ABŞ biolaboratoriyaları postsovet məkanına ölüm saçır – ŞƏRH

ABŞ biolaboratoriyaları postsovet məkanına ölüm saçır – ŞƏRH Postsovet məkanında yerləşən ABŞ bioloji laboratoriyalarından gələn təhlükə yenidən aktuallaşıb. Müxtəlif ölkələrdən olan alim və mütəxəssislər, nüfuzlu media bununla dəfələrlə məsələ ilə bağlı həyəcan təbili çalır, buna qarşı çıxmağın zəruriliyinə çağırı
Analitika
1 Dekabr , 2023 16:17
ABŞ biolaboratoriyaları postsovet məkanına ölüm saçır – ŞƏRH

Postsovet məkanında yerləşən ABŞ bioloji laboratoriyalarından gələn təhlükə yenidən aktuallaşıb. Müxtəlif ölkələrdən olan alim və mütəxəssislər, nüfuzlu media orqanları bununla bağlı zaman-zaman həyəcan təbili çalır, buna qarşı çıxmağın zəruriliyinə çağırışlar edirlər. Müxtəlif yoluxucu xəstəliklərə qarşı mübarizə adı altında yaradılan bu obyektlərin hədəfi heç kimə sirr deyil - postsovet məkanında müxtəlif təhlükəli ssenarilər, planlar hazırlayıb reallaşdırmaq.

Ukraynadakı müharibə fonunda ABŞ-nin bu biolaboratoriyaları yenidən gündəmə gəlib. Belə ki, Kreml postsovet məkanında Birləşmiş Ştatlara məxsus biolaboratoriyalara qarşı irimiqyaslı mübarizəyə start verib.

Maraqlıdır ki, laboratoriyaların yerləşdiyi ölkələr də təsadüfi seçilməyib. Məsələn, götürək Ermənistanı. ABŞ çox gözəl anlayır ki, bu ölkə "sürüşkən" mövqeyi ilə seçilir, yəni Kremlin forpostluğunu sürətlə Vaşinqtonla əvəzləyə bilər. Elə bu səbəbdən də Ermənistan hökuməti biolaboratoriyaları öz ərazisində yerləşdirməyə razılıq verib. Moskva dəfələrlə buna etiraz edib əraziyə mütəxəssislərin buraxılmasını istəsə də, rədd cavabı alıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bir neçə dəfə Ağ Ev tərəfindən maliyyələşdirilən bioloji laboratoriya ilə bağlı xəbərdaredici açıqlama ilə çıxış edib. Lavrov bu laboratoriyalarla bağlı şəffaflıq proqramlarının zəruriliyini irəli sürsə də, onu ciddiyə alan olmayıb.

Qeyd edək ki, bioloji silahlar kütləvi qırğın silahının bir növü kimi təsdiqlənib. Bioloji silahdan istifadə 1972-ci ildə qəbul olunan və 1975-ci ildə qüvvəyə minən müvafiq beynəlxalq konvensiya ilə qadağan olunub. Hazırda həmin konvensiyaya qoşulan 184 ölkə var, Azərbaycan bura 2004-cü ildə qoşulub. Məhz həmin ildə BMT Təhlükəsizlik Şurası qurumun üzv ölkələrinin kimyəvi, bioloji, radioloji silahlar və nüvə silahı əleyhinə öz qanunvericiliklərini təkmilləşdirmələrini tələb edən və müvafiq silahların istifadəsini qadağan edən qətnamə qəbul edib.

Kreml bu laboratoriyalara qarşı hələ ki Kollektiv Təhlükəsizliklə Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində hərəkətə keçib. Təşkilatın son iclasında da bu məsələ qaldırılıb. Ermənistanla yanaşı, Qazaxıstanda və Gürcüstanda da ABŞ laboratoriyaları var və hər iki ölkə də Birləşmiş Ştatların hərbi-bioloji layihələrinə cəlb edilib. Kremlin narahatlığı ondan ibarətdir ki, Ermənistanda 12, Qazaxıstanda 6 belə obyekt mövcuddur. Bundan əlavə, Pentaqon Qazaxıstanda BSL-4 laboratoriyaların inşasını da maliyyələşdirir. Moskva bəyan edir ki, həmin obyektlər bütün dünya üçün ən təhlükəli virusların saxlanılması üçün anbar rolunu oynaya bilər.

