İkinci Dünya müharibəsindən sonra iki qütb arasındakı gərginlik dünyanı iki düşmənə bölmüşdü. Keçmiş SSRİ ilə ABŞ arasında onda yaranmış münasibəti “soyuq müharibə” adlandırırdılar. Sovetlərin dağılması ilə bu savaşın başa çatdığı zənn edilirdi. Ancaq sonrakı illərdə özünü SSRİ-nin varisi sayan Rusiyanın yenidən güc mərkəzinə çevirilmək cəhdi yeni gərginliklərin və münaqişə ocaqlarının yaranmasına səbəb olub.
Rusiya və ABŞ başda olmaqla Qərb bloku arasında münasibətlərin gərginləşməsinin başlıca səbəbi nüfuz dairəsinin bölüşdürülməsidir. Cənubi Qafqazda, Moldovada baş verənlərin ardınca Ukraynadakı hadisələr bu ziddiyyəti daha da qabartdı. 2014-cü ilin yanvar-fevral aylarında baş verən hadisələr Ukrayna üçün ərazisinin ilhaq olunması və Donbasda terrorçu-separatçıların baş qaldırması ilə nəticələnib. Hadisələr ona görə baş verdi ki, Ukrayna Avropa İttifaqına və NATO-ya üzv olmaq istəyir. Rusiya bunu qəbul etmək istəmir. Çünki Ukraynanın üzvlüyü ABŞ və Alyansın Rusiya sərhədlərində yerləşməsidir. Düzdür, Baltikyanı keçmiş sovet respublikaları da bu iki qurumun üzvləridir. Ancaq keçmiş SSRİ-də olduğu kimi, Rusiya da bu ölkələri daha çox Avropa sayır və hətta onu Qərbə güzəştə belə getməklə razılaşmış kimi də görünür. Son zamanlar Rusiyanın Ukrayna sərhədlərinə əlavə qoşun yeritməsi rəsmi Kiyev və Qərbdəki müttəfiqlərin narahatlığına və narazılığına səbəb olub. Moskva yaranmış gərginliyin azaldılması məqsədilə qarşı tərəfi danışıqlara dəvət edir. 2021-ci il dekabrın 17-də bu məqsədlə Rusiya ABŞ, Avropa İttifaqı və NATO-dan təhlükəsizliyinə qəti təminat verilməsini istəyir.
Bu il yanvarın 9-da ABŞ və Rusiya nümayəndələri arasında Cenevrədə ilkin danışıqlar keçirilib. Yanvarın 10-da isə görüş rəsmi nümayəndələrin rəhbərliyi altında baş tutub. Rusiya nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sergey Ryabkov və ABŞ nümayəndə heyətinə isə dövlət katibinin birinci müavini Vendi Şerman başçılıq edib. Yanvarın 12-də Brüsseldə Rusiya-NATO Şurasının iclasının keçirilməsi planlaşdırılıb. Yeri gəlmişkən, Şura 2002-ci il mayın 28-də yaradılıb. 2008-ci ilin avqustunda Rusiya ilə Gürcüstan arasında Cənubi Osetiyada baş verənlərə görə yaranmış hərbi münaqişə səbəbindən Moskvaya qarşı məhdudlaşdırıcı tədbirlər çərçivəsində Şuranın fəaliyyəti dayandırılmışdı. 2014-cü ildə Krımın ilhaqından və Ukraynanın şərqində baş verən hadisələrdən sonra NATO ilə Ukrayna arasında uzunmüddətli tərəfdaşlıq qeyri-müəyyən müddətə dayandırılıb. 2017-ci ildə Suriya və İraqda hadisələr fonunda tərəflər arasında təmaslar bərpa olunmuşdu. Bununla belə, Şuranın toplantıları keçirilməyib.
