ABŞ-nin “ədaləti” - neonasizmi, antisemitizmi dəstəkləyən Ermənistan, hədəf alınan Azərbaycan - ŞƏRH

ABŞ-nin “ədaləti” - neonasizmi, antisemitizmi dəstəkləyən Ermənistan, hədəf alınan Azərbaycan - ŞƏRH Ermənistan 2024-cü ilin ilk günündə də hər kəsi təəccübləndirməyə və heyrətə salmağa müvəffəq oldu. Bu dəfə yanvarın 1-də paytaxtın mərkəzində nasist əlaltısı Qaregin Njdenin doğum günü şərəfinə yürüş keçirməklə. Maraqlıdır ki, üstündən xeyli müddət keçsə
Analitika
6 Yanvar , 2024 15:48
ABŞ-nin “ədaləti” - neonasizmi, antisemitizmi dəstəkləyən Ermənistan, hədəf alınan Azərbaycan - ŞƏRH

Ermənistan 2024-cü ilin ilk günlərində də hər kəsi təəccübləndirməyə və heyrətə salmağa müvəffəq oldu. Bu dəfə yanvarın 1-də paytaxtın mərkəzində nasist əlaltısı Qaregin Njdenin doğum günü şərəfinə yürüş keçirməklə. Maraqlıdır ki, üstündən xeyli müddət keçsə də, adətən antisemitizmə və faşizmə qarşı sərt mövqe nümayiş etdirən Qərb dövlətləri və onun strukturları hələ də susur, ikili standartlar və qərəzli mövqe nümayiş etdirir, tolerantlığı ilə seçilən, müstəqil xarici siyasət yürüdən Azərbaycanı hədəfə alırlar. Söhbət ABŞ Dövlət Departamentinin 2023-cü ildə dünyada dini azadlıqlar pozulmuş ölkələrin siyahısına Azərbaycanı da salmasından gedir. Maraqlıdır ki, 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarda müsəlman, alban-xristian dini obyektlərini məhv edən, sinaqoqları yandıran Ermənistana isə “gözün üstdə qaşın var” deyən yoxdur. Bu cəzasızlıq da sonda bu ölkədə nasizmin qol-qanad açmasına, müxtəlif aksiyaların keçirilməsinə gətirib çıxarır.

Rəsmi İrəvan da nasizmin təbliğinə nəinki reaksiya verir, əksinə, onların şərəfinə abidə ucaldır, xatirəsini əziz tutur. Ermənistan nasist cinayətkarı Qaregin Njdenin şərəfinə adlandırılan abidələrin, abidələrin və küçələrin sayına görə dünyada lider mövqe tutur. 2016-cı ildə İrəvanın mərkəzində nasist Njdeyə abidə də ucaldılıb. Gümrü və Qafan kimi böyük mərkəzlərdən başqa, Njdenin xatirəsi ən azı on yeddi başqa yaşayış məntəqəsində qorunub saxlanılır.

Beynəlxalq aləm Ermənistanda faşizmin təbliğinə göz yumsa da, xarici media İrəvanda keçirilən aksiya ilə bağlı tənqidi materiallar dərc edib. Məsələn, İsrailin “9TV.co.il” və “Detaly. co.il” kimi nəşrləri xüsusilə yerli hakimiyyət orqanlarının məsələyə heç bir reaksiya verməməsini sərt tənqid ediblər. Qeyd olunur ki, Qaregin Njdenin doğum günü şərəfinə “Hosank” qrupundan olan neonasistlər İrəvan küçələri ilə faşist şüarlar səsləndirib və əllərini nasist salamı ilə qaldırıblar. Dünya Yəhudi Agentliyinin fəxri səfiri və Qafqaz regionu üzrə ekspert Roman Qureviç deyib ki, antisemitizm dünyanın hər bir yerində iyrənc və qəbuledilməzdir: “Ermənistanda sinaqoqun yandırılması, cəzasız qalan antisemit bəyanatlar, nasistlərlə işbirliyinin tərifi, indi də neonasistlərin paradı bu ölkədə antisemitizmlə bağlı vəziyyətin son dərəcə narahatedici olduğundan xəbər verir”.

