ABŞ-la Türkiyənin anlaşması - müttəfiqliyə davam - ŞƏRH

ABŞ-la Türkiyənin anlaşması - müttəfiqliyə davam - ŞƏRH Anlaşma ABŞ-dakı bəzi siyasi dairələrin terrorçulara rəğbəti əsasında yaranmaqda olan yeni münaqişə ocağının qarşısını aldı
Analitika
18 Oktyabr , 2019 14:43
ABŞ-la Türkiyənin anlaşması - müttəfiqliyə davam - ŞƏRH

ABŞ-la Türkiyə arasında Suriyada təhlükəsizlik zonasının yaranmasına dair anlaşması Azərbaycanın müstəqilliyinin 28-ci ildönümünə şad xəbərdir. Ötən illərin təcrübəsi göstərir ki, Azərbaycan irəliyə doğru bir addım atmaq istəyəndə Türkiyədə qarışıqlıq baş verir. Azərbaycan Xalq Cümhuriyyəti dövrü buna əyani misal ola bilər.

Son günlər ABŞ-la Türkiyə arasında yaşanan gərginlik türk dövlətlərini də ciddi narahat edirdi. Türk Şurasının Bakıda keçirilən 10-cu toplantısının qətnaməsində “Barış pınarı” antiterror əməliyyatının dəstəklənməsi də bunu təsdiqləyir. Bəs, Ağ evlə rəsmi Ankara arasında nə baş verib? Türkiyə ABŞ-a Suriya ilə sərhədboyu 32 km-lik ərazidə təhlükəsizlik zolağının, bufer zonasının birgə yaradılması ilə bağlı təklif verdi. Ştatlar bu əməliyyatda iştirak etmək istəməsə də, ərazidən hərbçilərini çıxardı.

Oktyabrın 9-da Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə “Barış pınarı” antiterror əməliyyatına başladı. Əməliyyatın keçirilməsinə ABŞ, Rusiya və İran etiraz etmədi. Rəsmi Ankara bəyan etdi ki, 1998-ci ildə Suriya ilə imzalanmış Adana müqaviləsi əsasında əməliyyata başlayır. Həmin anlaşmaya əsasən, Suriyadan gələn terror təhdidlərinin aradan qaldırılması üçün Türkiyəyə yaşıl işıq yandırılır. Türkiyə əməliyyata başlayandan sonra ABŞ-da Türkiyə əleyhinə qüvvələr fəaliyyətə başladı. Rəsmi Ankaraya qarşı sanksiya layihəsi qəbul olundu. Vəziyyət o yerə çatdı ki, ABŞ prezidenti Donald Tramp belə özünü mafiya başçısı kimi aparmaqdan çəkinmədi. O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana hədələyici məktub yazdı: “Hörmətli cənab prezident, gəlin, yaxşı bir razılaşmanı müzakirə edək! Siz minlərlə insanın qətliamında və qətlində günahlandırılmaq istəmirsiniz, mən isə Türkiyə iqtisadiyyatının çökdürülməsinə görə məsuliyyət daşımaq istəmirəm. Amma bunu bacararam. Özünü sərt oğlan kimi aparma! Axmaq olma! Daha sonra zəng edəcəyəm”. Bu, nədənsə dünya müharibələri zamanı dövlət başçılarının bir-birini hədələyən məktublarını xatırlatdı. Belə davranış nə ABŞ-a yaraşırdı, nə də Türkiyəyə belə yanaşmaq qəbuledilən sayıla bilərdi. Ancaq Tramp danışıq tonunun sərtliyini deyəsən başa düşmüşdü. Ona görə də məktub məsələsinin səhəri günü “PKK İŞİD-dən də pisdir” açıqlamasını verdi. Belə götürəndə ABŞ lideri yeni heç nə deməyib. Çünki Dövlət Departamenti İŞİD kimi PKK-nı da terrorçu təşkilatlar siyahısına daxil edib. Ancaq yaranmış gərginliyin azalmasına yardım edə bildi.

