Bakı. 25 sentyabr. REPORT.AZ/ Dünyanın aparıcı dövlətlərində və münaqişə ocaqlarında baş verənlərin hər kəsi maraqlandırması təbii hal sayıla bilər. Çünki hər ikisinin başqa dövlətlərə təsiri var.
Sentyabrın 24-də Almaniya Federativ Respublikasında (AFR) Bundestaqa, parlamentə seçkilər keçirilib. Bu ölkədə seçkilərin azad və ədalətli keçirilməsinə şübhə olmasa da, ancaq Xristian Demokratlar İttifaqı (XDİ) və Xristian Sosial İttifaqının (XSİ) lideri, 63 yaşlı Angela Merkelin 4-cü dəfə qalib gələcəyi ehtimalı daha çox idi. Demokratik cəmiyyətlərdə də belə ehtimalların özünü doğrultması adama bir az qəribə gəlir. Məsələn, bir nəfərin 4-cü dəfə hakimiyyətdə qalması, eyni partiyanın qələbə qazanması və s. Müqayisə və yanaşma düzgün olmasa da, bu hal psevdo-demokratik ölkələrdəki vəziyyətə oxşayır.
AFR parlamentinə seçkilər hər 4 ildən bir keçirilir. Ölkə üzrə 18 yaşdan yuxarı 61,5 milyon seçici var. Almaniya Bundestaqına seçkilər qarışıq: 50 faiz mojaritar, 50 faiz proporsional sistem üzrə keçirilir. Seçkidə 42 partiya iştirak edib. Nəticələrə əsasən, XDİ/XSİ 33 faiz (XDİ 26,8 faiz, XSİ 6,2 faiz), Sosial-Demokratik Partiya 20,5 faiz, Almaniya üçün Alternativ Partiya 12,6, Azad Demokratik Partiya 10,7, “Sollar” 9,2, “Yaşıllar” 8,9 faiz səs toplayıblar. Onlar 5 faizli səsvermə baryerini keçərək parlamentdə təmsil olunacaqlar.
Almaniya Mərkəzi Seçki Komissiyası bildirib ki, yeni Bundestaqın tərkibi 709 yerədək genişləndirilib. Əvvəlki parlamentdə 630 yer var idi.
Angela Merkel
Odur ki, Angela Merkelin alyansı yeni Bundestaqda 246 yer (XDİ 200, XSİ 46), Sosial-Demokratik Partiya 153, Almaniya üçün Alternativ Partiya 94, Azad Demokratik Partiya 80, “Sollar” 69 və “Yaşıllar” 67 yer qazanıb.
Yeri gəlmişkən, Xristian Demokratik İttifaqı 1949-cu ildən sonra ilk dəfədir belə pis nəticə göstərib.
Qeyd edək ki, 2013-cü ildə keçirilən seçkidə Angela Merkelin koalisiyası son 20 ildə ən yaxşı nəticə göstərərək 41,5 faiz səs toplamaqla 631 yerdən 311 yer qazanmışdı. Hökuməti təkbaşına təşkil etmək üçün alyansa 5 səs lazım idi. Onlar ikinci yerdə olan sosial-demokratlarla koalisiya hökuməti yaratmışdı.
Həmin seçkilərdə sosial demokratlar 25,7, “Sollar” Partiyası 8,6 faiz, “Yaşıllar” 8,4 faiz səs toplamışdı. Azad Demokratik Partiya isə 5 faizlik baryeri aşa bilmədiklərindən parlamentdə təmsil olunmamışdı.
Angela Merkel & Helmut Kol
Ötən illə müqayisədə hakim alyansın və sosial-demokratların, müxailfətdə olan partiyaların da səs itirdiyinin şahidi oluruq. Bu seçkidə qazanan iki partiyanın Azad Demokratik Partiya və 4 il əvvəl yaranan Almaniya üçün Alternativ Partiya qazandıqlarının şahidi oluruq.
Bu siyasi kampaniyada yeniliklərdən biri alternativçilərin parlamentdə təmsil olunmasıdır.
Almaniya üçün Alternativ Partiya 2013-cü il fevralın 6-da təsis olunub. Onun 25 min üzvü olduğu bildirilir. Partiya mühafizəkar, radikal sağ yönlü siyasi-ideoloji xəttin daşıyıcısı sayılır. Onlar immiqrasiyanın məhdudlaşdırılması, antiislamçı və milliyyətçi çıxışları ilə fərqlənirlər. 2013-cü ilin parlament seçkilərində 4,7 faiz səs toplayarq 5 faizlik baryeri aşa bilməmişdi. Alternativçilər avrodan imtinanın və Rusiyaya qarşı sanksiyaların tətbiqinin ləğv edilməsinin qatı tərəfdarıdırlar. Avroparlamentdə iki üzv ilə təmsil olunurlar. Regional parlamentlərdəki 1821 yerdən 166-sı Almaniya üçün Alternativ partiyasının üzvləri tutub. Partiyanın liderlərindən biri Aleksandr Qaulyand seçkidən sonra tərəfdarlarının qarşısındakı çıxışında bildirib ki, alternativçilər Angela Merkelə güclü rəqib olacaqlar: “Ölkəyə nəzarəti xalqa qaytaracağıq”. Almaniyada onları neonasist sayırlar. Səsvermə başa çatandan sonra ölkənin müxtəlif bölgələrində alternativçilərə qarşı etiraz aksiyaları keçirilib.
