ABŞ-nin əsas prioritetləri: separatizmə dəstək, ölkələrin daxili işlərinə qarışmaq - ŞƏRH

ABŞ-nin əsas prioritetləri: separatizmə dəstək, ölkələrin daxili işlərinə qarışmaq - ŞƏRH Birləşmiş Ştatlar separatizmə qarşı mübarizəni prioritet elan etsə də, reallıqda bunun əksini görürük. Bir çox məsələlərdə olduğu kimi, bunda da öz maraqlarından çıxış edir və faktlar da bunu təsdiqləyir. Noyabrın 15-də ABŞ Konqresinin yuxarı palatası Azə
Analitika
23 Noyabr , 2023 17:01
ABŞ-nin əsas prioritetləri: separatizmə dəstək, ölkələrin daxili işlərinə qarışmaq - ŞƏRH

Amerika Birləşmiş Ştatları (ABŞ) separatizmə qarşı mübarizəni prioritet elan etsə də, reallıqda bunun əksini müşahidə edirik. Bir çox məsələlərdə olduğu kimi, ABŞ burada da öz maraqlarından çıxış edir, faktlar da bunu təsdiqləyir.

Noyabrın 15-də ABŞ Konqresinin yuxarı palatasının Azərbaycana yardımla bağlı səlahiyyətlərdən imtinanı nəzərdə tutan bədnam S.3000 qanun layihəsinə də bu prizmadan baxmaq gərəkdir. Qanun ABŞ prezidentinə Azərbaycanla bağlı 907-ci düzəlişi dayandırmağa icazə vermir. Azadlığa Dəstək Aktına edilən 907-ci düzəliş ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsini qadağan edir. Bədnam düzəliş 2002-ci ildən bəri ABŞ prezidentləri tərəfindən hər il dayandırılır. Qərar qüvvəyə minməzdən əvvəl Nümayəndələr Palatası tərəfindən təsdiq edilməli və prezident tərəfindən imzalanmalıdır.

Düzəlişlə bağlı müzakirələr də birbaşa separatizmin dəstəklənməsi deməkdir.

Görünən odur ki, ABŞ 30 illik işğala son qoyan, Qarabağda separatçı rejimi yer üzündən silən Azərbaycana dəstək vermək əvəzinə, onu sanksiya və yardımları dayandırmaqla hədələyir. Bunda təəccüblü də nəsə yoxdur. 30 illik işğal zamanı hər il separatçılara maliyyə və hərtərəfli yardım göstərməsini yada salaq. Hətta bu yardım indi də davam edir.

ABŞ hər il dünya ölkələrində insan haqları və demokratiyanın vəziyyəti ilə bağlı hesabat yayaraq bu məsələdə də öz mövqeyindən və maraqlarından çıxış edir. Azərbaycanla bağlı tutduğu mövqeyi də bundan irəli gəlir. Halbuki, rəsmi Bakı regionda yeni reallıq yaradıb, Ermənistanla sülh sazişinin imzalanmasına çalışır. ABŞ isə prosesə dəstək vermək əvəzinə nə edir? Fransa ilə yanaşı, İrəvanı şirnikləndirib yeni müharibəyə çalışır. Rusiya ilə qarşıdurma vəziyyətində olan Birləşmiş Ştatların öz maraqları var və buna çatmaq üçün hər addımı atmağa qadirdir, bölgəni Kremlin nəzarətindən çıxarmaq üçün bütün xalqı belə qurban verər. Təəssüf doğuran hal ondan barətdir ki, ermənilər də ara-sıra sülhdən dəm vursalar da, bu plana uyğun addımlar atırlar.

Separatizmdən söz düşmüşkən, ABŞ bu hərəkatı Çinə qarşı da aparır. Bu ölkəni dəfələrlə insan haqlarını pozmaqda, Tayvana qarşı zorakılıqlar həyata keçirməkdə ittiham edir. Qarşı tərəf də bunu cavabsız qoymur.

ABŞ-nin təbliğ etdiyi demokratiya modeli əslində sözdədir. Bu, digər dövlətlərə təzyiq göstərmək və onların daxili işlərinə qarışmaq üçün sadəcə görüntü və bəhanədir. Amerika demokratik sistemi universal deyil və mükəmməllikdən uzaqdır. Bununla belə, uzun müddətdir ki, Birləşmiş Ştatlar öz demokratik sisteminin struktur qüsurlarına və yerli demokratik təcrübələrin çatışmazlıqlarına məhəl qoymur. “Demokratiya modeli” və bu bəhanə ilə başqa ölkələrin daxili işlərinə qarışmaq, demokratiya bayrağı altında müharibələr açmaq, regional iğtişaşlara və humanitar fəlakətlərə səbəb olmaqdır. Dünyanın müxtəlif ölkələrinin və regionlarının iqtisadi inkişaf səviyyələrində, tarixi və mədəniyyətində fərqliliklərə baxmayaraq, ABŞ hökuməti öz siyasi sistemini və dəyərlərini başqa dövlətlərə sırıyır, “demokratik islahatlar” aparır. Bunlar isə “Rəngli inqilablar” planlaşdırmaq, başqa ölkələrin daxili işlərinə qarışmaq və hətta fəlakətli nəticələrlə başqa ölkələrin qanuni rejimlərini devirməkdir.

ABŞ-nin ölkədəki demokratik sistemi mükəmməl təqdim etmək cəhdlərinə baxmayaraq, reallıqda onun mənfi cəhətləri getdikcə ciddiləşir. Belə ki, Amerika demokratiyası pulun həlledici əhəmiyyət kəsb etdiyi “pul siyasətinə” çevrilib, irqi ayrı-seçkilik mövcud olmaqda və inkişaf etməkdə davam edir, varlı və kasıb arasındakı fərq genişlənir.

Yeri gəlmişkən, hər il təqdim olunan hesabatlarda ABŞ-nin separatizmi dəstəkləməsini sübut edən çoxsaylı faktlar barədə danışılsa da, Vaşinqton öz ampluasındadır. Onun ən böyük qərəzi, ikiüzlülüyü Tayvanla da bağlı tutduğu mövqedə üzə çıxır. Məsələn, bir tərəfdən deyir ki, Çinin ərazi bütövlüyünü dəstəkləyir, digər tərəfdən də Tayvanı silahlandırır. Pekin də bu səbəbdən dəfələrlə bəyan edib ki, Vaşinqton Tayvanın Çinə sülh yolu ilə birləşməsini dəstəkləməli və adanı silahla doldurmağı dayandırmalıdır.

Beləliklə, ABŞ Çinə münasibətdə “Tayvan kartı”ndan, Azərbaycana qarşı isə ermənilərdən istifadə edir, bununla da bölgələri təzyiq altında saxlamağa çalışır. Vaşinqton separatizmə qarşı mübarizə apardığını elan etsə də, əslində, dünya ölkələrində bu hərəkata vüsət verir. Qarabağ və Tayvanla bağlı yeritdiyi siyasət də bunun bariz nümunəsidir. Odur ki, ikili standartlar və münaqişələr yaratmaq, əslində, ABŞ-nin əsl mahiyyətindən xəbər verir.

Son xəbərlər

Orphus sistemi