ABŞ və Rusiyanın Reykyavik görüşləri - 35 ildir dəyişməyən münasibətlər - ŞƏRH

ABŞ və Rusiyanın Reykyavik görüşləri - 35 ildir dəyişməyən münasibətlər - ŞƏRH İslandiya ABŞ-la Rusiya arasında da “soyuqluğ"un aradan qalxmasına müsbət təsir göstərə bilər
Analitika
20 May , 2021 13:58
ABŞ və Rusiyanın Reykyavik görüşləri - 35 ildir dəyişməyən münasibətlər - ŞƏRH

Rusiya SSRİ-nin süqutundan sonra varis olaraq onu əvəz etməyə çalışır. Bu baxımdan ABŞ-la Rusiya arasındakı münasibət də ənənəvi olaraq qalır. Başqa sözlə, bu iki dövlətin maraqları keçmiş sovetlər dövründə olduğu kimi toqquşur. Ancaq Rusiya SSRİ, dünya isə əvvəlki deyil. Odur ki, Moskva Ağ Evlə rəqabətə əvvəlki qədər müqavimət göstərə bilmir.

ABŞ Prezidenti Cozef Bayden rusiyalı həmkarını “qatil” adlandırandan, qarşı tərəf ona “sağlamlıq” arzulayandan sonra tərəflər arasında vəziyyət daha da gərginləşdi. Ukrayna ilə sərhədə Rusiyanın əlavə qoşun və hərbi texnika toplaması bu gərginliyi artırdı. Rusiya mətbuatı Baydenlə Putin arasında görüşü müzakirə etməyə, bu məsələ ilə bağlı hər iki tərəfin rəsmi nümayəndələrinə məsələ ilə bağlı suallar ünvanlamağa başladı. Rəsmi Vaşinqton və Moskva görüş keçirilməsinə etiraz etmədiklərini bəyan etdilər. Yeri gəlmişkən, Ağ Evlə Kreml arasında vəziyyət gərgin olsa da, onlar görüşüb müzakirə aparmaqdan heç vaxt imtina etməyiblər. Son aylar görüş məsələsi tərəflərin gündəliyində olub. Diplomatik bəyanatlar, bir-birinə eyhamlar bitdiyindən Rusiya və ABŞ-ın xarici siyasət idarələri görüşə razılıq verdi.

Beləliklə, mayın 19-da İslandiyanın paytaxtı Reykyavikdə Arktika Şurası xarici işlər nazirlərinin sessiyası çərçivəsində ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib. “Report” xatırladır ki, təxminən 35 il əvvəl, 1986-cı il oktyabrın 11-12-də Reykyavikdə ABŞ prezidenti Ronald Reyqanla keçmiş SSRİ-nin sonuncu lideri, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçov arasında görüş olub. Bu görüş Kremlin təşəbbüsü ilə keçirilmişdi. Onda rəsmi Moskva kosmosda sürətlə silahlanmadan imtina edilməsinə dair razılaşmanın imzalanmasını istəyirdi. Həmin görüşün nəticəsi olaraq strateji hücum silahlarının ixtisarına dair müqavilə imzalanmalı idi. Ancaq bu hal baş vermədi. Həmin görüşdə heç bir sənəd imzalanmadı. Bu tərəflər arasında “soyuq müharibə” erasının başa çatması demək idi. Qorbaçov Reyqanla görüşü belə dəyərləndirmişdi: “Reykyavik uğursuzluq deyil, dönüşdür”. 1987-ci il dekabrın 8-də Reyqan və Qorbaçov Reykyavikdə irəli sürülən “Orta və yaxın mənzilli raketlərin ləğv edilməsi haqqında” müqaviləni imzaladı.1987-ci il mayın 28-də Almaniya vətəndaşı, həvəskar-pilot Matias Rust Hamburqdan Reykyavikə keçərək Moskvada Kremlin qarşısında yerə enmişdi. İki liderin görüşündən sonra Almaniyanın birləşməsi istiqamətində proses və s. başladı.

