İyulun 7-də Almaniyanın köklü bankı – “Deutsche Bank” restrukturizasiya planını açıqladı və məlum oldu ki, Bank 18-20 min əməkdaşını işdən çıxaracaq, investisiya bankçılığı fəaliyyətini kiçildəcək və aktivlərinin böyük hissəsini satacaq. Bununla da, maliyyə qurumunun 30 illik sürətli inkişaf strategiyasına son verildiyi üzə çıxdı.
Xatırladaq ki, maliyyə bazarları “Deutsche Bank”ın fəaliyyətindəki ciddi qüsurları əvvəlcədən görmüşdü. 2008-ci ilin qlobal maliyyə böhranından ciddi zərbə alan Bankın sağlamlaşması mümkün olmamışdı. Son nəticədə səhmdarlar və investorlar mövcud struktur və strategiya ilə “Deutsche Bank”ın gələcəyinə inanmırr. 2007-ci ildə qiyməti 150 ABŞ dolları ətrafında dəyişən Bankın səhmləri hazırda 7 dollar ətrafında ticarət olunur.
Mənbə:Yahoo Finance
“Deutsche Bank” 1870-ci ildə Almaniyanın paytaxtı Berlində qurulub və kiçik regional bankları alaraq böyüməyə davam edib. Bank eyni zamanda ozunun yüksək adaptasiya qabiliyyəti ilə seçilib. Faşist Almaniyası dövründə hökümətə xüsusi yaxınlıq göstərərək İdarə Heyətindəki yahudiləri istefa verməyə məcbur etmiş təşkilat konsantrasiya kamplarının inşa edilməsini maliyyələşdirib. “Deutsche Bank” eyni zamanda regional layihələrdə də aktiv iştirak edərək həm siyasi, həm də iqtisadi cəhətdən qüdrətli bir banka çevrilib, müharibədən sonrakı illərdə Almaniyanın yenidən qurulmasına töhfə verib. 1958-ci ildən başlayaraq isə bank beynəlxalqlaşma prosesinə başlayıb, həm qərb ölkələrində, həm də sovet bloku ölkələrində nümayəndəliklər açaraq faəliyyətini genişləndirib. Almaniyanin birləşməsindən sonra qlobal banka çevrilməyi özünə hədəf qoyan “Deutsche Bank” Böyük Britaniya, Fransa, İspaniya və ABŞ-da investisiya banklarını alaraq 2001-ci ildə Nyu York fond birjasında listinqdən keçib. Bu mərhələdən sonra investisiya bankçılığı sahəsinə xüsusi diqqət ayrılıb və milyardlarla vəsait investisiya edilib. Çin, BƏƏ, Hollandiya və s. ölkələrdə yerli bankları alaraq və yaxud filialar açaraq qlobal nəhəngə çevrilən “Deutsche Bank”ın aktivlərinin 2008-ci ildəki həcmi Almaniyanın ümumi daxili məhsulunun (ÜDM) 90%-nə bərabər olub. Amma Bank bundan irəli gedə bilməyib və iqtisadi böhrandan ciddi zərbə alaraq kiçilməyə başlayıb.
“Deutsche Bank”ı törəmə maliyyə alətləri bazarındakı əməliyyat həcminə və aktivlərinə əsasən 2008-ci ildə iflas olmuş “Lehman Brothers” investisiya bankına bənzədirlər və sistem əhəmiyyətli bank adlandırırlar. Onun əlaqələri o qədər kompleks və çoxşaxəlidir ki, iflas olması ilə bütün maliyyə sistemini təhlükə altında qoya bilər. Vacib banklardan birinin ödəniş qabilliyyətini itirməsi domino effekti yaradaraq onunla bağlı olan, əməliyyat edən və kredit riskini daşıyan bütün digər banklara ciddi zərbə vura bilər. Bu nöqteyi nəzərdən “Deutsche Bank” fəaliyyətdə olan sistem əhəmiyyətli banklar içərisində ən böyüyüdür. Beynəlxalq Valyuta Fondunun (IMF) hesabatında Bankın hazırki vəziyyətinin dünya iqtisadiyyatı üçün ən böyük təhlükə olduğu qeyd edilir. Aşağıdakı şəkildən göründüyü kimi, “Deutsche Bank” demək olar ki, bütün digər sistem əhəmiyyətli banklarla sıx əlaqələr yaradıb və bu banklar onun riskini daşıyır. Aktivləri trilyon dollarla ölçülən bankın gəlirliyi isə olduqca aşağıdır. Kapital adekvatlığı da stres testlər zamanı çox zəif nəticə göstərir və onun hazırkı öhdəliklərinə nəzərən olduqca azdır.
Digər tərəfdən isə sistem əhəmiyyətli bank statusu investorlarda arxayınlıq yaradır. Onlar düşünürlər ki, ciddi bir problem olsa Avropa Mərkəzi Bankı (AMB) “Deutsche Bank”ı müflis olmaqdan qurtaracaq. Hələ ki, bank öz imkanları ilə, yəni ixtisarlara getməklə, qlobal bazarlardakı fəaliyyətini azaltmaqla və gəlirli aktivlərinin bir hissəsini satmaqla sağlamlaşmağa çalışır. Onu da nəzərə almaq lazımdır ki, AMB-nin təsir mexanizmləri 2008-ci ilə nisbətən xeyli azalıb və Almaniyanın maliyyə nəhəngi problemlərini həll edə bilməsə ona ona kimin kömək edəcəyi qeyri-müəyyən olaraq qalır.
Nəriman Yaqubov