Türkiyəyə qarşı sanksiya - erməni lobbisi və PKK/YPG-PYD alət rolunda - ŞƏRH

Türkiyəyə qarşı sanksiya - erməni lobbisi və PKK/YPG-PYD alət rolunda - ŞƏRH ABŞ Türkiyəyə və Azərbaycana qarşı terrorçulardan və erməni lobbisindən istifadə edir
Analitika
30 Oktyabr , 2019 15:22
Türkiyəyə qarşı sanksiya - erməni lobbisi və PKK/YPG-PYD alət rolunda - ŞƏRH

Lobbiçilik qanuni olsa da, ABŞ-ın dövlət maraqlarından üstün deyil. Hər halda belə düşünməyə çoxsaylı əsaslar var. Bununla belə, lobbiçilərin fəaliyyəti Ştatların müttəfiqliyinə ziyan da vurur.

ABŞ-dakı erməni lobbisi uzun illərdir Türkiyə və müstəqilliyini bərpa etdikdən sonra Azərbaycana qarşı fəaliyyətini davam etdirir. Azərbaycana qarşı 907-ci düzəlişin tətbiqi və hələ də ləğv edilməməsi buna nümunə ola bilər. Suriyada vəziyyət gərginləşəndən bu lobbi də Türkiyəyə qarşı canfəşanlıq göstərir. Onların əməllərindən belə görünür ki, onlar yalnız türk düşmənlərinin deyil, həm də şeytanın müttəfiqləridirlər. Oktyabrın 29-da onların fəaliyyəti nəticəsində ABŞ Konqresinin Nümayəndələr palatasında (Aşağı Palata) Türkiyəyə qarşı iki sənəd qəbul olunub. Onlardan biri “erməni soyqırımı”nın tanınması ilə bağlı layihədir. Bildirilib ki, qanun layihəsini Nümayəndələr palatasının Kəşfiyyat komitəsinin sədri, Demokratlar Partiyasının üzvü, Kaliforniyadan olan konqresmen, ermənipərəst Adam Şiff təqdim edib. Məlumata görə, qanun layihəsi Konqresin Yuxarı palatasında (Senat) da səsverməyə çıxarılacaq. 405 konqresmen qətnamənin lehinə, 11-i isə əleyhinə səs verib. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Nümayəndələr palatasında Türkyə əleyhinə qəbul olunan qətnamələrə münasibət bildirib: "Oktyabrın 29-da Konqresdə qəbul edilən iki qətnamənin şahidi olduq. Bundan ölkəmizə qarşı sui-istifadə edə bilərlər. Bu qətnamələrin heç bir gücü yoxdur və biz onu tanımırıq. Açıq desəm, özləri çalıb özləri oynayacaqlar". Ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib: “Tarixdən siyasi məqsəd üçün istifadə etmək üçün qəbu edilən bu utancverici qərarın hakimiyyətimiz və xalqımız üçün heç bir hüquqi əsası yoxdur”. Ermənistanın baş naziri Nikol Paşinyan isə bunu “cəsarətli addım” adlandırıb. Yeri gəlmişkən, son 40 ildə Ağ Ev ilk dəfə bu məsələ ilə bağlı Konqresə heç bir tövsiyə verməyib. Əvvəllər belə təşəbbüslərin qarşısı Aşağı Palataya çıxmadan alınardı. 296 saylı qətnaməyə əsasən, məktəblərdə 1915-ci ildə Osmanlı dövlətində baş verən hadisənin “soyqırımı” olaraq tədris edilməsi nəzərdə tutulub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkənin başqa rəsmiləri erməni iddiasının tarixçilər tərəfindən araşdırılmasını dəfələrlə elan edib. Bu hadisəyə siyasi don geyindirilməsinin məntiqsiz olduğu söylənilib.

Bu arada, həmin gün Aşağa palata Türkiyəyə qarşı sanksiyalar paketini də qəbul edib. 403 üzv sənədin lehinə, 16-sı isə əleyhinə səs verib. Onlardan biri ABŞ-ın vitse–prezidenti Maykl Pensin qardaşı Greq Pensdir. Sanksiyalar layihəsinin müəllifləri Aşağı palatanın Xarici əlaqələr komitəsinin sədri Eliot Engel və Nümayəndələr palatasında Respublkaçılar Partiyasının təmsilçisi Maykl Makkoldur. Bu sanksiya Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusunun Suriyanın şimalında təhlükəsizlik bölgəsi yaratmaq üçün başladığı “Barış pınarı” antiterror əməliyyatına görə tətbiq ediləcək. Bu qətnamədə Türkiyəyə silah satışının təxirə salınması və maliyyə məhdudiyyətləri nəzərdə tutulub. Senat təsdiqlədikdən və Donald Tramp imzaladıqdan sonra sənədlər qüvvəyə minəcək.

