ABŞ Ermənistana dəstəyini azaldır - Vaşinqtonun siyasi və strateji hədəfləri - ŞƏRH

ABŞ Ermənistana dəstəyini azaldır - Vaşinqtonun siyasi və strateji hədəfləri - ŞƏRH Son dövrlər erməni lobbisinin ABŞ-da fəaliyyətinin uğursuzluğa düçar olduğu müşahidə olunur. Erməni lobbisinin Azərbaycana qarşı İrəvanı dəstəkləmək üçün rəsmi Vaşinqtona təzyiqlərinə baxmayaraq, Birləşmiş Ştatların siyasi elitası sırf strateji və siyasi
Analitika
5 Sentyabr , 2023 15:13
ABŞ Ermənistana dəstəyini azaldır - Vaşinqtonun siyasi və strateji hədəfləri - ŞƏRH

Son dövrlər erməni lobbisinin ABŞ-da fəaliyyətinin uğursuzluğa düçar olduğu müşahidə olunur. Erməni lobbisinin Azərbaycana qarşı İrəvanı dəstəkləmək üçün rəsmi Vaşinqtona təzyiqlərinə baxmayaraq, Birləşmiş Ştatların siyasi elitası sırf strateji və siyasi səbəblərdən buna məhəl qoymur. Daha dəqiq desək, bir neçə aydır Amerikanın Erməni Milli Komitəsinin Amerika siyasətçilərinə müraciətləri qulaqardına vurulub. Sadəcə ara-sıra Adam Şiff, Bob Menendes timsalında açıqlamalar verilir, bu da sözügedən senatorların və siyasətçilərin erməni lobbisindən aldıqları pulu “halal” yemək üçün atdıqları addımlar kimi qiymətləndirilir. Siyasi rəhbərlik səviyyəsindəki açıqlamalar “Azərbaycan və Ermənistan arasındakı fikir ayrılığı diplomatik və sülh yolu ilə həll olunmalıdır” müstəvisindən kənara çıxmır.

2020-ci ilin 27 sentyabr tarixində başlayan 44 günlük müharibə ilə Azərbaycan 30 illik erməni işğalına son qoydu və bununla da regionun geosiyasi vəziyyəti dəyişdi. Təbii ki, bu, ABŞ-ın da nəzərindən yayınmamışdı. Rusiyanın Ukraynadakı müharibəsi isə ABŞ-ı regiona maraqlarını daha da artırmağa təşviq edib. Eyni zamanda son aylar Laçın yolu ilə bağlı erməni tərəfinin beynəlxalq ictimaiyyətdə qaldırdığı hay-küy də nəticəsiz qalıb. Erməni rəsmilərinin israrla Laçın yolu ilə bağlı Azərbaycana qarşı tədbir görmək, sanksiya tətbiq etmək çağırışları da nəticəsiz qalıb. Sonuncu dəfə BMT Təhlükəsizlik Şurasının iclasında da bu məsələ ilə bağlı şapalaq yeyən erməni rəhbərliyi artıq vəziyyətin başqa cür olduğunu anlamış deyil. Elə bu səbəbdən də rəsmi İrəvan ABŞ-ı iclası yönləndirməkdə ittiham etmişdi.

ABŞ-ın son illər Ermənistana dəstəyini azaltması və diasporun təkidlərini qulaqardına vurmasının müəyyən səbəbləri var. Bunlardan birincisi, Ermənistanın müttəfiqləridir. Ermənistanın ən böyük müttəfiqləri Rusiya və İrandır. Eyni zamanda Ermənistan Rusiyanın əlində hərbi alətə çevrilən KTMT-nin üzvüdür. Gözləntilərin əksinə olaraq Ermənistan Avropa İttifaqı ilə azad ticarət sazişi imzalamaq əvəzinə, Rusiyanın dominant olduğu Avrasiya İqtisadi Birliyinə qoşuldu. Bu isə Rusiyaya təzim və ona sanksiyalardan yan keçməyə yardım kimi başa düşülür. Təbii ki, bütün bu proseslər ABŞ-ın və Qərbin nəzərindən yayınmır.

Hələ bu da azmış kimi, rəsmi İrəvan bu yaxınlarda İranla enerji əməkdaşlığına dair memorandum imzalayıb. Ermənistanın İranla əməkdaşlığı bununla da bitmir. Siyahıya İranın Qafanda konsulluq açması və Tehranla silah alışı ilə bağlı imzalanan müqaviləni də əlavə etmək olar. Qafanda konsulluq açmaq isə Qərbin də marağında olduğu Zəngəzur dəhlizinə qarşı atılan addımdır və Ermənistan bu addıma göz yumur. İrəvan Tehrandan PUA və raket tədarük edir, bununla da ABŞ-ın qırmızı xəttini pozur. Uzun illərdir İrana qarşı sanksiyaların tətbiq edildiyi heç kəsə sirr deyil və İranla canbir qəlb olan dövlətlərin ABŞ-ın qara siyahısına namizəd olduğunu da yaxın tarix göstərib. Eyni zamanda Ermənistan silah alışı ilə “sanksiyalar vasitəsilə Amerikanın düşmənlərinə qarşı mübarizə” qanunu da pozmuş sayılır.