Yanvarın 10-da keçirilən ABŞ-Rusiya nümayəndə heyətləri arasında görüş bağlı qapılar arxasında 7,5 saat sürüb. Sergey Ryabkov görüşdən sonra bildirib ki, danışıqlar çətin keçsə də, işgüzar olub. Onun sözlərinə görə, Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyü Budapeşt sammitinin qərarı kontekstində mümkündür. Qeyd edək ki, Rusiya NATO-dan keçmiş sovet respublikaları hesabına genişlənmədən imtina etməsini, yaxın və ortamənzilli raketlərin bir-birinə çatacaq məsafədə yerləşdirməməsini və həmin ərazilərdə keçirdiyi təlimlərin sayını azaltmasını istəyir. Bu, ABŞ və NATO-nun Rusiyanın təsir dairəsində olan ərazilərə girməməsi, yaxud həmin dövlətlərin Alyansa və Avropa İttifaqına qəbul edilməməsi anlamına da gəlir. Rusiya Qərb blokuna bildirmək istəyir ki, keçmiş SSRİ-yə daxil olan bu ərazilər onun təsir dairəsindədir. Əks halda həmin yerlərdə münaqişələrə həll edilməsi mümkün olmayacaq.
ABŞ və NATO isə keçmiş sovet respublikaları ilə münasibətləri Rusiyanın icazəsi olmadan davam etdirmək niyyətlərini gizlətmir. Onlar hesab edirlər ki, bu həmin respublikaların suveren hüquqlarıdır. Ukrayna məsələsinə gəldikdə isə şərtlər bir az da genişlənir. Qərb Rusiyanın Krımdan çıxmasını, Donbasda hərbi əməliyyatları dayandırmasını, Ukrayna ilə sərhədə topladığı hərbi kontingenti geri çəkməsini tələb edir. Avropaya yaxın və ortamənzilli raketlərin yerləşdirilməsi məsələsinə gəldikdə isə ABŞ və Rusiya yaxın və ortamənzilli raketlərin ləğv edilməsi istiqamətində fəaliyyətini 2019-cu il avqustun 2-də dayandırıb. Rusiya Avropaya “Novator 9M729” yeni raket sistemi yerləşdirdiyindən ABŞ da bu razılaşmadan çıxıb. Bununla belə, ABŞ Prezidenti Cozef Bayden Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Ukraynaya hücum silahları yerləşdirmək niyyətində olmadıqlarını bildirsə də, sanksiyaların tətbiqini istisna etməmişdi. Onda Putin münasibətlərin tamamilə pozulacağını qeyd etmişdi.
ABŞ senatorları iki ölkə nümayəndələri arasında keçirilən görüşdən əvvəl Prezident Cozef Baydendən Ukrayna və Şərqi Avropa ölkələrinin təhlükəsizliyini gücləndirməyə çağırmışdılar. Bu isə NATO-nun Polşa, Litva, Latviya, Estoniya və Qara dəniz regionunda, o cümlədən Bolqarıstanda gücünü artırması deməkdir.
Qazaxıstanda baş verənlər bir daha sübut edir ki, Rusiya keçmiş sovet respublikalarına ABŞ və NATO-dan daha yaxındır və daha tez çatır. Bu isə ABŞ və NATO-nun keçmiş sovet blokuna aid ərazilərlə bağlı yeni yanaşma hazırlamasını zəruri edir.
ABŞ-la Rusiya arasında danışıqların nəticəsiz başa çatması, yaxud müzakirələrin çətinliyi də tərəflərin mövqelərindən geri çəkilməməsidir. Bu baxımdan onlar arasında razılaşmanın olmaması beynəlxalq gərginliyin artmasına təkan verir, dünyada təhlükəsizliyi və sülhü təhdid edir. ABŞ və NATO-dakı müttəfiqləri ilə Rusiya arasında mövcud vəziyyət dünyanı yeni silahlı qarşıdurmaya sürükləyir. Bu həm də yeni silahlı münaqişə ocaqlarının yaranmasına da səbəb ola bilər.
Belə qütbləşmə və ziddiyyətlər bütün tərəflərlə əməkdaşlığa üstünlük verən dövlətləri dilemma qarşısında qoyur. Yaranmış vəziyyət tarixin çarxını geri fırlamağa çalışanlara fürsət verir.