Ümumiyyətlə, dövlətlərarası bütün gərginliklər, münaqişələr gec-tez masada danışıqlarla bitir. Bu dəfə də belə oldu. Oktyabrın 17-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın vitse-prezidenti Maykl Pens arasında 1 saat 40 dəqiqəlik görüş keçirildi. Bu, M.Pensin ABŞ-ın vitse-prezidenti kimi Türkiyəyə ilk səfəri idi. Tərəflər Türkiyə ordusunun Suriyanın şimalında keçirdiyi antiterror əməliyyatını müzakirə etdilər. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayen, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri və başqa amerikalı rəsmilər Türkiyədə müxtəlif səviyyəli görüşlər keçirdi. Heyətlərarası görüşün 4 saat 20 dəqiqə davam etməsi isə tərəflər arasında müzakirələrin uğurla keçdiyinin göstəricisi sayıla bilər. Tərəflər bu görüşdən nəticəsiz ayrılıb müzakirələri təxirə sala bilməzdi. Bunun üçün onların vaxtı yox idi. Bir az qüsurlu müqayisə də olsa, görüş Roma Papasının seçilməsinə oxşayırdı. Papa seçkisində yepiskoplar bir yerə toplanır, yenisini seçənədək orada qalırlar. 

Yeri gəlmişkən, görüşün nəticəsi olaraq ABŞ-la Türkiyə arasında 13 maddəlik razılaşma əldə edildi. Türkiyə və ABŞ NATO üzvü olaraq əlaqələrini təsdiqləyir. ABŞ Türkiyənin cənub sərhədlərinə dair qanuni təhlükəsizlik qayğılarını anlayır, tərəflər Suriyanın şimal-şərqi başda olmaqla meydandakı inkişafların ortaq maraqlar əsasında daha yaxın koordinasiya olunmasını qəbul edir, Türkiyə və ABŞ “hamımız birimiz, birimiz hamımız üçün” anlayışı ilə NATO torpaqlarını və xalqlarını bütün təhdidlərə qarşı qorumaq öhdəliklərini qoruyur, hər iki ölkə insan həyatı, insan hüquqları ilə dini və etnik topluluqların qorunmasına yönələn öhdəlikləri təkrarlayırlar. Sənəddə Türkiyə nəzarət etdiyi təhlükəsizlik bölgəsindəki bütün yaşayış məntəqələrinin sakinlərinin təhlükəsizliyinin təmin olunmasını öhdəsinə götürür, mülki şəxslərin və mülki infrastrukturun zərər görməməsi üçün maksimum diqqət göstərəcəyini vurğulayır. Hər iki ölkə Suriyanın siyasi birliyi ilə ərazi bütövlüyünə və Suriya konfliktini BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarına uyğun şəkildə sonlandırmağı hədəfləyən, BMT liderliyindəki siyasi prosesə olan bağlılıqlarını təkrarlayırlar, tərəflər Türkiyənin YPG (PKK/YPG-PYD nəzərdə tutulur - S.İ.) ağır silahlarının toplanması və YPG döyüş mövqelərinin istifadəedilməz hala gətirilməsi daxil, milli təhlükəsizlik qayğılarının aradan qaldırılmasını təmin edən təhlükəsizlik bölgəsi qurulmasının davam edən önəmi və funksionallığında razılaşır, təhlükəsizlik bölgəsi, ilk növbədə, Türkiyə Silahlı Qüvvələrinin nəzarətində olacaq və hər iki tərəf təhlükəsiz bölgənin hər yönünün uyğunlanmasında koordinasiyanı artıracaq, Türkiyə tərəfi təhlükəsiz bölgədən YPG-nin 120 saat ərzində çıxmasını təmin etmək üçün “Barış pınarı” hərəkatına ara verəcək. “Barış pınarı” hərəkatı bu geriçəkilmənin tamamlanmasının ardınca dayandırılacaq. Tərəflər açıqlamada qeyd edilən bütün hədəflərin yerinə yetirilməsi üçün birlikdə fəaliyyət göstərcəklərinə sadiq qaldıqlarını bildiriblər. Türkiyə və ABŞ Suriyanın şimal-şərqində İŞİD-ə qarşı birgə mübarizə edəcəklərini də sənəddə vurğulayıblar.