Ümumiyyətlə, sənədlər Türkiyə Cümhurriyyətinin yaranmasının 96-cı ildönümü günü, Azərbaycanın Zəngilan rayonunun Ermənistanın işğal etdiyi gün qəbul edilməsi ABŞ Konqresinin Aşağı palatasının ədalətsizliyinin göstəricisidir. Belə çıxır, onların heç bu iki məsələdən xəbərləri yoxdur. Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 1993-cü il aprelin 30-da Kəlbəcərin işğaldan azad edilməsi ilə bağlı 822 saylı qətnamə qəbul edib. Sənəd bölgədəki hərbi əməliyyatlara son verməyi, erməni qoşunlarının Kəlbəcərdən və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsini tələb edirdi. 1993-cü il iyulun 29-da qəbul olunan 853 saylı qətnamə bölgədəki hərbi əməliyyatlara son verməyi, erməni qoşunlarının Ağdam və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsini, eləcə də 822 saylı qətnaməyə də əməl edilməsini tələb edirdi. 1993-cü il oktyabrın 14-də qəbul olunan 874 saylı qətnamə atəşkəs imzalanmasını, erməni qoşunlarının hərbi əməliyyatları dayandıraraq son dövrlərdə işğal etdiyi Füzuli (23 avqust 1993), Cəbrayıl (26 avqust 1993), Qubadlı (30 sentyabr) və digər ərazlərdən geri çəkilməsini tələb edir. Qətnamədə həmçinin əvvəlki 822 və 853 saylı qətnamələrə əməl edilməsi tələbi də öz əksini tapmışdı. 884 saylı qətnamədə isə işğal edilmiş Zəngilan rayonu da daxil olmaqla digər rayonlardan erməni silahlı dəstələrinin çıxması tələb olunur. Sonda isə əvvəl qəbul edilmiş 822, 853, 874 saylı qətnamələrə əməl edilməsi tələb edilirdi. Ancaq 26 ildir bu qətnamələrin heç birinə əməl edilmir. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə vasitəçilik edənlərin biri ABŞ-dır.

Əslində, Türkiyəyə qarşı sanksiya və qətnamə qəbul edən Aşağı palata oktyabrın 17-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın vitse-prezidenti Maykl Pens arasında keçirilən görüşdən sonra qəbul edilən 13 maddəlik sənədə ziddir. Həmin razılaşmada bildirilib ki, Türkiyə antiterror əməliyyatını dayandırdığı halda, ABŞ da sanksiyaları geri götürəcək. Belə görünür, şeytanın müttəfiqləri Ağ Evə qarşı və ABŞ-ın müttəfiqlik prinsipinə qarşıdır. Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-dan Suriyanın şimalında “Barış pınarı” antiterror əməliyyatına başlayıb. Razılaşmadan sonra Donald Tramp Türkiyəyə qarşı sanksiyaları ləğv etdiklərini, oktyabrın 14-də tətbiq olunan sanksiyaların aradan qaldırılması üçün Maliyyə Nazirliyinə göstəriş verdiyini bildirib: “Maliyyə naziri Stiven Mnuçinə göstəriş verdim ki, Türkiyəyə qarşı oktyabrın 14-dən tətbiq edilən bütün sanksiyaları ləğv etsin”. Bununla da milli müdafiə naziri Hulusi Akar, enerji və təbii sərvətlər naziri Fatih Dönməz və daxili işlər naziri Süleyman Soylu ABŞ-ın sanksiya siyahısından çıxarılıb. Həmin görüşdən sonra Donald Tramp Rəcəb Tayyib Ərdoğana təşəkkür də edib: “Prezident Ərdoğanla çox yaxşı əlaqəmiz var. Ölkəsi üçün doğru olan işi gördü. Çox yaxın zamanda onunla görüşəcəyik”.

Türkiyənin Xаrici İşlər Nazirliyi "Barış pınarı" əməliyyatı ilə əlaqədar Nümayəndələr palatasının məlum sanksiyaları nəzərdə tutan qanun layihəsi qəbul etməsini qətiyyətlə pisləyib: “Bu, NATO-nun müttəfiqlik ruhuna uyğun deyil və oktyabrın 17-də ABŞ administrasiyası ilə Suriya üzrə nail olunmuş razılaşmaya ziddir”.

