikTok”a birbaşa qadağadır.
Ötən may ayında Montana qubernatoru Qreq Gianforte ABŞ-də “TikTok” sosial şəbəkəsini tamamilə qadağan edən ilk şəxs olub. Yeni qanun layihəsinə əsasən, ştatda müvafiq mobil tətbiqi yükləmək qadağandır. Qeyd olunub ki, “Apple” və “Google” proqram təminatının yüklənməsinə girişi bloklamalıdır, əks halda, onları cərimə gözləyir. 2022-ci ilin dekabrında Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns “TikTok”u ABŞ-ın milli təhlükəsizliyinə təhdid adlandırıb. Ticarət naziri Gina Raimondo isə Senatda keçirilən dinləmələrdə deyib ki, “TikTok” kimi mobil proqramların yaratdığı milli təhlükəsizlik təhdidlərinə qarşı hüquqi alətlər yaratmaq lazımdır. Hətta "TikTok”u Çin Kommunist Partiyasının Troya atı adlandırıb, Birləşmiş Ştatlar üçün təhlükə mənbəyi hesab edirlər.
Qeyd edək ki, qısa videoları yükləməyə imkan verən “TikTok” sosial şəbəkəsi 2017-ci ildə, beynəlxalq versiyası isə 2018-ci ilin avqustunda istifadəyə verilib. Şəbəkənin sahibi “ByteDance” kompaniyasıdır.
ABŞ-də hesab edirlər ki, bir çox sosial media proqramları kimi, “TikTok” da istifadəçiləri haqqında vacib məlumatları toplayır. “TikTok”un məxfilik siyasətində deyilir ki, o, istifadəçi məlumatlarını ana şirkəti ByteDance ilə paylaşa bilər. Bundan sonra Çin hökumətinin amerikalı “TikTok” istifadəçiləri haqqında məlumat əldə etmək şansı var. Buraya onların yeri, baxış tarixçələri və kontaktlar daxildir. Bu məlumatın sonradan pis niyyətlə və ya amerikalılara casusluq etmək üçün istifadə edilməsi ehtimalı var.
Belə götürəndə hər bir ölkə qərar verməkdə müstəqildir, heç kim də ona qarışa bilməz. Bəs nədən bu və digər qərarı digərləri qəbul edəndə ona qarşı total hücuma start verir, söz azadlığı və mətbuata təzyiq kimi qiymətləndirirlər. Dövlət Departamenti hər ilin əvvəlində hazırladığı hesabatda müstəqil xarici siyasət yeridən dövlətləri hədəfə alır, onlara “dərs” keçməyə çalışır.
Digər mühüm bir məsələ. Prezidentliyə namizədlərə qarşı məhdudiyyətləri götürək. 2024-cü il seçkilərində Cozef Baydenə rəqib olacaq Donald Tramp belə dəfələrlə ABŞ hakimiyyəti tərəfindən təzyiqlərlə üzləşib. Onun Twitter”, “Тwitсh” və “Snарсhаt” servislərindəki hesabları bloklanıb. Qeyd edək ki, 2021-ci il yanvarın 6-da ABŞ-da baş verən iğtişaşlardan sonra Donald Trampın sosial media hesabları birdəfəlik bloklanıb.
Beləliklə, ABŞ üslubunda söz azadlığı və plüralizm budur. Öz sosial şəbəkələrini və internet saytlarını bütün dünyada təbliğ edir, başqa ölkəninki Amerika bazarında tanınmağa başlayanda isə dərhal onu bloklamağa çalışır. “TikTok”la bağlı aparılan kampaniya da bunun bariz nümunəsidir. Görünən odur ki, demokratiya, söz azadlığı ABŞ üçün hər zaman siyasi oyun predmetindən başqa bir şey olmayıb.