Bu arada Rəcəb Tayyib Ərdoğan və Donald Tramp danışıqlar başa çatandan sonra sosial şəbəkədə bir-birinə xoş sözlərlə müraciət ediblər. Donald Tramp görüşdən sonra yazmışdı: "Türkiyədən çox yaxşı xəbərlər var. Prezident Ərdoğana təşəkkürlər. Milyonlarla həyat xilas ediləcək”. Türkiyə prezidenti amerikalı həmkarına “Twitter” səhifəsində belə cavab verib: “Terroru məğlub etdikdən sonra daha çox həyatı xilas edəcəyik”. Təbii ki, ABŞ prezidentinin Türkiyəyə qarşı nəzakətdən uzaq davranışının ardından belə bir nəticə daha çox rəsmi Ankaranın qələbəsi sayıla bilər. Ağ Evin Türkiyəyə qarşı son davranışı heç bir məntiqə sığmırdı. Əksinə, bu proses uzun sürə davam etsəydi, ABŞ bölgədəki ən yaxın müttəfiqini itirə bilərdi. PKK/YPG-PYD terror qruplaşması və onlara bənzər başqa silahlı dəstələrlə Ağ Evin adının bir yerdə hallanması ABŞ-ın nüfuzuna ciddi ziyan vurur. Düzdür, ABŞ-da bəzi qüvvələr bu kimi terrorçulara lobbiçilik etməklə milyonlar qazanır, yekunda Ştatların imicinə ziyan dəyir. Yaxud bölgədə aparıcı dövlət sayılan İsrail Türkiyənin artan nüfuzundan ehtiyatlanaraq liderliyi əldən verməmək üçün İraq və Suriyada separatizmi və onların təmsilçisi olan terrorçuları dəstəkləyir. Odur ki, bölgədə kürd etnik qrupunun adından istifadə edərək Türkiyəyə təzyiq göstərilir, ərazi bütövlüyü və təhlükəsizliyi təhdid olunur. Dünya çox kiçikdir. Bu baxımdan, ABŞ-la Türkiyə arasında imzalanan anlaşmadakı “hamımız birimiz, birimiz hamımız üçün” terrordan və onabənzər hadisələrdən bu prinsip əsas tutularaq qoruna bilər.

Nəhayət, Türkiyə ilə ABŞ arasında gərginlik üçüncü dünya savaşının başlamasına qədər inkişaf edə bilərdi. Düzdür, dünyada indi də klassik müharibə getmir. Ancaq güclərin ədalətsizliyi səbəbindən dinc sakinlər ölür, milyonlarla insan qaçqın vəziyyətinə düşür. Bu iki göstərici gizli iddiaların qapalı müharibəsinin getdiyinə sübutdur. Anlaşma ABŞ-dakı bəzi siyasi dairələrin terrorçulara rəğbəti əsasında yaranmaqda olan yeni münaqişə ocağının qarşısını aldı. Bununla da 13 maddəlik sənəd ABŞ-a Türkiyəni yenidən qazanmasına əsas verdi. Onu da qeyd edək ki, 2017-ci il mayın 11-də ABŞ Türkiyəyə terrorçu YPG-yə verdiyi silah-sursatla bağlı 5 maddəlik təminat vermişdi. Ancaq indiyədək bu şərtlərə əməl edilməsinə dair heç bir rəsmi açıqlama yayılmayıb. Odur ki, 13 maddəlik sənədin kağız üzərində qalmayacağına ümid var. Bölgədəki vəziyyət və hadisələrin gələcək inkişafı isə ABŞ-Türkiyə müttəfiqliyinin uzun müddət sürəcəyini deməyə əsas verir. Bu ittifaqın daxili seçki siyasətinə, lobbiçiliyə və başqa maraqlara qurban verilməsi Birləşmiş Ştatların bölgədə zəifləyəcəyinə yol açar. ABŞ-ın Türkiyə ilə razılığa gəlməsi dünya hegemonluğu kimi iddianın əhəmiyyətsizliyini də gəstərdi. 

Son xəbərlər

Orphus sistemi