Yeri gəlmişkən, ABŞ müttəfiqinə qarşı ziddiyyətli addım atdığı halda, Türkiyə xarici işlər naziri Mövlıud Çavuşoğlu rusiyalı həmakrı Sergey Lavrov və iranlı həmkarı Məhəmməd Cavad Zəriflə birlikdə Suriyanın yeni konstitusiyasını hazırlayan komitənin işində iştirak edib. Cenevrədə keçirilən görüşə BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Qeyr Pederson da qatılıb. Tərəflər Suriyanın ərazi bütövlüyünə sadiq qaldıqlarını təsdiqləyiblər. Onlar ölkədə sabitliyin yaranması və terrorçular məhv edilənədək birgə fəaliyyət göstərəcəklərinə razılaşıblar. 

ABŞ-Türkiyə razılaşmasına əsasən, terrorçu PKK/YPG-PYD qruplaşmasının Suriya–Türkiyə sərhədindən 414 km uzunluğunda 32 km dərinliyində təhlükəsizlik zonasından 120 saat ərzində çıxması nəzərdə tutulub. Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında keçirilən görüşdən sonra terrorçulara daha 150 saat möhlət verilmişdi. Razılaşmaya uyğun olaraq, YPG terrorçularının bütün bölmələri okyabrın 29-u axşama qədər silahlarla birlikdə "Barış pınarı" əməliyyatının keçirildiyi zonadan şərqə və qərbə çıxarılmalı idi. Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, PKK/YPG-PYD terrorçuları Suriyanın təhlükəsizlik zonasından çıxıblar.

Nəhayət, noyabrın 13-də Rəcəb Tayyib Ərdoğanın ABŞ-a rəsmi səfəri gözlənilir. Konqresin Türkiyəyə qarşı qəbul etdiyi bu iki sənədlə bağlı məsələnin Donald Trampla müzakirə olunacağı istisna edilmir. Türkiyə prezidenti amerikalı həmkarının ona ünvanladığı məktubu da özü ilə götürəcəyini demişdi. Pensin səfərindən əvvəl ünvanlanan həmin məktubda Tramp onu və Türkiyəni aşağılamışdı.

Bəs ABŞ-la Türkiyə arasında münasibətlər normallaşamağa doğru inkişaf etdiyi bir şəraitdə Konqresin atdığı bu addımların arxasında nə durur? Birmənalı demək olar ki, bu, Türkiyəyə təzyiqdir. Düzdür, sanksiyalar və qətnamə qüvvəyə minməsə də, ABŞ rəsmi Ankaraya edəcəyi təzyiqlərin istiqamətini göstərir. Bununla da Ağ Ev, ilk növbədə, Türkiyənin Suriya məsələsində Rusiya ilə yaxınlaşmasına mane olmaq istəyir. Hadisələrin inkişafı isə göstərir ki, Vaşinqton Suriyada müttəfiqini düzgün seçmədiyindən indiki mərhələdə Moskvadan geri qalıb. O, Türkiyəyə təzyiqi prosesi ləngitmək üçün yollardan biri kimi görür. Türkiyə ABŞ-la müttəfiqliyinə ziyan vuracaq addım atmadığını bəyan etsə də, qarşı tərəf bunu pozur. Belə çıxır ki, Ağ Ev Türkiyəyə qarşı terrorçu PKK/YPG-PYD və erməni lobbisindən istifadə edir. Ən pisi bunların heç birinin dövlət olmamasıdır. Deməli, ABŞ Türkiyəyə və Azərbaycana qarşı terrorçulardan və erməni lobbisindən istifadə edir. Bu lobbinin isə nə tarixdən, nə hadisələrdən, nə də bölgədən xəbəri var. ABŞ hakimiyyəti isə əksinə hamısından xəbərdardır. Belə sanksiya və qətnamlərdən ştatlarda seçki kampaniyalarında da istifadə edirlər. Bu isə erməni lobbisi və terrorçu PKK/YPG-PYD-nin alət olduğunu da deməyə əsas verir. Odur ki, bu kimi düyünlərin çözülməsinə, yaxud bəhs etdiyimiz problemə aydınlıq gətirilməsinə iki həftə qalıb.

Son xəbərlər

Orphus sistemi