Əslində, məqsədimiz Blinkenlə Lavrovu Reyqan və Qorbaçovla müqayisə etmək deyil. Sadəcə Reykyavikin Moskva və Vaşinqton münasibətlərində düşərli şəhər olduğunu, habelə bu ölkədə “soyuq müharibə”nin bitdiyini göstərməkdir. Dövlət katibi ilə nazirin görüşündə aşağıdakı məsələlər müzakirə olunub: Rusiyanın Ukrayna sərhədinə qoşun toplaması, həbsdə olan Rusiya müxalifətinin lideri Aleksey Navalnının səhhətinin vəziyyəti, Rusiyada həbsdə olan ABŞ vətəndaşları Pol Uilan və Trevor Ridin azad edilməsi, İran və Şimali Koreyanın nüvə proqarmlarını məhdudlaşdırması, Əfqanıstandakı mövcud vəziyyət, regional məsələlər, o cümlədən Azərbaycan və Ermənistan arasında münaqişənin uzunmüddətli siyasi yolla tənzimlənməsi üçün axtarışların davam etdirilməsi, Suriya, İraq, Fələstin, Yəməndəki vəziyyət və s. Entoni Blinken İslandiyanın “RUV” dövlət teleradio şirkətinə müsahibəsində bildirib ki, Cozef Baydenlə Vladimir Putin böyük ehtimalla yaxın həftələrdə görüşəcəklər. Dövlət katibi görüşün Reykyavikdə keçirilməsini istədiyini vurğulayıb. Diplomatların görüşü tərəflər arasındakı ziddiyyət və münaqişə yarada biləcək çoxsaylı məsələlərin olduğunu bir daha təsdiqlədi.

Cozef Bayden və Vladimir Putin
Cozef Bayden və Vladimir Putin

ABŞ-la Rusiyanın çəkisi eyni olmasa da, bir sıra məsələlərdə Vaşinqton Moskva ilə razılaşmağa, addımlarını uzlaşdırmağa çalışır. Bu, terrorçu İŞİD, “Əl-Qaidə” kimi qruplaşmaları qarşı mübarizə də özünü təsdiqləyib. Ancaq tərəflər arasında uzlaşmayan, yaxud uzlaşması indiki şərait üçün mümkün olmayan çoxsaylı məsələlər var. Rusiya bunların bir çoxunu milli təhlükəsizliyi üçün vacib sayır. ABŞ isə həmin məsələlərin həllini məqbul hesab edir. Ukrayna, o cümlədən Krım yarımadası ilə bağlı vəziyyəti buna nümunə göstərmək olar. İran və Şimali Koreyanın nüvə prorqamlarına dair ortaq razılaşmanın olmaması da tərəflər arasında problemlərdəndir. Ancaq ABŞ-la Rusiya arasında təmasların çox olması perspektivdə anlaşılmazlıqların aradan qalxmasına səbəb ola bilər.

Bu arada görüşdən əvvəl ABŞ Dövlət Departamenti “Şimal axını-2” qaz kəmərinin tikintisində iştirak edən Rusiyanın 4 gəmisinə və onlarla əlaqədə olan 4 şirkətə qarşı sanksiya tətbiq etmək təklifini vermişdi. Həmin sənədə əsasən, Rusiyanın “Yuri Topçet”, “Vladislav Strimov”, “Baltiyski issledovatel”, “Akademik Çerkski” gəmilərinə, eləcə də “Koksoximtrast”, “Mortransservis”, “Morsspasslujba” və Samara istilik energetik əmlakı fonduna sanksiya tətbiq edilə bilər. Departament bu təklifi mayın 19-da Konrqesə göndərəcəkdi. Ancaq sənədin Konqresdə müzakirəyə çıxarıldığına dair məlumat yayılmayıb. Bununla belə, mayın 20-si gecə saatlarında Ağ Ev “Şimal axını-2” qaz kəməri operatoru “Nord Stream 2 AG” və onun rəhbəri Matias Varniqa qarşı sanksiya tətbiqindən imtina edib. Bu məlumatı Almaniyanın xarici işlər naziri Hayko Maas da təsdiqləyib.

Arktika Şurası regionda mübahisəli məsələləri müzakirə etmək üçün yaradılmış bir qurumdur. Bu şura 1996-cı il sentyabrın 19-da Artika hövzəsinə daxil olan 8 dövlət - ABŞ, Kanada, Danimarka, İslandiya, Norveç, Finlandiya, İsveç və Rusiya tərəfindən yaradılıb. Reykyavikdə müzakirələr tərəflər arasında müzakirələrin mümkünlüyünü də təsdiqlədi. Şimal Buzlu okean Arktikaya aiddir. Ola bilsin Blinkenlə Lavrovun görüşünün bu şuranın toplantısı çərçivəsində keçirilməsi də rəmzi xarakter daşıyır. Ağ Ev və Kreml bununla Şimal Buzlu okeanı sahillərində münasibətlərdə yaranmış buzun əriməsinin mümkünlüyünü göstərmək istəyir. Odur ki, keçmiş sovetlərlə “soyuq müharibə”nin başa çatmasında iştirak edən Reykyavik ABŞ-la Rusiya arasında da “soyuqluğ"un aradan qalxmasına müsbət təsir göstərə bilər.

Son xəbərlər

Orphus sistemi