ABŞ-nin sülh istəyi - Vaşinqton Cənubi Qafqazda obyektiv olmalıdır - ŞƏRH

ABŞ-nin sülh istəyi - Vaşinqton Cənubi Qafqazda obyektiv olmalıdır - ŞƏRH
Analitika
12 Yanvar , 2024 16:20
ABŞ-nin sülh istəyi - Vaşinqton Cənubi Qafqazda obyektiv olmalıdır - ŞƏRH

Bu gün Azərbaycanın xarici siyasət kursunun əsas prioritetlərindən biri Ermənistanla sülh müqaviləsinin imzalanması və regionda əməkdaşlıq mühitinin təmin olunmasıdır. Rəsmi Bakı bunun üçün müvafiq addımlar atır.

2020-ci ildə İkinci Qarabağ müharibəsindən və 2023-cü ilin sentyabr ayında keçirilmiş birgünlük lokal xarakterli antiterror tədbirlərindən sonra regionda sülhün təmin olunması istiqamətində yeni imkanlar açıldı. Qondarma rejimin ləğvi ilə isə sülhə mane olan əsas əngəl aradan qaldırıldı. Artıq nəinki Ermənistan, vasitəçilik iddiasında olan üçüncü güclər, o cümlədən ABŞ də başa düşür ki, sülh qaçılmazdır.

İkinci Qarabağ müharibəsinədək bir çox vasitəçilər sülhə mane olmağa, regionda gərginliyin qorunmasına çalışırdılar. Məqsəd bölgədəki təsir güclərinin qorunması idi. Bu gün isə həmin aktorlar sülh prosesində vasitəçi olmağa və beləliklə, regiondakı mövqelərini qorumağa çalışırlar. Bu, məhz rəsmi Bakının yaratdığı reallıqdır.

Son zamanlar vasitəçilik iddiasında olan tərəflərin, o cümlədən ABŞ-nin fəallaşması heç də təsadüfi deyil. Eynilə Moskva və Brüssel kimi, Vaşinqton da anlayır ki, Bakı öz maraqlarını təmin etməyə davam edəcək. Belə olan halda Azərbaycanı görməzdən gəlmək strateji səhv olar. Odur ki, beynəlxalq oyunçular sülh prosesini tez-tez xatırlatmaqla həm də vasitəçiliklərini təqdim edirlər. Əlbəttə, onları düşündürən dediyimiz kimi, ancaq öz maraqlarıdır.

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel yanvarın 11-də deyib ki, ABŞ Bakı ilə İrəvan arasında davamlı sülhün bərqərar olmasının mümkünlüyünə inanır: "Ermənistanla Azərbaycan arasında davamlı sülhün mümkün olduğuna hələ də inanırıq. Bu, Dövlət Departamentinin çalışacağı bir məsələdir. Lui Bono, dövlət katibi və digərləri bu işlə fəal məşğuldurlar".

Beləliklə, Vaşinqton tərəflərə xatırladıb ki, sülh pəncərəsi hələ də açıqdır. Hərçənd bunu Azərbaycan özü də bilir. Bakıya lazım olan üçüncü güclərin bəyanatlarından daha çox, əməli və səmimi dəstəkləridir.

Maraqlıdır ki, elə həmin gün, yəni yanvarın 11-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn bildirib ki, ABŞ Azərbaycanla Ermənistan arasında sülh prosesini və münasibətlərin normallaşdırılmasını dəstəkləməkdə davam edir və bu istiqamətdə istənilən şəkildə köməkdən məmnundur: "Sevindirici haldır ki, tərəflər aralarında qalan məsələlərin həlli üçün ikitərəfli əsasda müzakirələr davam edir. Biz çox həvəslənirik ki, onlar (Azərbaycan və Ermənistan - red.) ikitərəfli səviyyədə fəal gündəliyə sahib olmaqda və qalan məsələlərin həllinə davam edirlər. Hələ görüləsi işlər var və kömək edə biləcəyimiz dərəcədə dəstək verməkdən məmnunuq". Onun sözlərinə görə, ABŞ Azərbaycan və Ermənistanla yaxşı əlaqələrə malikdir və onlar arasında sülhün regionda inkişaf üçün yaxşı imkanlar yaradacağına inanır.

C.O'Braynın fikirlərində ən diqqətçəkən məqam budur: o, ikitərəfli təmasları dəstəkləməsinə baxmayaraq, yenə də vasitəçilik iddiası ilə çıxış edib. Əlbəttə, nəinki ABŞ, istənilən üçüncü aktor mümkün qədər ikitərəfi təmaslara qarşı çıxmağa çalışır. Çünki bu həmin oyunçuların regional təsir imkanlarının azalması deməkdir.

