Almaniya Azərbaycanla münasibətlərdə... erməni mafiyasını seçib

Almaniya Azərbaycanla münasibətlərdə... erməni mafiyasını seçib Süni nəfəs aparatı tədarük etmək pisdir, amma erməni mafiyasına çalışmaq yaxşı?
Analitika
30 Mart , 2021 15:19
Almaniya Azərbaycanla münasibətlərdə... erməni mafiyasını seçib

Almaniyanın əsas media orqanlarının Azərbaycana sinxron “hücum” seansı davam edir.

“Report” “Caliber.az”a istinadən xəbər verir ki, nüfuzlu “Frankfurter Allgemeine Zeitung” nəşrinin martın 28-də işıq üzü görən sayında “Azərbaycan lobbiçiliyi”nə nə az, nə çox, bütov bir səhifə yer ayrılıb.

Növbəti dəfə guya bir qrup, xüsusilə də Baden-Vürtemberq torpaqlarından olan alman deputatın ya bir qaşıq qara kürü, ya da neft dollarları və bahalı hədiyyələr üçün gecə-gündüz uzaq Azərbaycanın maraqları naminə işlədiyi haqqında tezis səsləndirilib. Amma lobbiçi olduğu iddia edilən deputatlardan hansınasa qarşı irəli sürülən ittihamlar Almaniyanın istintaq orqanları tərəfindən sübut olunmayıb. Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzerin “Stuttgarter Zeitung” qəzetinə verdiyi müsahibəsində əsaslı şəkildə bildirdiyi kimi, onun üçün “günahsızlıq prezumpsiyası”na əməl etmək son dərəcə vacibdir.

Bu kontekstdə Almaniyada geniş rezonans yaratmış alman siyasətçiləri ilə erməni mafiyası arasındakı sıx əlaqələrin tarixçəsini necə xatırlamamaq olar? Xatırladaq: keçən ilin əvvəlində Almaniyada cinayət xəbərləri Qafqaz respublikalarından gələn mühacirlərin cinayət əməlləri barədə məlumatlarla dolub daşırdı. Almaniya polisi artıq uzun illərdir Qafqaz “etnokriminal”ına qarşı mübarizə aparır. Eyni zamanda Almaniyanın şərqində daha da möhkəm mövqe tutan məhz erməni mafiyasıdır. 2019-cu ilin sonunda iş artıq siyasi müstəviyə çıxmağa başlayarkən Almaniyanın dövlət telekanalları açıq şəkildə bildirdilər ki, erməni cinayətinin səkkizayaq kimi uzanan qolları artıq Bundestaq deputatlarına da çatıb.

Ötən ilin yanvarında Almaniyanın ictimai televiziya kanalları Türingiya vilayətinin paytaxtı Erfurtda sənədləri saxtalaşdırmaqda şübhəli bilinən erməni mafiyasının üzvlərinə qarşı reydlər barədə məlumat vermişdi. Bundan bir qədər əvvəl isə elə həmin şəhərdə 36 yaşlı erməni avtoxuliqanla bağlı hadisə regional kriminal xəbərlər arasında yer almışdı. Polislər avtoxuliqanı saxlamağa müvəffəq olanda onun hüquq-mühafizə orqanları əməkdaşlarının köhnə tanışı olduğu məlum oldu – saxlanılan şəxs Erfurtdakı erməni mafiyasının liderlərindən biridir. Onun krimnal tarixçəsi 2014-cü ilə gedib çıxır. O zaman o, Erfurtdakı kazino qarşısında baş vermiş, Ermənistandan olan 15 immiqrantın törətdiyi və bütün Almaniyanı sarsıtmış atışmada iştirak etdiyinə müttəhimlər kürsüsəndə əyləşmişdi. Həmin əks-sədalı işdə boks üzrə dünya çempionu olan erməni-alman boksçu Karo Murat “səhnəyə çıxmışdı”. Alman müstəntiqlər Muratın oyun klubunun qarşısında baş verən atışmada iştirak etdiyindən şübhələnmişdilər, lakin sonradan onun qardaşı Koko Murat gözlənilmədən kazinoya getdiyini etiraf etdi. Ancaq ARD ictimai telekanalının istintaqın əməliyyat məlumatlarına istinadən verdiyi məlumata görə, Karo Muratın mobil telefonu və şəxsi avtomobili o gün atışma bölgəsində olub.

