Bakı. 10 noyabr. REPORT.AZ/ ABŞ öz işini təqdim etməyi bacarır. Məsələn, başqa ölkələrin filmlərindəki döyüş səhnələri uydurma göründüyü halda, amerikalıların çəkdiyi kinolarda buna adamın inanmağı gəlir. Hamının “Rembo” filmindəki eyniadlı qəhrəman yadındadır.
Bu ölkə terrorçular, terroru dəstəkləyən dövlətlərlə bağlı təbliğatı da ustalıqla bacarır. Prezident seçkisini ABŞ-ın təqdimatının şah əsəri də saymaq olar. Bu siyasi kampaniyadan hamının - ABŞ-ı sevənlərin də, sevməyənlərin də xoşu gəlir.
Bu siyasi kampaniya həm də ona görə izlənilir ki, onun nəticəsindən dövlətlərin iqtisadi, siyasi vəziyyəti asılı olur.
Çünki dünyada maliyyə və iqtisadi bazarlara ABŞ-ın təsiri hələ də güclüdür. Başqa sözlə, az qala dünyanın bütün milli valyutaları ABŞ dolları ilə tənzimlənir, neftin qiyməti də ABŞ-da “qara qızıl”a tələb və təklif əsasında müəyyənləşir. Bir sözlə, ABŞ hazırda dünyadakı piramidanın zirvəsindədir. Bu isə təkqütblü dünya deməkdir.
Dünyanın digər dövlətləri haqlı olaraq ABŞ-dan daha çox ədalətli olmağı və münaqişələrin həllində doğru olanın yanında olmağı istəyir, bunu arzulayırlar.
Heç şübhəsiz, ərazisinin 20 faizi işğal altında olan Azərbaycan da ABŞ-dan ədalətli mövqe sərgiləməyi bir qayda olaraq istəyir və gözləyir.
Çünki bu dövlət Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki münaqişənin tənzimlənməsi ilə bağlı yaradılan ATƏT-in Minsk qrupunun üzvü və 3 həmsədr dövlətdən biridir. Bu baxımdan ABŞ-dakı prezident seçkisi və onun nəticəsi Azərbaycan üçün də maraqlı və əhəmiyyətlidir.
Noyabrın 8-də ABŞ-da keçirilən prezident seçkisində Respublikaçılar Partiyasından namizəd milyarder Donald Tramp Seçicilər Kollegiyasının 276 səsini toplayaraq qalib gəlib. Onun əsas rəqibi, Demokratlar Partiyasının namizədi Hillari Klinton 218 səs toplayıb.
Noyabrın 10-da axşam saatlarında ABŞ-ın indiki prezidenti Barak Obama yeni seçilən prezident Donald Trampla görüşəcək. Barak Obama hakimiyyəti dinc yolla yeni seçilən D.Trampa təhvil vercəyinə boyun olub.
ABŞ-ın tarixində çoxları yenilik gözləyirdi. Elə düşünülürdü ki, ilk afroamerika mənşəli ABŞ vətəndaşı B.Obama prezident olubsa, yəqin ilk dəfə xanım Hillari Klinton da dövlət başçısı seçilə bilər. Əslində, belə bir ehtimal daha çox xoşməramlılıqdan edilirdi. Dünyanın aparıcı dövlətində xanımın prezident seçilməsi maraqlı olmaqla yanaşı, həm də başqa dövlətlərdə qadınların iradəçiliyə cəlb edilməsi məsələsində impuls, örnək rolu da oynaya bilərdi və s.
Ancaq ABŞ-da daha bir yenilik yaşanmadı, əvəzində D.Trampın prezident seçilməsi bir çoxları üçün sürpriz nəticə oldu.
Seçkiqabağı təbliğat kampaniyasında keçmiş dövlət katibi, ölkənin keçmiş birinci xanımı daha ağıllı və realist görünürdüsə, D.Tramp daha çox oyunbaz təsiri bağışlayırdı. Çoxlarına elə gəlirdi ki, Respublikaçılar Partiyası prezidentlik postundan imtina edib. Bu partiyanın bir sıra təmsilçilərinin çıxışları da bunu deməyə əsas verirdi. Ancaq satirik şair Səməd Mənsur demiş “Həpsü rəngidür”. Yəni şou.
