Ukraynada hazırda davam edən və sonu görünməyən müharibə ilə bağlı müxtəlif ssenarilər, fərqli fikirlər səsləndirilir.
Savaşın əvvəlindən bir sıra ekspertlər iddia edirdi ki, Ukrayna Gürcüstanın taleyini yaşayacaq və Qərb müəyyən zamandan sonra bu dövləti də yarı yolda qoyacaq. Hər ötən gün bu ehtimal daha real ssenariyə çevrilir.
Səslənən bəyanatlar və baş verən proseslər onu göstərir ki, Qərb, həqiqətən də rəsmi Kiyevi sonadək dəstəkləməyəcək. Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Jozep Borel bu günlərdə bunu etiraf da edib. O, noyabrın 11-də Avropa Sosialistlər Partiyasının qurultayında çıxışı zamanı ABŞ-nin Ukraynaya yardımının azaldıla biləcəyini deyib. J.Borel onu da söyləyib ki, Aİ bu ssenariyə hazır olmalıdır.
Öncə onu qeyd etmək lazımdır ki, Ukraynanın bu ilin iyunundan bəri keçirdiyi əks-hücum əməliyyatlarının nəticəsi Ağ Evin ürəyincə deyil. Rəsmi Vaşinqton bunu bir neçə dəfə bəyan edib. Hətta Prezident Cozef Bayden özü də əks-hücum əməliyyatları ilə bağlı tənqidi fikirlərini səsləndirib.
Belə olan halda ABŞ-nin Ukraynanı nə vaxta qədər dəstəkləcəyi sualı yaranır. Güman etmək olar ki, bu, çox çəkməyəcək.
Sirr deyil ki, rəsmi Vaşinqtonu heç də Ukraynanın və ya Yaxın Şərqin taleyi düşündürmür. ABŞ-nin strateji məqsədi bölgədəki təsir gücünün artırılması və Rusiyanın qismən zəifləyərək idarə olunan vəziyyətə salınmasıdır. Bu məqsədlə Birləşmiş Ştatlar əvvəlcə Ukraynanı, demək olar ki, “bataqlığa” çevirdi, sonra da Rusiyanı bu “bataqlığa” saldı.
Əks-hücum əməliyyatları ciddi nəticə vermədiyindən güman etmək olar ki, Ukrayna Prezidenti Volodimir Zelenski artıq müharibəni dayandırmaq barədə düşünür. Üstəgəl, ölkənin böyük bir hissəsinin müharibə nəticəsində xarabalığa çevrildiyini də nəzərə almaq lazımdır.
Dağıntıların bərpası üçün uzun illər lazımdır. Amma digər tərəfdən Zelenski geri də çəkilə bilmir. Belə ki, aldığı siyasi və maliyyə dəstəyi səbəbindən rəsmi Kiyev artıq Vaşinqtonun girovuna çevrilib. Ukrayna ABŞ-nin iradəsinə zidd olaraq danışıqlar istiqamətində addım atsa, Ağ Ev onsuz da hər ötən gün azaltdığı dəstəyi tamamilə dayandıra bilər. Bu isə Ukrayna üçün fəlakət deməkdir.
Etiraf etmək lazımdır ki, ABŞ-nin Ukraynaya göndərdiyi silah-sursat qalib gəlməyə yox, müqavimət göstərməyə hesablanıb. Görünən budur ki, Ağ Evin istədiyi Ukraynanın mümkün qədər uğurlu müdafiə olunması və nəticədə savaşın uzanmasıdır.
Ukrayna rəsmiləri silah-sursat çatışmazlığı ilə bağlı dəfələrlə Qərbin ünvanına tənqidi fikirlər səsləndiriblər. Ukraynanın Müdafiə və Təhlükəsizlik Şurasının katibi Oliksiy Danilov bu günlərdə açıq şəkildə deyib ki, Qərb tərəfdaşları silah tədarükünü təxirə salırlar. Onun bu ləngitməni “xəstə beyinin məhsulu” kimi qiymətləndirməsi isə onu deməyə əsas verir ki, “tərəflər arasında körpülər tədricən yanır” və bunu rəsmi Kiyev özü də başa düşür.
Gələn il Ukraynada prezident seçkiləri keçirilməlidir. Zelenski Qərbə sərf edən kadrdır. ABŞ-də başa düşürlər ki, müharibə başa çatmasa, prezident seçkiləri keçirilməyə də bilər. Ona görə də savaşın mümkün qədər uzanmasına cəhd edilir.
Çox güman ki, Rusiya ilə Ukrayna arasında müharibə hələ xeyli müddət davam edəcək. Üfüqdə sülh görünmür. Amma ABŞ 2008-ci ildə Gürcüstanda olduğu kimi, Ukraynada da nə vaxtsa “yaxasını geri çəkəcək”. ABŞ-nin gələcəkdə atacağı bu riyakar addımın işartıları indidən görünür.
Qeyd etmək lazımdır ki, artıq nəinki Aİ ilə ABŞ arasında, hətta Ağ Ev daxilində də Ukraynaya dəstəklə bağlı fikir ayrılığı yaranıb. ABŞ Müdafiə Nazirliyi və Dövlət Departamenti Prezident Cozef Baydenin bəzi fikirləri ilə razılaşmır. Bu gərginlik gələcəkdə daha da arta bilər.
El dili ilə desək, görünən odur ki, ABŞ açıq- aydın Ukraynaya “torba tikdi”.