Almaniya polisinin diqqətindən başqa bir detal da yayınmayıb: həmin atışmanın iştirakçılarından çoxu uzun illər digər məşhur alman boksçu, erməni əsilli çempion Artur Abrahamın Berlindəki şirkətində qeydiyyatdan keçmiş mobil telefonlardan istifadə ediblər. Abraham idman fəaliyyəti ilə yanaşı, həm də daşınmaz əmlak biznesi ilə məşğul olur. İdmançı almaniyalı jurnalistlərin şübhəlilərlə əlaqəsinin olub-olmaması barədə dəfələrlə səsləndirdiyi suallara cavab verməməyi üstün tutub. Almaniyanın birinci ictimai televiziya kanalı ARD-nin “Exakt - die Story: Paten in Deutchland” sənədli filmində Abraham Almaniyadakı erməni mafiyasının mərkəzi simalarından biri kimi təsvir edilir.

Narkotik ticarəti, saxta pullar, idman mərcləri ilə manipulyasiya, qumar oyunları, qanunsuz miqrasiyanın təşkili, nəzarətdə olan əmlak şirkətləri vasitəsilə “qara kapital”ın leqallaşdırılması – bunlar Almaniyada kök salmış erməni cinayətkar qruplarının maraq dairələrinin natamam siyahısıdır. Eyni zamanda onlar ən yaxşı mafiya ənənələrinə sadiq qalaraq Almaniya siyasətçiləri ilə sıx əlaqələr qururlar.

Bundestaqda sıx əlaqələr

Qəribə təsadüf nəticəsində Ermənistanın Almaniya Bundestaqında ən fəal lobbiçilərindən biri Türingiyadan olan deputat Manfred Qrunddur (Xristian Demokrat İttifaqı Partiyası). Üstəlik, Qrund bilavasitə 2014-cü ildə baş vermiş səs-küylü atışmanın olduğu yerdən - Ayxsfeld dairəsindən seçilmiş deputatdır. Hələ bu harasıdır?! Deputat bir neçə il əvvəl Dağlıq Qarabağa qanunsuz səfər edib, bundan bir müddət sonra isə ştatına Dağlıq Qarabağdan olan Andranik Aslanyan adlı erməni işçi götürüb. Aslanyan deputatın “elmi referenti” kimi qeyd olunmasına baxmayaraq, eyni zamanda rieltor kimi faəliyyət göstərir, ELASE şirkətinin direktorudur və bütün bu faktları Almaniyanın ictimai televiziyası xüsusi qeyd edir. Aslanyanın şirkəti daşınmaz əmlak əməliyyatlarını kriminal boksçu Karo Muratın da evlərinin olduğu Leyptsiqdə həyata keçirir. Aslanyanın adı həmçinin 2016-cı ildə separatçı “DQR” silahlıları üçün pul toplanması üzrə Almaniyada marafon təşkil edilməsində də sıx-sıx hallanıb. Bu vəsaitin sonradan nə qədər “təmiz” şəkildə bölüşdürüldüyünü “konserva generalı” Manvel Qriqoryan işi əsasında və ümumiyyətlə, Ermənistanın darmadağın olduğu 2020-ci il müharibəsinin nəticələri ilə görə bilərdik.

ARD telekanalının sənədli filmində XDİ-dən olan başqa deputata - Albert Vaylerə də xüsusi diqqət yetirilir. Eynən Manfred Qrund kimi o da parlamentdə Türingiya seçki dairəsini təmsil edir. Vayler Almaniya-Ermənistan Forumuna rəhbərlik edir və Artur Abraham və erməni mafiyasının üzvü olduğu iddia edilən digər şəxslərlə əlaqəyə malikdir.