Bir az qeyri-ciddi görünən və belə imiclə tanınan milyarder Tramp ən azı 4 il ABŞ prezidenti olacaq. O, 2017-ci il yanvarın 20-də ABŞ-ın 45-ci prezidenti kimi and içəcək.
Dəyişən nə olacaq? ABŞ-ın xarici siyasi kursunda elə ciddi dəyişikliklərin olacağı ehtimalı azdır. Tramp ABŞ-ın Orta Şərqdə İŞİD-ə görə azalan nüfuzunu artırmalıdır.
ABŞ-ın respublikaçı prezidentləri - böyük Corc Buş və onun oğlu Corc Buş İraqa hücum etdilər. Demokratlar Partiyasının təmsilçisi Barak Obama isə İraqın bir dövlət kimi gələcəyinin şübhə altına alındığı bir dövrdə ABŞ prezidenti olub. Üstəgəl, Suriyanın da gələcəyi şübhəlidir.
B.Obamanın prezidentliyi illərində Afrikanın şimalında, Misir, Tunis və Liviyada “bahar inqilabları” baş verdi. Vaşinqton Hüsnü Mübarək kimi müttəfqini islamçı-demokrat Məhəmməd Mursi, daha sonra isə general Sisi ilə əvəzlədi.
Obama “əl-Qaidə”nin lideri Üsamə bin Ladenin zərərsizləşdirilməsinə nail oldusa da, onun yerinə daha varlı bir terrorçu təşkilatın - İŞİD-in çıxmasına şərait yarandı.
“Əl-Qaidə” respublikaçıların “yetirməsi” hesab olunursa, o zaman İŞİD-i də demokratların siyasətinin "məhsulu" saymaq olar. Yeri gəlmişkən, Tramp seçkiqabağı kampaniya zamanı demişdi ki, ABŞ prezidenti B.Obama İŞİD-in kökünü bilərəkdən kəsmək istəmir: “Çünki İŞİD-i Barak Obama özü qurub. Hillari Klinton isə İŞİD-in qurulması üçün Obamaya yaxından kömək edib. Yəni İŞİD bu iki adamın birgə layihəsidir”.
Düzdür, yeni seçilən respublikaçı prezident sonradan bunu ironik ifadə etdiyini söyləsə də, onun bəyanatının buraxdığı təəssüratın fərqli olduğu gizli deyil.
Barak Obama respublikaçı prezidentlərin dövlətdə varislik məsələsinə əsasən ABŞ-ın nüfuzuna vurduğu ziyanı aradan qaldırmağa nail oldu. Hətta 2009-cu ildə Barak Obamaya Nobel sülh mükafatı da verildi.
O, ABŞ-ın İrana olan siyasətini və münasibətini dəyişməyə nail oldu. Bu da müəyyən mənada respublikaçıların mənafeyinə ziddi deyildi. Çünki bu partiya İranın ənənəvi müttəfiqidir.
Donald Tramp prezident seçiləcəyi halda ilk işinin İranla imzalanmış nüvə proqramı anlaşmasının ləğvi məsələsinin olduğunu dilə gətirsə də, heç şübhəsiz, bunun Tehrandakı hakimiyyətə bir təzyiq siqnalı olduğu da sirr deyil. Bunu həm də İranın Suriya ilə bağlı məsələlərin həllində mövqe dəyişikliyi etməsi kimi dəyərləndirmək mümkündür.
Qeyd edək ki, milyarder 2014-cü ilin iyulunda İranın atom-nüvə problemi ilə bağlı əldə edilən razılaşmanı "tam bir fəlakət" adlandırmışdı. O, müqaviləni həm ABŞ, həm İsrail, həm də Orta Şərq üçün tam bir uğursuzluq hesab etmişdi. Tramp İranla bu anlaşmanı İsrailin başına gələn ən pis hadisə adlandırmışdı. Tramp açıqlamasında daha sonra demişdi: "İranın terror şəbəkəsini tamamilə çökdürəcəyik. Güclü və böyük şəbəkələri var, ancaq biz daha güclüyük” .