Əlbəttə, Vaşinqtonun səmimiliyinə inam yoxdur. Necə deyərlər, Vaşinqtonun "ipinin üstünə odun yığmaq olmaz". Ən azından ona görə ki, bu dövlət uzun illər ATƏT-in keçmiş Minsk qrupunun həmsədri kimi heç bir iş görməyib, sülhə töhfə verməyib, əksinə, prosesin uzanmasına çalışıb. Vaşinqton ayrı-ayrı vaxtlarda İrəvanın “başının altına yastıq qoyub”. Xatırlatmaq yerinə düşər ki, 2023-cü ilin noyabr ayında ABŞ Senatı ermənilərin müdafiə aktı ilə bağlı bəyanat qəbul edib. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim isə ötən il sentyabrında söyləmişdi ki, “ABŞ “Dağlıq Qarabağ”ın (belə bir inzibati vahid yoxdur - red. ) erməni əhalisinə qarşı etnik təmizləmə və ya digər vəhşiliklər törətmək üçün qısa və ya uzunmüddətli heç bir hərəkətə və ya səyə dözməyəcək".

Əlbəttə, belə hallar çox olub. ABŞ müxtəlif vaxtlarda, fərqli səviyyələrdə Azərbaycana qarşı qərəzli mövqe ortaya qoyub. Odur ki, Vaşinqton səmimi olduğunu əməli ilə sübut etməli, Bakını buna inandırmağa çalışmalıdır. Bunun üçün isə əməli addımlara ehtiyac var. Ağ Ev Azərbaycanın maraqlarını və reallıqları nəzərə almalıdır. Bunun üçün isə məsələn, minalı ərazilərin xəritəsinin Azərbaycana verilməsi ilə bağlı Ermənistana təzyiq göstərilməli, sərhədlərin delimitasiya və demarkasiyasına müsbət töhfə verilməlidir. Eyni zamanda Ermənistan silahlandırılmamalı, təxribatçı hərəkətlərdən, iddialardan çəkindirilməlidir. Həmçinin Ağ Ev sərhədlərin delimitasiya və demarkasiyasına, anklavlar məsələsinin həllinə töhfə verməyə çalışmalıdır. Bu halda nəticə əldə etmək olar. Mümkündür ki, ABŞ-nin həm də regionla bağlı iqtisadi maraqları var. Üstəgəl, ola bilsin, Vaşinqton Moskvanın Cənubi Qafqazdakı təsir imkanlarını azaltmaq istəyir. Lakin ABŞ bilməlidir ki, Bakının maraqları nəzərə alınmadan bu məqsədlərə nail olmaq mümkün deyil.

ABŞ eyni zamanda Fransa ilə Azərbaycan arasındakı münasibətlərin mövcud səviyyəsindən də dərs çıxarmalıdır. Rəsmi Paris uzun müddətdir nəinki ermənipərəst, həm də anti-Azərbaycan mövqe ortaya qoyur. Bu isə ikitərəfli münasibətlərə və Yelisey sarayının Cənubi Qafqazdakı maraqlarının təmin olunmasına mənfi təsir edir. Odur ki, istənilən üçüncü güc, o cümlədən Ağ Ev başa düşməlidir ki, Cənubi Qafqazın əsas aktoru olan Azərbaycanın maraqları nəzərə alınmadan regional maraqların təmin olunması mümkün deyil. Bundan sonra Bakı ilə İrəvan arasında ikitərəfli təmaslara üstünlük verilməlidir. İstənilən xarici qüvvənin, o cümlədən ABŞ-nin proseslərə təsir imkanı minimum olmalıdır. Çünki dediyimiz kimi, istənilən üçüncü güc öz maraqları barədə düşünür. Bu isə bölgədəki xaosu daha da artıra bilər.

Bununla yanaşı, əlbəttə, Azərbaycan üçüncü güclərin səmimi səylərindən də imtina etmir. Əksinə, etiraf etmək lazımdır ki, beynəlxalq oyunçuların vasitəçilik istiqamətindəki mübarizəsi rəsmi Bakı üçün yeni imkanlar aça bilər. Azərbaycan bu rəqabət mühitindən öz xeyrinə istifadə edə bilər.

Beləliklə, ABŞ-nin proseslərdə hansı rol oynaması daha çox bu dövlətin öz ritorikasından, gələcək addımlarından asılıdır. Təcrübə göstərir ki, Azərbaycan üçün hansısa dövlətin vasitəçiliyi həlledici və taleyüklü məsələ deyil. Bakı istənilən halda öz maraqlarını təmin etməyə qadirdir. Vaşinqtonun müsbət və səmimi vasitəçilik cəhdləri isə yalnız ikitərəfli münasibətlərin inkişafına töhfə verə bilər. Bu da ABŞ üçün əhəmiyyətlidir.

Son xəbərlər

Orphus sistemi