Almaniya KİV qeyd edir ki, Almaniya-Ermənistan Forumunun təsisçiləri arasında adları erməni mafiyası məsələsində hallanan şəxslər də var. Eyni zamanda, Vaylerin ofisində Alla Serobyan adlı işçi çalışır, “inanılmazdır”, amma o da erməni əsillidir. Beləliklə, erməni mafiyasının Almaniyada yerləşdiyi əsas bölgə olan Türingiyadan iki Bundestaq deputatı ştatlarında erməni işçi (bəlkə kurator?) saxlayır, erməni kriminalının nümayəndələri ilə əlaqədirlər, həmçinin Almaniya parlamentində Ermənistanın alovlu lobbiçiləridir! Üstəlik, hər iki deputat mətbuatın və müstəntiqlərin birbaşa erməni mafiyası ilə əlaqələndirdiyi şəxslə - Ermənistanın Almaniyadakı səfiri Aşot Smbatyanla sıx əlaqələr saxlayır. “Almaniya Federal Kəşfiyyat Xidmətinin 2008-ci ildə gəldiyi məxfi qənaətə əsasən, Ermənistanın Almaniyadakı səfiri Aşot Smbatyan hələ 10 il əvvəl qaçqınların sərhəddən qanunsuz keçirilməsində iştirak etməkdə şübhəli bilinirdi. Sənəddə ona hətta “qanuni oğru” da deyilir... 2005-ci ildə isə prokurorluq Smbatyana qarşı çirkli pulların yuyulması ittihamı ilə istintaq aparıb”, - Almaniyanın “Spiegel” nəşri 2018-ci ilin noyabrında yazıb.

KİV-də səs-küylü məlumatların yayımlanmasına baxmayaraq, hakim partiyadan olan deputatlar - Qrund və Vayler erməni “oğru dünyası” ilə şübhəli əlaqələrindən dolayı ictimaiyyətə heç bir izahat da verməyiblər. Almaniya mətbuatı indi Azərbaycana yaxşı münasibət bəsləyən deputatlarla bağlı vəziyyətdə olduğu kimi, erməni mafiyasına “yapışan” deputatlar haqqında da yazmağa başlamalı idi. Ancaq inanılmaz şeylər yaşandı, sanki sehrlə çubuğun toxunuşu nəticəsində bu iş mediada tez bir zamanda “susduruldu”. Məhkəmələr və jurnalistlər qəfildən “təqsirsizlik prezumpsiyasını” və hətta Ermənistanın mafioz səfiri Aşot Smbatyanın “işgüzar nüfuzunu” xatırladılar. Başqa sözlə, aparıcı Avropa demokratiyası jurnalistlərinə Smbatyan haqqında mafiya işi kontekstində yazmağı sadəcə qadağan etdi. Bundan sonra Almaniya dövlətinin qərəzsizliyinə və Almaniya mediasının obyektivliyinə inanmaq olarmı?! “Spiegel” və MDR-in 2018-ci ilin noyabrındakı birgə araşdırmasının dərc edilməsindən sonra erməni mafiyası mövzusu Almaniyanın informasiya sahəsində mövcud oldu, amma bunun Manfred Qrund, Albert vayler və onların erməni işçiləri üçün heç bir nəticəsi olmadı. Almaniya Kriminal Polisinin apardığı və erməni cinayətkar qruplarına qarşı mübarizə məqsədi daşıyan FATİL (Fight against thieves in law) kod adlı istintaq tədbirləri... dövlət tərəfindən kafi miqadarda maliyyələşmə olmadığından (!) dayandırıldı... Burada, necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur, siyasi iradə olsaydı, bəs edərdi. Necə də olmasa, Avropanın ən varlı ölkəsi bir araşdırma üçün pul tapa bilərdi.

Süni nəfəs aparatı tədarük etmək pisdir, amma erməni mafiyasına çalışmaq yaxşı?

Ədalət naminə qeyd etmək lazımdır ki, bəzi alman mütəxəssislər və politoloqlar özəl söhbətlərdə Azərbaycan lobbiçiliyi ilə bağlı hazırkı kampaniyada rəsmi Bakının günahkar olmadığını və Qarabağ amilinin də indiki məqamda rol oynamadığını təkrarlamaqdan usanmırlar. İddiaya görə, problem Almaniyanın daxili siyasi mətbəxindədir: Angela Merkel bu payızda siyasi səhnədən gedəcək və indi sosialistlər və yaşılların timsalında solçular Xristian Demokrat İttifaqının 16 illik fasiləsiz hökmranlığından sonra hakimiyyətə can atır. Almaniyadakı jurnalistlər daha çox bu siyasi qüvvələrə rəğbət bəsləyirlər və bu gün deyirlər ki, Azərbaycan yalnız daxili siyasi mübarizədə bir vasitədir, lakin kampaniyanın məqsədi deyil.

