Aİ-nin Ermənistandakı missiyasının genişləndirilməsi nəyə xidmət edir? - ŞƏRH

Aİ-nin Ermənistandakı missiyasının genişləndirilməsi nəyə xidmət edir? - ŞƏRH Beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini bərpa etməklə Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb. Sülh və inkişaf üçün tarixi fürsətin yarandığını artıq hər iki tərəf – Azərbaycan və Ermənistan tərəfi təsdiq edib. A
Analitika
12 Dekabr , 2023 16:43
 Aİ-nin Ermənistandakı missiyasının genişləndirilməsi nəyə xidmət edir? - ŞƏRH

Beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini bərpa etməklə Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb. Sülh və inkişaf üçün tarixi fürsətin əldə olunduğunu artıq hər iki tərəf – Azərbaycan və Ermənistan təsdiq edib. Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan baş nazirinin Aparatı dekabrın 7-də birgə açıqlamada bunu bəyan ediblər. Bildirilib ki, iki ölkə regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür. Ölkələr münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edirlər.

Təqdir olunası haldır ki, sülh prosesinə əngəl olan bəzi qüvvələr də iki ölkə arasında əldə olunan bu razılaşmanı alqışlayırlar. Lakin görünən odur ki, xaricdə erməni lobbisinin təsiri altında olan müəyyən dairələr Ermənistanda revanşist qüvvələrlə birgə bu təşəbbüsün baş tutmaması üçün əllərindən gələni edirlər.

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrellin səsləndirdiyi bəyanatı da bu qəbildən hesab etmək olar. O bəyan edib ki, Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri qurumun Ermənistandakı mülki missiyasının sayını artırmaq qərarına gəliblər. “Dekabrın 11-də Aİ-nin Şurası Ermənistandakı mülki missiyasını gücləndirmək, oradakı mövcudluğumuzu 138 nəfərdən 209 nəfərə çatdırmaq qərarına gəlib”, - deyə diplomat vurğulayıb.

Erməni mediasında yer alan xəbərlərə görə, missiyanın sayının artırılması Ermənistanla Azərbaycan arasında sərhəddə sabitliyin möhkəmləndirilməsinə yönəlib.

Maraqlıdır ki, Ermənistan və Azərbaycanın regionda çoxdan gözlənilən sülhün əldə olunması istiqamətində birgə bəyanatlarının səsləndirildiyi vaxt missiyanın sayı artırılır.

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında normallaşma prosesində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçilik səylərinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Lakin Brüssel şəhərinə işgüzar səfəri çərçivəsində o, Borrel ilə görüşü zamanı deyib ki, bəzi Avropa İttifaqı rəsmiləri tərəfindən verilən qərəzli bəyanatlar sözügedən prosesdə Avropa İttifaqının qərəzsiz vasitəçi roluna xələl gətirir.

Məsələ ondadır ki, Aİ-nin Ermənistanda monitorinq missiyasının mandatı heç bir tərəflə məsləhətləşmədən, özbaşına formada genişləndirilib. Məsələn, adıçəkilən missiya regional sabitlik və iki ölkə arasında qarşılıqlı etimadın möhkəmlənməsi ilə bağlı vəd etdiyi hədəflərinə çatmayıb. Əksinə, Azərbaycana qarşı təbliğatda əsas alət kimi istifadə olunur. Eyni zamanda, Ermənistanın Avropa İttifaqı tərəfindən silahlandırılması və regionda vəziyyətin gərginləşməsinə yönəlik bəyanatlar səsləndirilir və addımlar atılır. Bu cür təşəbbüslər isə neytral vasitəçi kimi Avropa İttifaqının nüfuzunu aşağı salmaqla yanaşı, bütövlükdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşma prosesinə ciddi xələl gətirmiş olur.

O ki qaldı Ermənistana, İrəvan növbəti dəfə kor-koranə missiyanın genişləndirilməsinə göz yumur. İki ölkə arasında sülh təşəbbüsləri səsləndiyi halda, belə bir təşəbbüslər heç bir halda səmimi ola bilməz. Axı Ermənistanın təhlükəsizliyinə kim problem yaradır? Nə Azərbaycan Ermənistana qarşı ərazi iddiası ilə çıxış edir, nə Türkiyə, nə də digər bir dövlət. Ola bilsin, Aİ-nin təşəbbüsü Rusiya ilə bağlıdır. Qərbin Ermənistan planında Rusiyanın bölgədən sıxışdırılıb çıxarılması prioritetdir. Bundan başqa, hər vəchlə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxarılması və yekunda Rusiya həbi bazasının ölkədən çıxarılmasına cəhd edilir.

Qeyd edək ki, bu ilin fevralın 20-dən Avropa İttifaqı Ermənistanda ilkin olaraq 100 müşahidəçidən ibarət uzunmüddətli mülki missiya yerləşdirib. Bəyan edilən məqsədlərindən biri kimi də Ermənistanın Azərbaycanla sərhədyanı rayonlarında sabitliyin təşviq edilməsi göstərilib. İlk belə missiya genişmiqyaslı eskalasiyadan sonra ötən ilin oktyabr-dekabr aylarında Ermənistan-Azərbaycan sərhədində yerləşdirilib. İrəvanda yaradılan əlaqə və dəstək ofisinə isə Almaniya federal polisinin zabiti rəhbərlik edir.

Düzdür, Qərb dövlətləri, bir sıra beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı Azərbaycana münasibətdə hər zaman qərəzli mövqe nümayiş etdirib. Bununla belə, ümid edək ki, bu son "missiya oyunu"nun arxasında hansısa bir məkirli plan deyil, həqiqətən bölgəyə sülh gətirilməsi təşəbbüsü dayanır.

Son xəbərlər

Orphus sistemi