Bakı. 6 yanvar. REPORT.AZ/ 2015-ci ilin yanvarın 1-dən Avrasiya İqtisadi Birliyinin (AİB) yaradılması haqqında müqavilə qüvvəyə minib.
AİB təşkilatının yaradılması fikri 1994-cü ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən irəli sürülüb. Bu qurunun yaradılmasına dair müqavilə 2014-cü ildə Astanada imzalanıb. Həmin müqavilə üzv ölkələrin gömrük rüsumlarının və iqtisadi xarakterli məhdudiyyətlərin tətbiq olunmadığı vahid gömrük zonası çərçivəsində ticari-iqtisadi inteqrasiyanı nəzərdə tutur.
Rusiyalı ekspert, RF Strateji İnkişafın Modelləşdirilməsi Mərkəzinin birinci vitse-prezidenti Qriqori Trofimçuk hesab edir ki, AİB-in yaradılması anından həmin inteqrasiya platfrormasının üstünlüklərini göstərmək lazımdır.
Ekspert düşünür ki, Birlik Rusiyaya ABŞ və Avropa tərəfindən ona tətbiq olunan sanksiyalara qarşı davam gətirməyə kömək edəcək.
" Yeni illə əlaqədar "hücumuna" məruz qalan ilkin tələbat malları və xidmətlərin qiymətini AİB təşkilatının fəaliyyəti sayəsində aşağı salmaq lazımdır. Bu AİB-ə daxil olan ölkələr üçün onun cazibəsini artırmaq, eləcə də Avropa İttifaqının bütün üzvlərinə bu birliyin üstünlüklərini nümayiş etdirmək üçün ən yaxşı fürsətdir", - deyə, ekspert "Report"a bildirib.
Ekspert qeyd edib ki, AİB postsovet respublikaları üçün iqtisadi və siyasi böhrandan çıxmaq üçün yeganə mümkün variantdır.
"Növbəti iqtisadi, daha düzgün desək, postsovet məkanını bürümüş siyasi sarsıntılar fonunda Avrasiya İqtisadi Birliyi ona daxil olan ölkələrin xilas olması üçün yeganə çıxış yoludur", - Q.Trofimçuk belə hesab edir.
O, zaman keçdikcə AİB-in öz varlığının məqsədəuyğunluğunu təsdiq edəcəyinə əmin olduğunu bildirib.
Ekspert İlqar Vəlizadənin fikrincə isə, AİB-in fəaliyyətinin əvvəldən müəyyən problemləri var.
Politoloq "Report"a bildirib ki, Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalar onun və əsas ticari tərəfdaşlarının münasibətlərinə mənfi təsir göstərib. Onun sözlərinə görə, bir çoxları öz sosial-iqtisadi sabitliyini riskə atmaqdan çəkinərək, birliyə daxil olmaqdan ehtiyat edirlər.
Qeyd etmək lazımdır ki, Azərbaycan hazırda AİB-ə daxil olmağı düşünmür, bu barədə ölkənin rəsmi şəxsləri dəfələrlə bəyan ediblər.
Belə ki, Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov KİV-ə müsahibəsində bildirib ki, Azərbaycan yuxarıda qeyd olunan təşkilata üzv olmaq haqqında rəsmi müraciət almayıb və hələ ki, bu məsələ gündəmdə deyil. "Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyi heç bir halda iqtisadi sövdələşmə obyekti ola bilməz", - deyə, nazir vurğulayıb.
Digər MDB ölkələri onların Rusiyadan iqtisadi asılılığını nəzərə alaraq, AİB-ə daxil olmaq məsələsində daha fəal olub. 2015-ci ilin yanvarın 2-dən Ermənistan rəsmi olaraq Birliyə qoşulub. Bu ilin may ayında Qırğızstan Respublikasının da AİB-ə daxil olması gözlənilir. Beləliklə, Birliyə hazırda Rusiya, Qazaxıstan, Ermənistan və Belarus daxildir.
Rusiya postsovet ölkələrini vahid iqtisadi strukturda birləşdirərək, Avropa İttifaqına qarşı olan bir növ iqtisadi zona yaratmağa, eləcə də Qərbin ona qarşı yönəltdiyi sanskiyaların tətbiqindən sonra yaranan iqtisadi problemlərini həll etməyə çalışır.