Ancaq burada sual ortaya çıxır ki, nə üçün “sevilməyən” XDİ-dan olan alman deputatlarının erməni mafiyasıyla işi ilə bağlı qalmaqaldan “vasitə” kimi istifadə edilmir? Necə də olmasa, bu həm təchizatçı şirkət, həm də Almaniyanın İqtisadiyyat Nazirliyi tərəfindən dərhal təkzib edilən Almaniyadan Azərbaycana süni nəfəs aparatları tədarükünün guya “siyasi motivli” olması barədə uydurma yazıdan daha rezonanslı hadisədir. Gəl indi Almaniya mediasının məntiqini anla da: Azərbaycana süni nəfəs aparatları göndərmək olmaz, ancaq ən çirkli, cinayətkar ticarətlə məşğul olan erməni mafiyasına işləmək olar.

Berlin regiondan çəkilməyə razı olub?

Azərbaycana etdiyi informasiya hücumlarında və Bakını dəstəkləmək istəyən istənilən alman siyasətçi üçün məqsədyönlü şəkildə onu “zəhərli ölkəyə” çevirmək kampaniyalarında Almaniya əsas suala cavab verməyib: Almaniyadakı “Azərbaycan şəbəkəsi” ölkə üçün hansı təhlükəli və ya sadəcə mənfi fəaliyyət ilə məşğul olub? Məsələn, bu yaxınlarda infarktdan qəflətən vəfat edən Bundestaqın deputatı Karin Ştrntsin “günahı” nə idi ki, sözün əsl mənasında ölümcül təqibə məruz qalıb? Alman mediası hətta bu gün, onun ölümündən sonra da zəhərli yazıları ilə mərhumun sümüklərini sızladır. Qeyd etməliyik ki, Ştrents açıq şəkildə Ermənistanı işğalçı adlandıran və “Avropanın siyasi korrektələrinə” baxmadan ondan birbaşa Azərbaycan ərazilərindən çıxmağı tələb edən, cəsarət və xarizmaya sahib nadir siyasətçilərdən biri idi. Görünür, ona elə bunu bağışlamayıblar.

Ancaq elə Almaniyanın özü Azərbaycanın Ermənistana qarşı 44 günlük müharibəsinin başlamasına az qalmış qondarma respublikanın səfirliyini bağlayan Avropanın böyük ölkələri arasında ilk ölkələrdən deyildimi? Berlin Azərbaycanın ərazi bütövlüyünü ardıcıl olaraq tanıyırdı, ancaq 2020-ci ildə müharibə başladıqdan sonra Almaniya tarixinin ən qeyri-populyar xarici işlər naziri Hayko Maas çox axmaq diplomatik addım atdı: o, Bakını əks-hücum əməliyyatının dayandırılmayacağı təqdirdə Almaniyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bitərəfliyini Ermənistanın xeyrinə yenidən nəzərdən keçirməklə təhdid etdi. Gözlənildiyi kimi, İlham Əliyev Berlinin və digər dünya paytaxtlarının qışqırıqlarına baxmayaraq, Azərbaycan ordusunun işğal olunmuş əraziləri azad etmək üçün başlatdığı əməliyyatı dayandırmadı, ta ki noyabrın 10-da erməniləri təslim olmağa məcbur edənə qədər.

Nəticədə keçən ilin noyabrında münaqişənin qorunub saxlanmasına və erməni işğalına səssiz dəstəyə stavka edən siyasi Avropa yeni Qafqaz reallıqları göyərtəsindən kənara atıldı. Xarici siyasətdəki sərt ermənipərəst istiqamətli fəaliyyəti ilə Parisin belə aqibətdən qaçması çətin olacaqdısa, Berlinin Bakı ilə etibarlı münasibətlərini davam etdirmək və hətta onları yeni səviyyəyə çıxarmaq üçün hər cür şansı var idi. Ancaq görünən odur ki, Almaniya Azərbaycanın uzanan dostluq əlini havada saxlamağa və regiondakı fəaliyyətini mütləq minimuma endirməyə qərar verdi. Bu isə o deməkdir ki, Almaniya fondlarının ölkəmizdəki fəaliyyəti, münaqişədən sonrakı nizamlanmadakı fəaliyyət, habelə Almaniya şirkətlərinin işğaldan azad olunmuş ərazilərin bərpasında iştirakı kimi məsələlər daha dostcasına münasibət göstərən ölkələrin, o cümlədən də Avropa ölkələrinin xeyrinə avtomatik olaraq gündəmdən çıxarılır.

Son xəbərlər

Orphus sistemi