Almaniya XİN başçısının imitasiya cəhdi - yalanı üzə çıxan Annalena Berbok - ŞƏRH

Almaniya XİN başçısının imitasiya cəhdi - yalanı üzə çıxan Annalena Berbok - ŞƏRH Aparıcı güclərin təmsilçilərinin Cənubi Qafqaza səfərləri bir qayda olaraq maraqla izlənilir. Çünki bir çox regional məsələlər onların da münasibətindən asılı olur. Həmin beynəlxalq vasitəçilər 30 il Bakı və İrəvana müxtəlif səfərlər etdilər. Lakin onları
Analitika
6 Noyabr , 2023 16:12
Almaniya XİN başçısının imitasiya cəhdi - yalanı üzə çıxan Annalena Berbok - ŞƏRH

Aparıcı güclərin təmsilçilərinin Cənubi Qafqaza səfərləri bir qayda olaraq maraqla izlənilir. Çünki bir çox regional məsələlər onların da münasibətindən asılı olur. Həmin beynəlxalq vasitəçilər 30 il Bakı və İrəvana müxtəlif səfərlər etdilər. Lakin onların bu səyahətlərinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həllinə heç bir əməli təsiri olmayıb.

Azərbaycan SSRİ-nin tərkibindən çıxarkən malik olduğu ərazidə öz suverenliyini tam təmin edib. İndi köhnə aktorlar yeni sifətlə bölgəyə yenidən səfər edirlər. Onlar bu dəfə də Ermənistanın mövqeyindən çıxış edir, “məzlum erməni xalqı"nın halına acıyırlar.

Bir müddət əvvəl Fransanın xarici işlər naziri Ketrin Kolonna İrəvana səfər etmişdi. O, anti-Azərbaycan çıxışı ilə bağlı estafeti almaniyalı həmkarı Annalena Berboka verib. Almaniya Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri İrəvanda mətbuat konfransı keçirərək Qərbi Zəngəzurda Qarabağdan könüllü olaraq köç etmiş erməni sakinlərlə görüşüb. Onların problemləri ilə maraqlanıb.

O, İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi birgə mətbuat konfransında da rəsmi İrəvanın mövqeyini müdafiə edib.

Ötən gün Azərbaycana səfəri zamanı isə o, XİN başçısı Ceyhun Bayramovla birgə mətbuat konfransında yalan xarakterli açıqlama ilə çıxış edib. A.Berbok İrəvandan fərqli olaraq Bakıda özünü gizlətməyə, səmimi olduğunu göstərməyə çalışıb. Ancaq "yalan-yalanı doğurar, o da saxtakarlıq yaradar" məntiqi almaniyalı nazirin çıxış və davranışında da özünü gizlətməyib.

Jurnalistlər ondan Qarabağdan və Ermənistandan olan məcburi köçkün və qaçqınlarla görüşüb-görüşmədiyini soruşublar. Xanım Berbok yalandan görüşdüyünü bildirib. Ancaq məlum olub ki, o, restoranlardan birində qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşüb. Bu yalanları danışmaq azmış kimi, Annalena xanım Azərbaycanın inzibati ərazi vahidlərinin adlarını da saxtalaşdırıb. Nazirin bütün bunları bilərəkdən etdiyi şübhə doğurmur.

Cənubi Qafqaz məsələsi Almaniya üçün heç vaxt maraqlı olmayıb. Bu ölkə keçmiş münaqişənin həllində heç vaxt aparıcı rol oynamayıb. Sadəcə, bəyanatlar verməklə işini bitmiş hesab edib. Məsələn, keçmiş kansler Angela Merkel Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında bildirmişdi: "Əlbəttə ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində əsas rolu oynayacaq. Burada biz Minsk qrupunun həmsədrləri qismində ABŞ və Fransanı dəstəklədiyimiz kimi, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya hökumətini də dəstəkləmək üçün əlaqələrimizdən istifadə edəcəyik”.