Bir faktı da qeyd etmək yerinə düşər ki, Rusiya Ukraynada işğalçı müharibəyə başlayandan sonra Vaşinqton Ukrayna laboratoriyalarını keçmiş SSRİ-nin digər respublikalarına köçürmək planına start verib. İndi əsas məsələ Ermənistanın Rusiyanın təzyiqi qarşısında tab gətirib-gətirməyəcəyidir.

Nüfuzlu qırğız alimi Bakyt Saipbayev hesab edir ki, Pentaqon bioloji silahların hazırlanması planlarından əl çəkməyəcək. Alim Mərkəzi Asiya ölkələrində yeni bioloji laboratoriyaların açılması cəhdlərinə qarşı durmağın, eləcə də şəffaf iş tələbinin və mövcud laboratoriyaların fəaliyyətinin yoxlanılmasının vacibliyini qeyd edib. Müxtəlif ölkələrin alimləri bir neçə ildir ki dünya ictimaiyyətinin gözündən yayınan Amerika məxfi bioloji laboratoriyalarının xarici dövlətlərin ərazisindəki fəaliyyəti ilə bağlı həyəcan təbili çalırlar. Dünyada cəmi 300-ə yaxın belə laboratoriya var. Mütəxəssislərin narahatlığına səbəb olan əsas məsələ həm də onların Birləşmiş Ştatlardan kənarda yerləşməsi faktıdır.

MDB ölkələrinin Təhlükəsizlik Şurası rəhbərlərinin bir neçə il əvvəl Moskvada keçirilən iclasında “Rospotrebnadzor”un rəhbəri Anna Popova da müxtəlif ölkələrdə təxminən 200 ABŞ hərbi və mülki müşahidə laboratoriyasının müəyyənləşdirildiyini bildirmişdi. Eyni zamanda, o, yeni epidemioloji təhlükələrin yaranma zonalarından da bəhs etmişdi. Bu laboratoriyalardan biri Riçard Luqar adına İctimai Sağlamlıq Mərkəzidir. Tbilisi ətrafında yerləşən laboratoriyada bir neçə il əvvəl Gürcüstanın bir sıra bölgələrində yoluxucu xəstəliklərin ocaqları qeydə alınmışdı.

Bir məsələ də var ki, Amerikanın xarici bioloji laboratoriyalarında həm açıq, həm də qapalı şöbələr var, onlara hətta yerli kadrların daxil olmasına da icazə verilmir, yalnız amerikalı mütəxəssislər daxil ola bilərlər. Bu obyektlərin ərazisində amerikalı və avropalı hərbi bioloqlar tədqiqat aparır. Rusiya mediası iddia edir ki, orada ölümcül virus ştamları inkişaf etdirilir, o cümlədən onların insan immun sisteminə təsiri öyrənilir.

Beləliklə, ABŞ biolaboratoriyaları ilə bağlı məsələ aktuallıq qazanmağa başlayır. Rusiya gözəl anlayır ki, bu mərkəzlərdə təcrübələr adı altında müxtəlif planlar və ssenarilər hazırlana bilər. Ermənistanla bağlı son hadisələr də bu planın artıq işə düşməsindən xəbər verir. Artan anti-Rusiya təbliğatı, Rusiya ilə bağlı təşkilatlardan çıxmaq çağırışları da ssenarinin tərkib hissəsidir. Yəni laboratoriyalar artıq gərginlik yaratmaq mərkəzi rolunu oynayırlar.

Son xəbərlər

Orphus sistemi