Deməli, Angela Merkelin başçılıq etdiyi alyansın və başqa partiyaların itirdikləri səsi azad demokratiklər və alternativçilər qazanıb.
Angela Merkel Helmut Kolun nəticələrini təkrarlamaq yolundadır. Almaniyanın birləşməsində əsas rollardan birini oynayan Helmut Kol 1976-cı ildən 2002-ci ilədək Bundestaqın üzvü olub. O, 1983-cü ildən 1998-ci ilədək Almaniya hökumətinə başçılıq edib. 2005-ci ildən kansler olan Angela Merkel 2021-ci ilədək bu postda qalsa, o zaman Kolun göstəricisini təkrarlayacaq.
Seçkinin ilkin nəticələrini şərh edən Angela Merkel deyib ki, Almaniyanın yeni hökumətini formalaşdırmağa hazırdır: “Biz güclü partiyayıq. Bizə yeni hökuməti formalaşdırmaq tapşırılıb. Əlbəttə, biz daha yaxşı nəticələrə ümid edirdik”.
O, Nazirlər Kabinetinin dekabrın 25-də qeyd olunan katoliklərin Milad bayramına qədər formalaşdırılacağını deyib.
Sosial-Demokratik Partiyanın sədri Martin Şults səsvermədən sonra tərəfdarları qarşısındakı çıxışında partiyaya liderlik edəcəyini və hakim koalisiyadan çıxaraq müxalifətə keçəcəklərini bildirib.
Ona görə də Angela Merkelin hökuməti formalaşdıracağı siyasi qüvvələr də az əhəmiyyət daşımır. Yeni hökuməti qurmaq üçün ona parlamentdəki 709 yerdən 355-i lazımdır. Alyansın isə 246 yeri var. Deməli, 109 yeri əldə edib koalisiya hökuməti qurmaq üçün azı bu 4 partiyanın Almaniya üçün Alternativ Partiya (94 yer), Azad Demokratik Partiya (80), “Sollar” (69) və “Yaşıllar” (67) ikisi ilə dil tapmağa ehtiyac olacaq. Azad demokratiklərlə koalisiya qurmaq təcrübəsi olduğundan ikinci siyasi qüvvənin kimliyi az əhəmiyyət kəsb etmir.
Angela Merkel & Martin Şults
Angela Merkel hələlik koalisiyanı quracağı partiyanın adını açıqlamayıb, bununla belə, “yaşıllar” koalisiya hökumətində iştirak etməyə hazır olduqlarını bildiriblər.
Son 68 ildə Xristian Demokratlar İttifaqının tarixində səsvermədə ən pis nəticə göstərilsə də, Angela Merkel 4-cü dəfə kansler olmaq şansını saxlayıb. Müharibədən sonra alternativçilərin timsalında sağçılar Almaniya siyasətinin ayrılmaz hissəsini təşkil ediblər.
Onu qeyd edək ki, Avropa İttifaqına üzv dövlətlərin çoxunda radikal solçular çoxdandır hökumətdə və parlamentdə təmsil olunurlar. Bu, Almaniyada indi baş verdi.
Beləliklə, Angela Merkelin koalisiyası nəticələrə görə zəifləsə də, yenidən hökuməti quracaq. Onun qarşısında əsas məsələ olaraq Rusiyaya qarşı sanksiyalar, Ukraynanın şərqində vəziyyətin normallaşması, Türkiyə ilə münasibətlərdə yaranan böhranın aradan qaldırılması, miqrasiya, ölkə iqtisadiyatının inkişaf tempinin düşməsinin qarşısının alınması, vergi siyasətinin yenilənməsi və s. problemlərin həlli durur. Bundan başqa, Avropa İttifaqının Yaxın Şərqdə gedən proseslərdə fəallığının artırılması, İrana münasibətdə yeni mövqeyin sərgilənməsi kimi məsələlərdə də qurumun lider dövlət olaraq Almaniyanın rolu az əhəmiyyətli deyil. Avropada terrora qarşı mübarizə əsas məsələlərdəndir.
Qeyd edək ki, 2006-cı ildən 2016-cı ilədək ölkədə terror hazırlanması və ya həyata keçirilməsi şübhəsi ilə 219 həbs həyata keçirilib. Bu müddət ərzində Almaniyada baş tutan, uğursuzluğa uğrayan və qarşısı alınan 39 terror hadisəsi qeydə alınıb.
Seçki Almaniyanın siyasi səhnəsinə alternativçilərdən başqa yeni heç nə gətirmədi. Nəticədə Angela Merkelin yenidən kansler olacağını, ötən illərdən heç nə ilə fərqlənməyən yürüdülən siyasəti davam etdirəcəyini ehtimal etmək mümkündür. Nəhayət, Avropa İttifaqının aparıcı üzvlərindən biri olan Fransadakı kimi Almaniyada hakimiyyətə yeni siyasi qüvvə gəlmədi.
Bu nə deməkdir: Almaniyada seçicilər hökuməti yeni siyasi qüvvələrə etibar etmir, yoxsa Xristian Demokratlar İttifaqına alternativ yoxdur? Bu suala cavab deyəsən alternativin hələlik yetişməməsidir.