Münaqişə mövcud olduğu 30 ildə Almaniya hökumətinin Cənubi Qafqazdakı hadisələrə münasibəti belə olub. Yəni heç vaxt özünü vasitəçi olaraq görməyib. ABŞ və Fransaya, bir sıra hallarda isə Rusiyaya “amin” deyənlərdən olub.

Bu baxımdan, Annalena xanımın da Bakıda və İrəvanda verdiyi açıqlamalar Fransanın mövqeyini təkrarlamaqdan başqa bir nəsnə deyil.

Ancaq onun zəifliyi və saxtakarlığı bununla bitməyib.

İşğal faktı yoxdursa, yaxud sakinlər zorla köçürülməyibsə, bir dövlətin öz rayon, şəhər, kənd, coğrafi yerlərə ad qoyması onun müstəsna, suveren hüququdur. Bu baxımdan, Azərbaycanın xarici işlər naziri sözügedən mətbuat konfransında almaniyalı nazirin həm Qərbi Azərbaycan, həm də Qarabağ iqtisadi rayonundakı yer adlarını təhrif etməsinin qarşısını alıb.

Ermənistan azərbaycanlıların ərazilərini ələ keçirdikdən sonra oradakı bütün toponimləri – rayon, şəhər, kənd, coğrafi adları erməniləşdirib. Bu saxtakarlıq Almaniyanın öz tarixindən də Annalena Berboka yaxşı məlumdur. Heç uzağa getmədən yaxın tarixi ona xatırlatmaq istərdik - 1933-1945-ci illərdə Almaniyada hakimiyyətdə olmuş faşist rejim eyni addımı atmışdı. Ələ keçirilən bütün şəhər, kənd, qəsəbə və rayon adları almanlaşdırılmışdı. Ərazilər faşistlərdən azad edildikdən sonra bu təhriflər aradan qalxmışdı.

Bu baxımdan, Xankəndi də keçmiş sovetlər dönəmində daşnak-bolşevik, erməni faşisti Stepan Şaumyanın “şərəfinə” ermənilər tərəfindən “Stepanakert” adlandırılıb. Şəhər Azərbaycan tərəfindən azad edildikdən sonra "Stepanakert" adı da tarixin zibilliyinə atılıb. Bu, Bavariyanın, yaxud Almaniyanın başqa bir tarixi şəhərinin adının təhrif edilməsinə oxşayır. Məsələn, Karl-Marks-Ştadt dairəsi 1952-ci ildə yaradılıb. Onun Xemnits tarixi adı 1990-cı ildə geri qaytarılıb. Almaniya Federasiyası birləşdikdən sonra Saksoniya torpağına aid bu bölgənin adı tamamilə ləğv edilib. Karl-Marks-Ştadt qondarma olduğu üçün inzibati vahid kimi siyahıdan çıxarılıb. Deməli, qondarma adları heç Annalena xanımın ölkəsində də sevmirlər.

Almaniya Fransanın ardına düşərək hələ Avropa İttifaqının mülki müşahidə missiyasının tərkibində də təmsil olunur. Almaniya XİN başçısının Qafqaz regionuna səfəri bu ölkənin həmin qrupun tərkibində iştirakının qərəzli olacağına şübhəni artırır. Ona görə də belə qənaətə gəlmək olar ki, rəsmi Berlin Cənubi Qafqazın məsələlərinə münasibətdə Fransa kimi davranır, yaxud Yelisey sarayını imitasiya edir, yamsılayır.

O da məlum olub ki, Annalena xanım Cənubi Qafqaza hazırlıqsız gəlib. Adətən belə səfərlərə detallar əvvəlcədən nəzərə alınmaqla ciddi hazırlıqlar gedir. Amma Almaniya Xarici İşlər Nazirliyi, uyğun qurumlar, eləcə də bu ölkənin Azərbaycandakı səfirliyinin nazirin səfəri ilə bağlı hazırlığına ən aşağı qiymət vermək olar. Çünki bu səfərdə Almaniyanın öz mövqeyi görünmədi, əksinə, Berbok sanki Mirzoyanla Kolonnanın yazdıqlarını oxudu.

Son xəbərlər

Orphus sistemi