Digər nəşr - “Kikar HaShabbat” xəbər saytı isə yazır ki, Ermənistanda yəhudilərə nifrətin həddi-hüdudu yoxdur - paytaxtda azsaylı yəhudilərə qarşı təqiblər davam edir və ölkənin yeganə sinaqoquna bir neçə dəfə qəsdən yanğın törədildikdən sonra neonasist yürüşü baş verib, İsrailə qarşı təhdidlər səsləndirilib. Hökumət və ya polis bütün bunların qarşısını almayıb. “Maariv“ qəzeti də yazır ki, yəhudilərə və İsrailə qarşı nifrət səngimir, yəhudilərin yaşamadığı Ermənistanın paytaxtında yanvarın 1-də, bir qrup neonasist əllərində stilizə edilmiş svastika olan bayraqlar tutaraq, daxili və xarici düşmənlərə qarşı aşağılayıcı şüarlar səsləndiriblər.

İsrail mediası ilə yanaşı, ABŞ-nin medium.com onlayn platforması da İrəvanda neonasist yürüş keçirilməsindən yazıb. Məqalədə ermənilərin Qafqazda sülhün bərqərar olması perspektivlərinə mənfi təsirindən bəhs olunub. Bundan başqa, ABŞ-ın Azərbaycanda dini etiqad azadlığının vəziyyəti ilə bağlı son qərarında erməni izinin olması qeyd edilib: “Dövlət Departamentinin qərarına təsir edən hesabatda Azərbaycana həsr olunmuş bölmədə Danielle adlı şəxsin adı çəkilir. Bu şəxs isə Aşbaxyan adlı etnik ermənidir. O, ABŞ-ın Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəridir, Konqreslə kommunikasiyalara və əlaqələrə nəzarət edir”, - yazan müəllif hesabatdakı anti-Azərbaycan ittihamlarının mənasız olduğunu vurğulayıb.

Qeyd edək ki, İrəvandakı “Hosank” nasist qrupunun hədəfi Njdenin “Tseğakronizm” ideologiyasını mübariz hərəkata çevirmək və hakimiyyətə gəlmək, ari ideyalarına əsaslanan irqi-dini dövlət yaratmaqdır. Hərəkatın lideri Hayk Nazaryanın 34 yaşı var - ABŞ-da, Kaliforniya ştatında anadan olub. O, Kaliforniya Dövlət Universitetini bitirib, fizika üzrə magistr dərəcəsini alıb. 2016-cı ildən Ermənistanda yaşayır.

Maraqlıdır ki, erməni sosial mediasında yürüş söz və toplaşma azadlığı kimi müdafiə edilib. Türkiyəli jurnalist Erkin Öncan “X” sosial media hesabından Njde Qaregin adıyla tanınan Qaregin Ter-Harutyunyanın "ölkəsinin müstəqilliyi uğrunda Osmanlı imperiyasına qarşı döyüşmüş Ermənistan qəhrəmanlarından hesab olunduğunu" yazıb.

Beləliklə, bütün bu faktlar onu deməyə əsas verir ki, Qərb, xüsusən də Birləşmiş Ştatlar üçün ədalət, vicdan anlayışı deyilən bir məsələ mövcud deyil. Elə olmasaydı, multikultural dəyərlərin daşıyıcısı, tolerant Azərbaycanı hədəfə almazdı. Yeri gəlmişkən, bir məsələni də xüsusi qeyd edək ki, faşistlərin qəhrəmanlaşdırılmasına imkan verilməməsi barədə ilk dəfə beynəlxalq təşkilatlar, ölkələr qarşısında məsələ qaldıran dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyev olub. Njde ilə bağlı MDB liderlərinin görüşlərindən birində çıxışında məsələ qaldıraraq demişdi: "Njdeyə Ermənistanın paytaxtında - İrəvanda qoyulan abidə faşizmin təbliğatıdır. Buna son qoyulmalıdır. Bu adam faşist olub. Bu adam cəllad olub. Bu adam günahsız azərbaycanlıların və ondan sonra İkinci Dünya müharibəsi zamanı sovet ordusunun əsgərlərini, zabitlərini qətlə yetirib. Bu Njde faşistdir və bunu hər kəs bilməlidir. Ancaq Ermənistanda onun qəhrəmanlaşdırılması gedir".

Çox güman ki, bu da ABŞ başda olmaqla Qərb strukturlarına yaxşı məlumdur. Sadəcə səsləndirmək sərf etmir, qərəz və ikili standartlar gözlərini tutub.

Son xəbərlər

Orphus sistemi