Yeni seçilən respublikaçı prezidentin başqa vədlərindən söz açmaq istəməzdik. Çünki o, vəzifəsinin icarasına başlayanda yeni dövlət proqramı ilə çıxış edəcək. Düzdür, orada seçkiqabağı vədlərin müəyyən hissəsi öz əksini tapacaq. Ancaq Tramp beynəlxaq siyasətlə bağlı ABŞ-ın yeni siyasi kursunun ifaçısı, icraçısı olacaq.
Hillari Klintonu partiyadaşı və prezident Barak Obama da xilas edə bilmədi. O, Hillari Klintona dəstək mitinqində çıxışı zamanı bildirmişdi ki, hakimiyyəti dövründə ABŞ dünyada daha güclü və hörmətli ölkəyə çevrilib. Barak Obama xüsusilə səhiyyə sahəsində aparılan islahatlar nəticəsində 20 milyondan çox amerikalının tibbi sığorta almaq imkanı əldə etməsinə diqqət yönəldib: "Biz xaricdən daha çox hərbi qulluqçumuzu evə qaytarmışıq. Biz Üsamə bin Ladeni məhv etmişik. Amerika dünyada daha güclü və daha hörmətli olub".
"Noyabrın 8-də keçiriləcək seçkidə amerikalıların bizim uğurumuzu möhkəmləndirəcək ağıllı və sabit prezidentə səs vermək imkanı var. Mən ümid edirəm ki, çərşənbə axşamı siz qorxunu rədd edib, ümidi seçəcəksiniz", - deyə Hillari Klintondan danışan Obama qeyd etmişdi.
Müşahidəçilərə görə, keçmiş dövlət katibinin uduzmasında əsas rolu elektron poçtundakı gizli məktublar oynayıb. Seçkiyə üç gün qalmış ABŞ-ın Federal Təhqiqat Bürosu (FTB) bildirdi ki, Hillari Klintonun elektron poçtundakı yazışmalarda heç bir cinayət faktına rast gəlinməyib. Qeyd edək ki, H.Klintonun dövlət katibi olduğu 2009-2013-cü illərdəki rəsmi yazışmaları ilə bağlı 2015-ci ilin avqustunda təhqiqat başlanılmışdı.
Gənclər və qadınlar Klintonun namizədliyini zəif dəstəkləyiblər.
Beləliklə, ABŞ dünyaya siyasətdə tanınmayan yeni adamı prezident etdi. Ancaq onun ölkəsinin xarici və daxili siyasəti ilə bağlı əsas hədəflərindən kənara çıxaraq yeni xətt cızacağı, yaxud onu dəyişdirəcəyi gözlənilmir. Yəni Tramp fərd olaraq çətin belə bir təşəbbüs göstərə.
Qeyd edək ki, Barak Obama “Dəyişək” şüarı iıə çıxış edirdi. Bu dəyişiklik ərəb dövlətlərinə baha başa gəlsə də, Barak Obama səhiyyədə islahat qanununun yekun variantını imzaladı. Bu gün imzalanma mərasimində Obama bildirib ki, bu qanun səhiyyə sığortası və ali təhsil sahəsində islahatlar üçün bir əsas olacaq. Qanun 32 milyon ABŞ vətəndaşına səhiyyə sığortası verilməsini nəzərdə tutur.
D.Trampın seçkiqabağı şüarı “Yenidən böyük Amerika yarat!” (“Make America Great Again!) idi. Oxşar şüarı 1980-ci ildə Ronald Reyqan da seçki kampaniyalarında istifadə etmişdi. R.Reyqan da dünyada artist-prezident kimi tanındı və keçmiş SSRİ-nin qəbirqazanı kimi tarixdə qalacaq. Bir də Klintonun beynəlxalq siyasətdə atacağı addımların çoxu bilinirdi. Ən azı onun Obamanın siyasi kursunu davam etdirəcəyi istisna olunmurdu. Bu baxımdan Trampdan sürpriz gözləmək olar. Ona görə nəzərə almaq lazımdır ki, dünyanın təhlükəsizliyi düyməsinin biri həm də onun barmağı altında olacaq...