Ermənistandan fərqli olaraq isə Azərbaycan NATO-nun üzvü olan Türkiyə ilə sıx mədəni, iqtisadi və təhlükəsizlik sahələrində sıx əlaqələr qurur, əlaqələri günbəgün daha da genişləndirir. Eyni zamanda Avropanın enerjiyə olan tələbatını ödəmək üçün qlobal layihələrə imza atır. İranla da Azərbaycanın müxtəlif məsələlərdə fikir ayrılığı da rəsmi Vaşinqtonun nəzərindən yayınmır. Artıq Azərbaycan Qərb üçün əvəzolunmaz strateji tərəfdaşa çevrilib və görünən odur ki, bu mövqeyini hələ uzun illər qoruyub-saxlayacaq.

Ermənistanın KTMT və İranla yaxınlığına qarşı, Azərbaycan ordusu Türkiyə ilə birgə təlimlər keçir, bu isə NATO standartı və NATO tərəfdaşlığı mənasına da gəlir. Eyni zamanda İsrail rəsmi Bakı üçün əsas silah tədarükçüsü rolunu oynamağa başlayıb. Ermənistan isə bu işdə İrana və Rusiyaya üz tutub, hələ Hindistandan da aldığı silahları İran vasitəsilə daşıyır. Doğrudur, ABŞ-ın Ermənistanla diplomatik münasibətləri var, rəsmi Vaşinqton bu illər ərzində Ermənistana milyardlarla dollarlıq humanitar yardım göndərib, inkişafını dəstəkləyib. Amma İrəvan Vaşinqtonun əzəli düşmənləri sayılan Rusiya və İranla müttəfiqlik edir, hərbi alyanslara qoşulur, silah alveri edir. Eyni zamanda Ermənistan Rusiya ilə koordinasiyalı formada böyük iqtisadi uğur əldə etmək üçün Moskvaya Qərbin sanksiyalarından yayınmağa kömək edir. Belə olduğu halda, ABŞ siyasi və hərbi elitası çətin ki, milli maraqlarını təhlükəyə ataraq və qanunlarını pozaraq Qafqazda uzun illər dilənçi kimi ianələr hesabına yaşayan, heç bir strateji mövqeyi və zənginliyi olmayan Ermənistana görə, günü-gündən inkişaf edən, regionda söz sahibi olan, Avropanı enerji ilə təmin edən Azərbaycana qarşı addım atsın.

Hər keçən gün isə Ermənistanın diplomatik sahədə biabırçı məğlubiyyəti ilə nəticələnir. Azərbaycan isə əksinə, mövqeyini daha da gücləndirir, xarici siyasət sahəsində çox uğurlu addımlar atmağa davam edir. Ermənistan isə Rusiya və İranla geosiyasi ittifaq bağlamaqla, özünü ölümə məhkum etmiş sayılır. Çünki bu tip ittifaqlar əslində Ermənistanın milli maraqlarına ziyandır və Qərb, ABŞ belə ittifaqları qəbul etmir. Həm Rusiya, həm də İranın uzun müddətdir Qərbin sanksiyaları ilə üz-üzə qalıblar.

Ermənistanın siyasi rəhbərliyi isə Rusiya ilə strateji müttəfiqliyin artıq onun milli maraqlarına zidd olmasını anlayıb. Bu səbəbdən son günlər Rusiya ilə strateji əməkdaşlığın əslində səhv olması barədə bəyanatlar səsləndirilir. Eyni zamanda Belarusda keçirilən KTMT təlimlərində Ermənistanın iştirak etməməsi də yaxın zamanlarda alyansla bağlarını qoparacağı mənasına gəlir. Əslində Paşinyan bu hərbi alyansla vidalaşmağı çoxdan arzulayır. Bu səbəbdən də müntəzəm olaraq, KTMT ünvanına tənqid səsləndirilir, Aİ müşahidəçiləri Ermənistana dəvət edilir. KTMT-nin müşahidəçi göndərməklə bağlı fikrinə və təklifinə isə rəsmi İrəvan etinasız yanaşır.

Görünən odur ki, Ermənistan siyasi kursunu dəyişmək fikrinə düşüb. Amma necə deyərlər, daldan atılan daş topuğa dəyər. Həm də rəsmi İrəvan Rusiya ilə elə bağlarla birləşib ki, bunu qoparmaq qeyri-mümkündür. Hətta bu gün Rusiya Prezidentinin sözçüsü Dmitri Peskovun məsələ ilə bağlı açıqlamasını hədə kimi qəbul etmək olar. Rusiyalı diplomat açıqlamasında vurğulayıb ki, Rusiyada Ermənistandan çox erməni yaşayır. Bu isə Moskvanın təhdid kartı kimi qiymətləndirilir.

Kamil Məmmədov

Son xəbərlər

Orphus sistemi